...

CAR-ın Daxili İşlər Nazirliyi Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlığa hazırdır

Siyasət Materials 13 Fevral 2012 18:52 (UTC +04:00)
Azərbaycanın Cənubi Afrika Respublikasındakı (CAR) səfiri Elxan Poluxov Keyp Taun şəhərinə işgüzar səfəri çərçivəsində CAR-ın daxili işlər naziri xanım Nkosazana Dlamini-Zuma ilə görüş keçirib.
CAR-ın Daxili İşlər Nazirliyi Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlığa hazırdır

Azərbaycan, Bakı, 13 fevral /Trend/

Azərbaycanın Cənubi Afrika Respublikasındakı (CAR) səfiri Elxan Poluxov Keyp Taun şəhərinə işgüzar səfəri çərçivəsində CAR-ın daxili işlər naziri xanım Nkosazana Dlamini-Zuma ilə görüş keçirib.

XİN-in mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycanın keçdiyi uğurlu yol barədə danışan səfir, CAR ilə Azərbaycan arasında oxşarlığın olduğunu vurğulayıb. Hər iki ölkənin demək olar ki, eyni tarixi dövrdə, 1990-cı illərin əvvəllərində yeni siyasi sistemə keçməyə müvəffəq olduğunu və bunun üçün uzun və çətin yol keçdiklərini qeyd edən Poluxov, gənc respublikaların müstəqilliklərini qoruyub saxlamaq üçün davamlı mübarizə apardıqlarını deyib.

Azərbaycan-CAR münasibətlərinin inkişafı üçün böyük potensialın olduğunu və bunun səmərəli istifadəsinin vacibliyindən danışan Poluxov, Dlamini-Zumanı azərbaycanlı həmkarları ilə əlaqələrin yaradılması və möhkəmlənməsinə dair addımlar atmağa çağırıb.

Öz növbəsində, Dlamini-Zuma Azərbaycanın Cənubi Qafqaz regionunda oynadığı vacib və həlledici rolu vurğulayaraq, CAR-da səfirliyin açılmasını yüksək qiymətləndirib. Rəhbərlik etdiyi nazirliyin vətəndaşların və əcnəbilərin qeydiyyatı, viza və əmək fəaliyyətinə dair icazələrin verilməsi, ölkədə seçkilərin keçirilməsi və bir sıra digər məsələlərlə məşğul olduğunu bildirən nazir Azərbaycanın müvafiq nazirlikləri ilə əməkdaşlıq etməyə hazır olduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti