Azərbaycan, Bakı, 16 fevral / Trend müxbir K.Zərbalıyeva/
Ukraynada yaşayan azərbaycanlılar Xocalı soyqırımı ilə bağlı Ukrayna parlamentinə, ATƏT, BMT və digər beynəlxalq təşkilatlara müraciət qəbul edib.
Müraciətdə ermənilərin Xocalı şəhərində azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırıma hüquqi siyasi qiymət verilməsi tələb olunur.
Ukrayna Azərbaycanlı Gənclər Birliyindən Trend-ə verilən məlumata görə, Birliyin, İslam Konfransı Gənclər Forumunun, Dünya Azərbaycanlıları Konqresinin Ukrayna nümayəndəliyinin birgə təşəbbüsü ilə Xocalı ayı çərçivəsində Xocalı qurbanlarının xatirəsinin anım mərasimi keçirilib.
Donetsk vilayətinin rəsmi nümayəndələrinin, diaspor fəallarının, jurnalistlərin, yerli və xarici tələbələrin qatıldığı mərasimdə Dünya Azərbaycanlıları Konqresinin Ukrayna nümayəndəliyinin rəhbəri Möhlət Hüseynov çıxış edərək, ermənilərin son 2 əsrdə Azərbaycanda həyata keçirdikləri soyqırım və işğalçılıq siyasətini tarixi faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırıb.
O, düşmənin 20 il bundan öncə Xocalı şəhərində törətdiyi kütləvi insan qırğınını xalqımıza yönəlik əsl soyqırım siyasəti adlandırıb.
Xocalı soyqrımını insanlığa yönəlik bəşəri cinayət adlandıran Azərbaycanın Ukraynadakı səfirliyinin 2-ci katibi Sabir Rzayev son illər "Xocalıya ədalət" kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində həyata keçirilən tədbirlərin erməni vəhşiliyinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadığını bildirib.
Sonra tədbirə qatılanlar Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş "Xocalı harayı" filminə baxıblar.
Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələrinin Xocalı şəhərinin yeddi minlik əhalisinə qarşı törətdiyi soyqırım aktı zamanı 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib.