Azərbaycan, Bakı, 17 fevral /Trend/
Azərbaycanın G20 sammitində iştirakı ölkənin beynəlxalq arenada uğurunun nəticəsidir. Bu barədə cümə günü Trend-ə Qərb Universitetinin professoru Fikrət Sadıxov bildirib.
"Azərbaycanın G20 sammitində iştirakı, heç şübhəsiz ki, ölkənin beynəlxalq arenada son illərdə qazandığı uğurunun, ölkənin qabaqcıl, həm də region dövlətləri ilə qurduğu münasibətlərin prioriteti ilə həm qlobal, həm də regional səviyyədə son illər həyata keçirdiyi xarici siyasət kursu - təmkinli, balanslaşdırılmış və tarazlaşdırılmış rolunun nəticəsidir", - Sadıxov qeyd edib.
Politoloqun fikrincə, Azərbaycanın belə nüfuzlu foruma dəvəti ölkənin Avropanın qabaqcıl dövlətlərinin enerji təhlükəsizliyində oynadığı vacib rolun tanınmasıdır.
O deyib ki, Azərbaycan faktiki olaraq vacib regional oyunçuya çevrilib, ölkədən Avropa dövlətlərinin təhlükəsizliyi, sabitliyi asılıdır və bu, çox vacib amildir.
"Düşünürəm ki, bu, həm Azərbaycanın real imkanlarının, həm də onun gələcəkdə aparacağı kursun, bütün siyasi fəaliyyətin qurulduğu prinsiplərin, ölkənin qabaqcıl dövlətlərlə qarşılıqlı münasibətlərdə rəhbər tutduğu prioritetlərin real qiymətidir. Bütün bunlar ölkəmizi dünya ictimaiyyətinin gözündə daha əhəmiyyətli edir və dünya siyasi məkanında çəkisini artırır", - politoloq deyib.
Qeyd edək ki, G20-yə üzv ölkələrlə yanaşı, iclasa 10 ölkə və bir təşkilat dəvət edilib: Afrika İttifaqı, Əlcəzair, Avstriya, Azərbaycan, Kamboca, Çili, Kolumbiya, Norveç, Sinqapur, İspaniya və BƏƏ.