...

Pakistanın mətbu orqanlarında Azərbaycan səfirinin Xocalı soyqırımına dair məqaləsi çap olunub

Siyasət Materials 23 Fevral 2012 11:52 (UTC +04:00)
Pakistanın mətbu orqanlarında Azərbaycan səfirinin Xocalı soyqırımına dair məqaləsi çap olunub
Pakistanın mətbu orqanlarında Azərbaycan səfirinin Xocalı soyqırımına dair məqaləsi çap olunub

Azərbaycan, Bakı, 23 fevral /Trend/

Tirajları bir milyonu keçən və ölkənin bütün əyalətlərində bölmələri fəaliyyət göstərən, habelə pakistanlıların sıx yaşadığı körfəz ölkələri və Böyük Britaniyada geniş oxucu kütləsinə malik olan "The News" və "Daily Times" qəzetlərinin bügünkü buraxılışlarında Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarovun "Xocalı soyqırımı-20 il" adlı məqaləsi dərc edilmişdir.

Səfirlikdən Trend-ə verilən məlumata görə, məqalədə Dağlıq Qarbağ regionunun tarixindən, ermənilərin Azərbaycana köçürülməsi və nəticə etibarı ilə torpaqlarımızda Ermənistan dövlətinin yaradılmasından bəhs edilmişdir. Səfir ermənilərin 20-ci əsrin axırlarından başlayaraq Azərbaycana qarşı qaldırdıqları torpaq iddialarından və apardıqları etnik təmizləmə siyasəti nəticəsində Ermənistandan üç yüz min azərbaycanlının qovulduğunu bildirmişdir. Şikarov Ermənistanın təcavüzü nəticəsində Dağlıq Qarabağ əyaləti və Azərbaycanın daha 7 rayonunun zəbt edildiyini, işğal nəticəsində 1 milyon insanın ata-baba yurdundan didərgin düşdüyünü, 20 min insanın qətlə yetirildiyini vurğulamışdır.

Yazıda bildirilmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında işğalın daha da geniş miqyas almasının qarşısı alınmış və 1994-ci ildə atəşkəs sazişi imzalanmışdır. .

Məqalədə 26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində baş vermiş hadisənin münaqişənin ən qanlı və faciəli səhifəsi olduğu qeyd olunmuşdur. Bildirilmişdir ki, Xocalı şəhəri uzun müddət mühasirədə saxlanılmış və orada yalnız mülki əhali olmuşdur. Yazıda Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı alayının köməyi ilə Xocalıda mülkü əhaliyə qarşı törətdiyi soyqırımın təfərrüatlarından, habelə uşaqlara, qadınlara, ahıllara qarşı edilmiş vəhşiliklərdən bəhs edilmişdir.

Şikarov Xocalıda baş vermiş hadisələrinin ermənilər tərəfindən Azərbaycanlılara qarşı törətdikləri birinci soyqırım olmadığını qeyd edərək, 1918-ci ildə erməni yaraqlılarının ölkəmizin Şamaxı, Bakı, Quba və digər şəhərlərində on minlərlə günahsız insanın qətlə yetirdiyini vurğulamışdır. Daha sonra səfir ermənilərin Azərbaycan ərazilərində monoetnik Ermənistanın yaradılması planının mərhələlərlə həyata keçirdiklərini, 1905-1948-cı illərdə yüz minlərlə azərbaycanlıların öz doğma torpaqlarından deportasiya olunması faktını bu planın ayrılmaz bir hissəsi olduğunu qeyd etmişdir.

Səfir Pakistanın Dağlıq-Qarabağ məsələsində Azərbaycanın mövqeyini tam dəstəklədiyini və işğalçı siyasətinə görə Ermənistanı bir dövlət kimi tanımadığını bildirərək, Xocalı hadisələrini soyqırım kimi tanıyan Pakistanın qanunverici orqanı olan Senata öz minnətdarlığını bildirmişdir.

Məqalə "ümidvaram ki, bütün sülhsevər xalqlar beynəlxalq hüququn ciddi pozulmasına və dinc əhaliyə qarşı edilmiş vəhşiliklərə qarşı öz səslərini ucaldaraq, Pakistanın atdığı addımdan nümunə götürəcək və Xocalı soyqırımını tanıyacaqlar" sözləri ilə yekunlaşmışdır.

Məqalənin tam mətnini aşağıdakı linklərdən oxumaq mümkündür:

http://www.thenews.com.pk/TodaysPrintDetail.aspx?ID=94144&Cat=6

http://www.dailytimes.com.pk/default.asp?page=2012%5C02%5C23%5Cstory_23-2-2012_pg7_32

Xəbər lenti

Xəbər lenti