...

Azərbaycan-Türkiyə nümayəndə heyətinin ABŞ-a səfəri çərçivəsində Kanzas ştatında görüşləri olub

Siyasət Materials 12 Mart 2012 15:14 (UTC +04:00)
Azərbaycan-Türkiyə nümayəndə heyətinin ABŞ-a səfəri çərçivəsində martın 6-da heyət üzvlərinin Kanzas ştatında görüşləri olub.
Azərbaycan-Türkiyə nümayəndə heyətinin ABŞ-a səfəri çərçivəsində Kanzas ştatında görüşləri olub

Azərbaycan, Bakı, 12 mart /Trend/

Azərbaycan-Türkiyə nümayəndə heyətinin ABŞ-a səfəri çərçivəsində martın 6-da heyət üzvlərinin Kanzas ştatında görüşləri olub. Kanzas Senatının prezidenti Stiv Morrislə görüş zamanı senator Türkiyə və Azərbaycana yüksək dostluq hisslərini ifadə edib.

Trend-in məlumatına görə, Türkiyə Böyük Millət Məclisinin 3 üzvü, TurkAz Şurasının prezidenti Kemal Öksüz və Amerika-Azərbaycan Cəmiyyətinin ABŞ-ın cənub-qərb regionu üzrə nümayəndəsi İradə Axundovanın iştirak etdikləri görüşdə ABŞ ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin bugünkü durumu və gələcək inkişaf perspektivləri ətraflı müzakirə edilib.

Nümayəndə heyətinin üzvləri senator Morrisi Azərbaycana səfərə dəvət ediblər. Dəvətə görə təşəkkürünü bildirən senator Kanzas Senatının bir neçə üzvü ilə birlikdə Azərbaycana böyük məmnuniyyətlə səfər edəcəyini bildirib.

Sonra qonaqları ştatın Nümayəndələr Palatasının spikeri Mayk Onil qəbul edib. Azərbaycan-ABŞ əlaqələrinin əhəmiyyətindən danışılan görüşün sonunda Azərbaycan nümayəndə heyəti Palata spikerinə xatirə hədiyyələri təqdim ediblər. Ştatın Nümayəndələr Palatasında keçirilən məhsuldar görüşlərdən sonra, Azərbaycan-Türkiyə nümayəndə heyətinin üzvləri Kommersiya Departamentində ölkədə kənd təsərrüfatı sahəsində tətbiq edilən yüksək texnologiyalarla tanış olublar.

Daha sonra Azərbaycan-Türkiyə nümayəndə heyətini Kanzas ştatının qubernatoru, ABŞ-ın keçmiş senatoru Sem Braunberq qəbul edib. Qonaqları salamlayan qubernator Braunberq Azərbaycanda ən azı 4 dəfə olduğunu qeyd edərək, ölkənin ABŞ-ın bölgədəki strateji tərəfdaşı olduğunu bildirib. İkitərəfli əlaqələrin inkişafının vacib olduğunu deyən qubernator, xüsusən kənd təsərrüfatı, qida məhsullarının konservləşdirilməsi və təhsil sahəsində əlaqələrin daha böyük potensiala malik olduğunu vurğulayıb.

Qubernatoru və onun xanımını Azərbaycana dəvət edən Amerika-Azərbaycan Cəmiyyətinin ABŞ-ın cənub-qərb regionu üzrə nümayəndəsi Axundova bu səfərin Azərbaycanla ABŞ-ın Kanzas ştatı arasında olan əlaqələri daha da möhkəmləndirəcəyinə əminliyini ifadə edib. Qubernator azərbaycanlı qonaqların hədiyyə etdiyi ABŞ və Azərbaycan bayraqlarından ibarət sancağı yaxasına taxıb.

Görüşlərdən sonra Türkiyə-Azərbaycan-Kanzas dostluq ziyafəti təşkil edilib. Ziyafətdə iştirak edən senatorlar və Nümayəndələr Palatasının üzvləri Azərbaycanla ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi münasibətilə hər iki dövləti təbrik edərək, Türkiyə, Azərbaycan və Kanzas ştatı arasında münasibətlərin inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Xəbər lenti

Xəbər lenti