Azərbaycan, Bakı, 23 mart /Trend, müxbir E.Tarıverdiyeva/
Gələcəkdə Azərbaycan Qərbin İranla bağlı siyasətində mühüm rol oynayacaq. Trend-in Ekspert Şurasının üzvü, Rusiya, Avrasiya problemləri və beynəlxalq enerji siyasəti üzrə "İrs" Fondunun aparıcı eksperti Ariel Koen belə hesab edir.
"Azərbaycan şiə ölkəsində dözümlülük əsasında qurulan unikal dünyəvi türk dövlət modelini nümayiş etdirir və o, əksəriyyəti müsəlman əhalidən ibarət olan digər ölkələr üçün mayak olmalıdır. Bundan başqa o, iri neft və qaz tədarükçüsüdür. Ona görə də İranda nə baş verirsə versin, Azərbaycan Birləşmiş Ştatların uzunmüddətli tərəfdaşı və dostu olaraq qalmalıdır", - Koen "The National Interest"də dərc olunun analitik məqaləsində yazır.
Müəllif qeyd edir ki, Bakının təhlükəsizliyi ABŞ-ın milli təhlükəsizliklə bağlı maraqları sırasına daxildir.
"Vaşinqton Qərbin Azərbaycan ilə əməkdaşlığı yoluna qoyması üzrə səylərində, xüsuilə də terrorizmlə mübarizədə, kəşfiyyatın qarşılıqlı fəaliyyətində və sərhədlərin təhlükəsizliyində lider rolu oynamalıdır", - Koen yazır.
Onun fikrincə, buna kömək etmək üçün Obama administrasiyasının Bakıda ABŞ səfiri postuna müvəqqəti təyinat müddəti 2011-ci ilin sonunda başa çatan Metyu Brayzanın əvvəzinə yeni güclü fiqur təyin etməsi lazımdır.
O yazır ki, Brayzanın təyinatına qədər Bakıda səfirin iqamətgahı bir ildən çox boş qalıb.
"Belə hərəkətlər dostlar qazanmağa və qazla zəngin olan ölkəyə təsir etməyə kömək etmir. ABŞ-ın Dağlıq Qarabağ məsələsində Azərbaycana və Ermənistana kömək etmək vaxtı artıq çoxdan çatıb. Bu bizə Azərbaycanı regionda tam dəyərli strateji tərəfdaşa çevirməyə imkan verəcək", - Koen yazır.
Koenin fikrincə, unikal coğrafi mövqeyi ilə Azərbaycan İran ətrafındakı vəziyyətdə də getdikcə mühüm rol oynayır.
"Təkcə bu il Azərbaycanın xüsusi xidmət orqanları İran casusları olduqları güman edilən Amerika biznesinə, Qərbin neft şirkətlərinə, İsrail diplomatlarına və yəhudi icmasının tanınmış şəxslərinə qarşı terror aktları planlaşdıran üç qrupu həbs edib", - Koen yazır.
Koenin fikrincə, İrana Azərbaycanın Türkiyə, habelə Birləşmiş Ştatlar, NATO və İsraillə əlaqələri fəal inkişaf etdirməsi də xoş gəlməyə bilər.
Birləşmiş Ştatlar və Qərb İsraili dəstəkləyərkən İranın nüvə silahı hazırlamasına mane ola biləcək sanksiyaların tətbiqi üzrə kampaniya təşkil ediblər. Müəllif yazır ki, indi sanksiyalar İran üçün ağrılı olub və bu, Tehranı daha da təhlükəli olmağa vadar edə bilər.
Ekspertin fikrincə, Azərbaycan regionda İran ətrafındakı vəziyyətin toxunduğu yeganə ölkə deyil. Ötən ay İran kəşfiyyatı Tbilisidə, hətta Dehli və Banqkokdakı İsrail obyektlərinə qarşı əməliyyatlar həyata keçiriblər.
"Ümumi maraqlar Azərbaycanla Qərb arasında əlaqələrin möhkəmlənməsinə gətirib çıxarıb. Məsələn, İsrail Azərbaycana 1,6 milyard dollarlıq silah tədarük edib, habelə, deyildiyi kimi, bu ölkədə pilotsuz təyyarələrin istehsalı üçün zavod tikir. Dağlıq Qarabağa görə Azərbaycanla çoxdan münaqişədə olan İranın müttəfiqi Ermənistan qəzəblidir. Çünki Qərb üçün Azərbaycan xüsusi əhəmiyyət kəsb edir", - Koen yazır.
Bununla yanaşı, o hesab edir ki, Bakının İrana qarşı əməliyyatlar üçün aviabazalar təklif edəcəyi son dərəcə az inandırıcıdır.