...

Siyavuş Novruzov: Müxalifətin dialoq aparmaq üçün potensialı yoxdur

Siyasət Materials 29 Mart 2012 12:58 (UTC +04:00)
Müxalifətin dialoq aparmaq üçün potensialı yoxdur. Trend-in məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov YAP-ın rəsmi saytına müsahibəsində deyib.
Siyavuş Novruzov: Müxalifətin dialoq aparmaq üçün potensialı yoxdur

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir E.Mehdiyev/

Müxalifətin dialoq aparmaq üçün potensialı yoxdur. Trend-in məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov YAP-ın rəsmi saytına müsahibəsində deyib.

Onun sözlərinə görə, müxalifət odur ki, iqtidara alternativ layihələr təqdim etsin, cəmiyyətlə dövlət arasında əgər hər hansı bir gərginlik varsa, onun aradan qaldırılması prosesində vasitəçi rolunu oynasın və yaxud da cəmiyyətin müəyyən fikrini iqtidara çatdırsın və s..

"Bunların isə nə cəmiyyətlə, nə insanlarla əlaqəsi var, nə ictimai ab-havanı bilirlər, nə Azərbaycanın regionlarında gedən proseslərdən xəbərləri var, nə ölkənin iqtisadi inkişafı barədə məlumatlıdırlar, nə də gündəlik məsələlərdən agahdırlar. Sadəcə olaraq, xaricdən bir mesaj gəlir, başlayırlar 1-2 bəyanat verməyə, daxildə də bunlar başlayır bəyanatla çıxış etməyə ki, onlarla bunlar dialoqa gəlmirlər", - Novruzov bildirib.

O vurğulayıb ki, Parlamentdə təmsil olunan partiyalarla çoxlu sayda birgə müzakirələr olub.

Onun sözlərinə görə, bu yaxınlarda Xocalı soyqırımının tanıdılması ilə əlaqədar təbliğatın hansı istiqamətdə aparılmasının məqsədəuyğunluğu, hüququ əsasları, indiyədək bu sahədə görülən işlər və irəlidə görülməsi vacib olan məsələlər, diaspor təşkilatlarının funksiyalarına dair müzakirələrdə parlamentdə təmsil olunan bütün partiyalar (birtərəf, ictimaiyyət nümayəndələri) iştirak edib.

"Biz hamısını dəvət etmişdik. Gəlmədilər. Çünki bunlar üçün maraqlı deyil. İkinci bir tərəfdən, axı gəlsə nəsə deməlidi. Sual olunacaq ki, bəs sən nə etmisən bu istiqamətdə. Nə cavab verəcək? Deyəcək ki, iqtidara gündə bir namə göndərirəm?!", - millət vəkili qeyd edib.

Novruzov deyib ki, bunların bəzilərinin yazıları öyrədilmiş şəkildə xarici mətbuatda çıxır. Bir kəlimə orada Dağlıq Qarabağ, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi barədə fakt göstərilmir, bir kəlimə Xocalı soyqırımı haqqında məlumat verilmir.

"Ancaq Azərbaycan iqtidarının müzakirəsi gedir. Əgər sən beynəlxalq mətbuata çıxırsansa, bir kəlimə də Azərbaycanın qlobal problemlərindən danış. Amma etmirlər, çünki o mətbuat Azərbaycana təzyiqlər göstərməkdə maraqlı mətbuatdır və dövlətə təzyiq göstərmək istəyir", - Novruzov vurğulayıb.

Onun sözlərinə görə, YAP dəfərlərlə bəyan edib ki, istənilən diskussiyaya hazırdır.

"Bizim buna potensialımız var. Bizim əlimizdə faktlar, gördüyümüz işlər var. Onlar ortaya nə qoyacaq, mən onu başa düşmürəm", - Novruzov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti