...

Hakim partiya: Azərbaycan-Rusiya münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

Siyasət Materials 5 Aprel 2012 16:00 (UTC +04:00)
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Cənubi Qafqazın iki dövlətinə səfər etməsi bu bölgədə gedən proseslərlə bağlıdır, eyni zamanda, ikitərəfli əlaqələri özündə əks etdirir.
Hakim partiya: Azərbaycan-Rusiya münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir E.Mehdiyev/

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Cənubi Qafqazın iki dövlətinə səfər etməsi bu bölgədə gedən proseslərlə bağlıdır, eyni zamanda, ikitərəfli əlaqələri özündə əks etdirir. Trend-in məlumatına görə, bu fikirləri hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına açıqlamasında YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

"Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasətində Rusiya ilə münasibətlər önəmli yer tutur. Rusiya bölgənin böyük dövlətidir, həm iqtisadi, həm də siyasi baxımdan onun nəinki regionumuzda, bütövlükdə Avrasiya məkanında təsir imkanları var. Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq səviyyəsində münasibətlər mövcuddur", - Qurbanlı bildirib.

Onun sözlərinə görə, münasibətlərimiz iqtisadi, humanitar və digər sahələrdə daim inkişaf edir, bundan sonra da inkişaf edəcək.

"Azərbaycan bölgənin aparıcı dövlətidir. Ölkəmiz burada həyata keçirilən layihələrdə fəal iştirak edir və onun razılığı, iştirakı olmadan hansısa layihəni reallaşdırmaq mümkün deyil. Lavrovun səfəri çərçivəsində aparılan danışıqlar göstərir ki, Rusiya-Azərbaycan münasibətləri inkişaf edir. Xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində müzakirələr diqqəti cəlb edir. Bizim üçün önəmli məsələ Dağlıq Qarabağ problemi ilə bağlı Rusiyanın mövqeyində olan yeniliklərdir. Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir. Sergey Lavrovun həm Yerevanda, həm də Bakıda verdiyi bəyanatlar onu göstərir ki, Rusiya sülh prosesini bundan sonra da dəstəkləyəcək və danışıqların intensivləşməsinin tərəfdarıdır. Bu gün Rusiyada prezident seçkilərindən sonra hakimiyyəti yeni dövlət başçısına təhvil vermək prosesi gedir. Vladimir Putin öz vəzifəsinə başladıqda təbii ki, Cənubi Qafqazda bu münaqişə ilə əlaqədar Rusiyanın siyasətində daha böyük və intensiv dəyişikliklər müşahidə edə biləcəyik", - YAP icra katibinin müavini vurğulayıb.

Qurbanlı qeyd edib ki, Lavrovun səfəri Rusiyanın bu bölgədəki siyasətinin növbəti mərhələdəki cizgilərini özündə əks etdirir.

Onun fikrincə, səfər çərçivəsində Rusiya xarici işlər nazirinin Azərbaycan Prezidenti ilə apardığı danışıqlar və digər görüşləri zamanı müzakirə olunan məsələlər münasibətlərimizin keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyduğuna işarədir. YAP icra katibinin müavini Azərbaycanla Rusiya arasında Xəzər dənizinin statusu, enerji məsələləri, Qəbələ RLS-in istifadəsi ilə əlaqədar müzakirələrin getdiyini xatırladıb.

Qurbanlı hesab edir ki, bu baxımdan Lavrovun ölkəmizə səfəri zamanı aparılan danışıqlar əhəmiyyətlidir.

Xəbər lenti

Xəbər lenti