...

TÜRKPA-nın III plenar sessiyasının tarixi və gündəliyi təsdiqlənib

Siyasət Materials 17 Aprel 2012 14:27 (UTC +04:00)
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) III plenar sessiyasının tarixi və gündəliyi təsdiqlənib.
TÜRKPA-nın III plenar sessiyasının tarixi və gündəliyi təsdiqlənib

Azərbaycan, Bakı, 17 aprel / Trend müxbir M.Əliyev/

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) III plenar sessiyasının tarixi və gündəliyi təsdiqlənib.

Təşkilatın baş katibi Ramil Həsənov çərşənbə axşamı Trend-ə bildirib ki, sessiya 14-15 iyun tarixlərində Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək. Onun sözlərinə görə, sessiya çərçivəsində qurumun komissiyalarının ötən vaxt ərzində qəbul etdiyi qərarlar, hesabatlar təsdiq olunacaq.

Həsənov deyib ki, həmçinin sessiya zamanı TÜRKPA-nın müşahidəçilər missiyasının Qazaxstan, Türkiyə və Qırğızıstanda keçirilmiş seçkilərlə bağlı rəyləri müzakirəyə çıxarılacaq.

Bişkek sessiyasında qurumun beynəlxalq təşkilatlarla əməkdaşlığı müzakirə olunacaq və bu əməkdaşlığın gələcəkdə davam etdirilməsinin əsas istiqamətləri müəyyən ediləcək. Sessiyada baş katibin TÜRKPA-nın 2011-ci il və 2012-ci ilin ilk yarısı üçün hesabatı dinləniləcək, həmçinin qeyd olunan dövr üçün maliyyə hesabatı təqdim olunacaq.

"Sessiyanın əsas sənədi kimi TÜRKPA-ya üzv olan dörd ölkənin mənafeyinə xidmət edən Bişkek deklarasiyası qəbul olunacaq", - baş katib deyib.

TÜRKPA 2009-cu ildə Bakıda təsis olunub. Təşkilatın katibliyi Bakıda yerləşir. Katiblik baş katib, onun Türkiyədən və Qazaxıstandan olan müavinləri və ekspert qrupundan ibarətdir.

Təşkilatda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan təmsil olunur.

Qurumun əsas məqsədi türkdilli ölkələr arasında əlaqələrin gücləndirilməsi, qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması və digər məsələlərin həyata keçirilməsindən ibarətdir.

Xəbər lenti

Xəbər lenti