...

Milli Olimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi keçiriləcək

Siyasət Materials 17 Aprel 2012 18:54 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi haqqında sərəncam imzalayıb.
Milli Olimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi keçiriləcək

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Milli Olimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi ölkəmizdə geniş qeyd olunsun.

Nazirlər Kabinetinə Milli Olimpiya Komitəsi ilə birlikdə yubiley tədbirləri planı hazırlayıb həyata keçirmək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

2012-ci ildə Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin yaradılmasının 20 ili tamam olur.

Azərbaycan Respublikası dövlət müstəqilliyinin bərpasına nail olduqdan sonra öz idman potensialını tam nümayiş etdirmək imkanı qazanıb. Son üç olimpiadada idmançılarımızın 15 medala layiq görülməsi ölkəmizin idman şöhrətini əhəmiyyətli dərəcədə artırıb. Ötən dövr ərzində Milli Olimpiya Komitəsi işini yalnız Olimpiya Oyunlarında iştirakla məhdudlaşdırmayıb, respublikada Olimpiya ideallarının bərqərar olması və idmanın hərtərəfli, ahəngdar inkişafı naminə səmərəli fəaliyyət göstərib.

Milli Olimpiya Komitəsi idmanın maddi-texniki bazasının genişləndirilməsi və müasirləşdirilməsi istiqamətində böyük uğurlar əldə edib. 2000-ci ildən bəri ölkədə 34 olimpiya idman kompleksi və bir sıra ixtisaslaşmış idman qurğuları tikilib istifadəyə verilib, mövcud idman obyektləri yenidən qurulub.

İdmançılarımızın Olimpiya Oyunlarındakı nailiyyətləri, mötəbər idman yarışlarının keçirilməsində toplanmış təcrübə və beynəlxalq əlaqələrin yüksək səviyyədə qurulması Milli Olimpiya Komitəsini qitə olimpiya qurumlarının ön sıralarına çıxarmaqla nüfuzlu təşkilata çevirib, Azərbaycanı dünyanın idman mərkəzlərindən biri olaraq tanıdıb. Respublikamızın paytaxtı Bakı şəhəri 2020-ci il Olimpiya Oyunlarının keçirilməsi üçün namizədliyini irəli sürmüş və iddiaçı şəhər kimi qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti