...

Əli Əhmədov: Azərbaycan cəmiyyəti çoxdan indiki müxalifətdən əlini üzüb

Siyasət Materials 24 Aprel 2012 14:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan cəmiyyəti çoxdan indiki müxalifətdən əlini üzüb. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov deyib.

"İctimai Palata iki mitinq keçirdi, onda nə oldu ki, mayın 6-da keçirəcəyi mitinqdə də nə olsun? Müxalifət özünə bir məşğuliyyət tapa bilmir. Müxalifətin işindən biri də etiraz aksiyalarının keçirilməsidir. Ancaq onlar qəbul etmək istəmirlər ki, Azərbaycan cəmiyyəti çoxdan əlini indiki müxalifətdən üzüb", - Əhmədov əlavə edib.

Onun sözlərinə görə, çünki bu müxalifət 20 ildir yerində gəzir, gedib 5-10 adamı yığıb mitinq keçirir və eyni şeyləri təkrarlayır.

"20 ildə Azərbaycan çox dəyişib, amma dəyişməyən bir şey var, o da müxalifətdir. 20 il bundan əvvəl necə idilərsə, indi də elədirlər, 20 il əvvəl kimlər idisə, indi də onlardır. Azərbaycan cəmiyyəti iqtidarın apardığı siyasətin faydasını görür və ona görə də hakimiyyəti dəstəkləyir. Müxalifətə isə insanların heç bir inamı qalmayıb, əgər qalsaydı, onlar da bir az dəyişərdi, mövqeləri güclənərdi, əksinə mövqeləri gündən-günə zəifləyir. Keçirdikləri aksiyalar bunun bariz nümunəsidir. 30-40 partiyanın keçirdiyi mitinqdə 1000-1500 adam iştirak edir, onlar da öz ailələrindən, funksionerlərindən ibarət olur", - Əhmədov bildirib.

Xəbər lenti

Xəbər lenti