...

Azərbaycan və Pakistan arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Siyasət Materials 27 Aprel 2012 10:21 (UTC +04:00)
Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov aprelin 26-da bu ölkənin Senatının yeni seçilmiş sədri Səyid Nayyar Buxari ilə görüşüb.
Azərbaycan və Pakistan arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov aprelin 26-da bu ölkənin Senatının yeni seçilmiş sədri Səyid Nayyar Buxari ilə görüşüb.

Azərbaycanın Pakistandakı səfirliyindən cümə günü Trend-ə verilən məlumata görə, görüş zamanı Şikarov Azərbaycan-Pakistan münasibətlərinin siyasi, iqtisadi və humanitar aspektlərindən söz açıb, Pakistanın Dağlıq Qarabağ məsələsində ölkəmizə verdiyi dəstəyə və Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanı bir dövlət kimi tanımadığına görə həmsöhbətinə öz minnətdarlığını bildirib.

Səfir Senat tərəfindən Xocalı soyqırımını tanıyan və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamənin qəbul edilməsini Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirdiyini qeyd edərək, Pakistanın beynəlxalq hüquq prinsiplərinə sadiqliyini və Azərbaycana olan qardaşlıq münasibətini bir daha nümayiş etdirdiyini bildirib.

Şikarov Azərbaycanın daxili və xarici siyasətində əldə etdiyi uğurlardan, ölkədə aparılan yenidənqurma işləri və iqtisadi islahatlardan, "Eurovision" mahnı müsabiqəsinə gedən hazırlıq işlərindən danışıb.

Heydər Əliyev Fondunun ölkəmizdə və xaricdə həyata keçirdiyi genişmiqyaslı layihələrə toxunan səfir Azərbaycanın birinci xanımı, millət vəkili, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Pakistanda kimsəsiz və yoxsullar üçün humanitar layihələr proqramını həyata keçirdiyini bildirib.

Pakistan Senatının sədri Səyid Nayar Buxari ölkəsinin Azərbaycanı Dağlıq Qarabağ məsələsində tam dəstəklədiyini və bunun işğal olunmuş torpaqların tam azad olunana qədər davam edəcəyini qeyd edib.

İki ölkə arasında iqtisadi əməkdaşlıq üçün geniş imkanların olduğunu geyd edən sədr, Azərbaycanla Pakistan arasında müdafiə sənayesi, enerji, yüngül sənaye, əczaçılıq, kənd təsərrüfatı və informasiya texnologiyaları sahələrində əməkdaşlıq imkanlarından söz açıb.

Görüşün sonunda səfir Pakistanda urdu dilində yeni çapdan çıxmış "Azərbaycan - Odlar Yurdu" adlı kitabı Senatının sədrinə təqdim edib.

Xəbər lenti

Xəbər lenti