...

Azərbaycanın və Cənubi Afrikanın BMT yanında daimi nümayəndəlikləri "dəyirmi masa" keçiriblər

Siyasət Materials 28 Aprel 2012 01:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel /Trend/

Cümə günü Azərbaycanın və Cənubi Afrikanın BMT yanında daimi nümayəndəliklərinin Beynəlxalq Sülh İnstitutu ilə birgə təşkil etdiyi "Afrikada münaqişələrin qarşısının alınması, əvvəlcədən xəbərdarlıq və cavab sistemlərinin rolu" mövzusunda dəyirmi masa keçirilib.

Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyindən Trend-ə verilən məlumata görə, tədbirin məqsədi Afrika bölgəsində münaqişəyə gətirib çıxaran səbəblərin əvvəlcədən qiymətləndirilməsi sistemlərinin gücləndirilməsi üçün görülməli olan tədbirlərin nəzərdən keçirilməsindən ibarət olub.

Bu tədbir Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəliklərinin və Beynəlxalq Sülh İnstitutunun nümayəndələrinin, Birləşmiş Millətlər Təşkilatı, Afrika İttifaqı və Addis Ababada fəaliyyət göstərən təhlükəsizlik üzrə təhqiqat İnstitutundan olan qonaqların iştirakı ilə keçirilib.

Azərbaycanın BMT yanında daimi nümayəndəsi Aqşın Mehdiyev açılış nitqində ölkəmiz tərəfindən Afrika İttifaqı və bu təşkilatın üzv dövlətləri ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi və Afrikada humanitar böhranların aradan qaldırılması üçün müvafiq yardımların nəzərdən keçirilməsi istiqamətində səylərin göstərildiyini vurğulayıb.

Mehdiyev Ermənistanın işğalçı siyasətindən əziyyət çəkən ölkə kimi Azərbaycanın münaqişələrin qarşısının alınması, onların tez bir zamanda həll edilməsi vacibliyini yaxşı başa düşdüyünü və Afrika dövlətlərini narahat edən məsələlərin və qarşılaşdıqları təhdidlərin aradan qaldırılmasına xüsusi diqqət yetirdiyini bildirib. O, beynəlxalq içtimaiyyətin bu problemlərə diqqətin cəlb edilməsində səylərimizin davam etdiriləcəyini qeyd edib.

Mehdiyev onu da bildirib ki, Afrika ölkələri ilə qarşılıqlı maraq kəsb edən münasibətlərin gücləndirilməsi, uzun müddətli əməkdaşlığın əsasının qoyulması və bu regionda təmsilçiliyimizin təmin edilməsi məqsədilə ölkəmiz tərəfindən Afrika İttifaqında müşahidəçi statusunu əldə etmiş və bu siyasətin davamı olaraq, Cənubi Afrikada səfirlik açmışdır.

Tədbirin sonunda səylərin birləşdirilməsi və potensiyalın gücləndirilməsi vacibliyi qeyd olunaraq müzakirələr zamanı qaldırılan məsələlərin gündəmdə saxlanılması tövsiyə edilib.

Xəbər lenti

Xəbər lenti