...

ABŞ-ın Əfqanıstandakı böyük ümidləri

Siyasət Materials 3 May 2012 15:02 (UTC +04:00)
ABŞ-ın Əfqanıstandakı böyük ümidləri
ABŞ-ın Əfqanıstandakı böyük ümidləri

Arzu Nağıyev, Trend-in icmalçısı

Mayın 1-dən 2-nə keçən gecə ABŞ Prezidenti Barak Obama elan edilmədən Əfqanıstana səfər edib. Səfərin tarixi "Əl-Qaidə" terror şəbəkəsinin lideri Üsamə bin Ladenin Pakistanın Abbottabad şəhərində ABŞ-ın xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyatlar nəticəsində öldürülməsinin ildönümü ilə üst-üstə düşür.

Barak Obama səfər çərçivəsində Əfqanıstanın hakimiyyət orqanları və ABŞ-ın Bəhram hərbi bazasındakı hərbiçilərlə görüşüb və hər iki görüşdə ABŞ qoşunlarının növbəti iki il ərzində regionu tərk edəcəyini bəyan edib.

Əfqanıstan Prezidenti ilə görüş vaxtı Obama və Kərzay arasında 2014-cü ildə Əfqanıstanda ABŞ qoşunlarının çıxarılmasından sonra iki ölkə arasında strateji əməkdaşlıq haqqında Saziş imzalanıb. Həmin saziş 2024-cü ilə qədərki dövrü əhatə edir. Müqavilənin şərtlərinə uyğun olaraq, ABŞ regional əməkdaşlığın inkişafında, demokratik dəyərlər və təhlükəsizliyin qorunması sahəsində Əfqanıstana iqtisadi və sosial dəstək verəcək və dövlət hakimiyyətinin möhkəmlənməsinə yardım edəcək.

Tərəflərin xarici işlər nazirləri və ya onların səlahiyyətli nümayəndələrinin rəhbərlik edəcəyi və hər altı aydan bir toplanacaq Əfqanıstan-Amerika ikitərəfli komissiyası təşkil olunacaq və onlar bu müqavilənin icrasına nəzarət edəcəklər.

Obama üçün Əfqanıstanla bağlanmış müqavilə və Bəhram hərbi bazasındakı çıxışı Ağ Ev uğrunda mübarizədə öz aktivinə yazacağı uğur kimi də qiymətləndirilə bilər. Belə ki, onun seçkiqabağı kampaniyasının rəsmi açılışından dörd gün əvvəl Kabilə səfəri heç də təsadüfi deyil. Yəqin ki, təşkil ediləcək mitinqlərdə ABŞ vətəndaşlarını daha çox narahat edən mövzulardan biri də Əfqanıstanda gedən müharibə və onun dayandırılmasında hazırkı dövlət başçısının yeritdiyi siyasətdir.

Bu səfərdən bir daha aydın olur ki, ABŞ-ın regionda iştirakı praktiki olaraq həll edilib, lakin rəsmilərin bəyanatlarına baxmayaraq, hələ də açıq qalan sual bu iştirakın hansı məsələnin həllinə yönəldiləcəyidir. Ekspertlərin rəyinə görə, məqsəd regionda tək Rusiyanın maraqları deyil, eyni zamanda, 10-15 ildən sonra ABŞ-a qarşı Çinin böyük maneəyə çevirilməsinin qarşısını almaqdır.

Regionda hərbi maraqlardan başqa iqtisadi maraqların da əhəmiyyət kəsb etdiyi aydın görünməyə başlayır.

Bu ərəfədə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi, Geoloji xidməti, Pentaqon və Əfqanıstanın Dağ-mədən Sənayesi Nazirliyi birgə bəyanat yayıb.

Sənədə görə, ölkədə olan faydalı mineralların - dəmir, kobalt, qızıl, mis və s. böyük yataqlarının ümumi dəyəri təxminən 1 trilyon dollar məbləğində qiymətləndirilir. Əfqanıstanın təbii ehtiyatlarla zəngin olduğu əvvəllər bilinsə də, birinci dəfədir ki, onun ehtiyatları qiymətləndirilir.

Təbii resursların arasında Əfqanıstan ərazisində litium metalının olması xüsusi əhəmiyyət daşıyır. Bu metal müxtəlif məhsulların - - mobil telefon, noutbuk - istehsalında, dünya avtomobil sənayesində elektromobil istehsalı üçün istifadə olunan batareyaların hazırlanmasında istifadə olunur və dünya miqyaslı böyük şirkətləri maraqlandırır.

Bununla belə, Əfqanıstanın mineral ehtiyatlarının ən çox hissəsi "Taliban" hərəkatı və ya rəsmi hökumətə tabe olmayan müxtəlif səhra komandirləri tərəfindən nəzarət olunan ərazilərdədir.

Həmin təbii ehtiyatlar olan yataqları ələ keçirmək üçün isə bir sıra hərbi əməliyyatların keçirilməsi və ya bu regionlara nəzarət edən qüvvələrlə sülh müqaviləsi bağlamaq zəruridir.

Xəbər lenti

Xəbər lenti