Arzu Nağıyev - Trend-in icmalçısı
Ermənistanda cari parlament seçkiləri əvvəlki illərdə olduğundan daha da biabırçı və çirkin şəraitdə keçib.
Seçkilərə iki gün qalmış prezidentin partiyası tərəfindən təşkil edilmiş konsert zamanı səhnədə beş min hava şarının partlaması nəticəsində 94 nəfər müxtəlif dərəcəli yanıq xəsarəti alıb və seçki günündə 78 nəfər xəstəxanada olub və onlardan 17 nəfərin vəziyyəti ağırdır. Buna baxmayaraq, insan iztirabını nəzərə almayan və buna öyrəşmiş prezident, hətta öz çıxışını belə dayandırmayıb. Bu partlayışın siyasi motivli olub-olmaması isə vacib deyil, ancaq müxtəlif versiyaların irəli sürülməsi mümkündür.
Seçkilər vaxtı analoqu olmayan elə saxtalaşdırmalar baş verib ki, bunların ancaq və ancaq Ermənistanda fikirləşmək mümkündür. Seçki komissiyalarının nümayəndələri Böyük Britaniyadan gətirilmiş və tərkibində kalium-permanqanat olan, 12 saatdan sonra silinməsi nəzərdə tutulan, lakin 20-30 dəqiqə sonra asanlıqla silinən mürəkkəblə seçicilərin pasportlarına möhür vurur ki, həmin seçici bir neçə dəfə səs vermək imkanına malik olsun.
Seçki məntəqələrinin yaxınlığında yerli kriminal nüfuzlulardan təşkil edilmiş qruplar hədə-qorxu və ya rüşvət vermə ilə səsvermə prosesinə müdaxilə edir və heç bir icazələri olmadan sərbəst şəkildə məntəqələrə daxil olurdular. Eyni zamanda, Ermənistanda bir çox illərdən bəri yaşamayan, başqa dövlətlərin vətəndaşlığını qəbul edən, hətta dünyasını dəyişmiş şəxslərin də əvəzinə səs verənlər olub. Seçicilərə hər səs üçün 20-30 min dram (20-30 dollar) və ya mobil telefon rüşvət kimi təklif edilir və razılıq alınaraq verilirdi. Razılıq verməyənlər isə təhqir edilir və döyülürdülər. Narazı seçicilər isə bülletenləri korlamaq üçün müxtəlif şəxslərin, hətta dünya şöhrətli Hollivud ulduzlarının adlarını bülletenlərə əlavə edib, onların adları qarşısında səs verdikləri barədə qeydlər edirdilər.
May ayının 3-dən 5-dək Gürcüstan-Ermənistan dövlət sərhədini keçmiş vətəndaşların siyahısının təhlili göstərir ki, Cavaxetiyadan qanunsuz verilmiş Ermənistan pasportuna malik yüzlərlə erməni də avtobus korteji ilə müəyyən şəxslərin müşayiəti ilə parlament seçkilərində iqtidar partiyasına səs vermək üçün gətiriliblər.
Ermənistan qanunlarına görə, hətta imkanları məhdud olan şəxslər də mütləq məntəqəyə gəlməli və səs verməlidirlər ki, bundan da iqtidar partiyaları məharətlə istifadə edirlər. Seçki vaxtı reallığın əks etdirilməsinin qarşısını almaq üçün hakerlər tərəfindən Ermənistanda seçkilərin gedişini virtual şəkildə əks etdirən saytlara məqsədyönlü haker hücumları olub və həmin saytların fəaliyyəti dayandırılıb.
Bütün bu proseslər seçkidən sonra baş verə biləcək qarşıdurmaları qaçılmaz edir. Müxalif partiyalar 7 faizlik baryeri aşsalar, təmsil olunmaları ilə bağlı müəyyən proqnozlar da verilə bilər.
Məlumdur ki, 2008-ci ildəki seçkilərdən sonra baş vermiş qarşıdurmalarda və mitinqlərdə on nəfər ölmüş, yüzlərlə müxalifətçi həbs edilmişdi.
Mayın 6-da Ermənistanda keçirilən parlament seçkilərində, gözlənildiyi kimi, yenə də beş iqtidaryönlü - Respublika Partiyası, "Firavan Ermənistan", "Daşnaksütyun", "Qanun naminə" (Orinats Yerkir) və "İrs" partiyaları parlamentdə təmsil ediləcəklər və gələcəkdə hər hansı vacib dəyişikliklərin baş verəcəyini düşünmək düzgün olmazdı.
Ermənistan parlamentinin qarışıq seçki sistemi ilə seçilən 131 üzvü var, onlardan 41-i majoritar sistem, 90 nəfəri isə partiya siyahıları üzrə seçilmiş deputatlardır.
Nəticələr və beynəlxalq müşahidəçilərin rəylərinə uyğun olaraq nəyinsə dəyişdirilməsi inandırıcı deyil. Deməli, həmişə olduğu kimi, görüntü yaratmağa çalışsalar da, məzmun dəyişməyəcək.
Ermənistan: Analoqu olmayan parlament seçkiləri
Ermənistanda cari parlament seçkiləri əvvəlki illərdə olduğundan daha da biabırçı və çirkin şəraitdə keçib.
