Azərbaycan, Bakı, 14 may /Trend müxbir M.Əliyev/
Azərbaycan gəncləri bu ildən Avropa İttifaqının gənclərlə bağlı layihələrinə daha aktiv cəlb olunacaqlar. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı gənclər və idman nazirinin müavini İntiqam Babayev Avropa Komissiyasının "Gənclər Fəaliyyətdə" Proqramında gənclər təşkilatlarının iştirak səviyyəsinin artırılması" mövzusunda seminarda deyib.
Onun sözlərinə görə, bu ildən "Şərq tərəfdaşlığı" ölkələrinin gənclər hərəkatı çərçivəsində Azərbaycan gəncləri Aİ-nin maliyyələşdirdiyi layihələrə birbaşa çıxış əldə edəcəklər.
Babayev qeyd edib ki, qeyd olunan layihələr çərçivəsində daha çevik, məhsuldar əməkdaşlıq etmək üçün, daha çox layihələrdə iştirak müzakirə olunmalıdır.
"2007-ci ildən Azərbaycanın 40-dan çox təşkilatı Aİ-nin 120-dən çox layihəsində iştirak edib. Bu ildən isə bu, daha da genişləndiriləcək", - o bildirib.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Əməliyyatlar bölməsinin rəhbəri Frederika Berna seminarda çıxış edərək bildirib ki, "Gənclər Fəaliyyətdə" proqramı çərçivəsində daha çox layihələrin həyata keçirilməsinə şərait yaratmaq məqsədilə Azərbaycana daha çox maliyyə ayrılacaq.
"Son zamanlar Avropa İttifaqının bu proqramı qurumun gənclər siyasətinin prioritetinə çevrilib", - o vurğulayıb.
Berna qeyd edib ki, "Gənclər Fəaliyyətdə" proqramı Avropada mövcud olan maliyyə böhranı zamanı gənclərin məşğulluğuna yardım edib. "Proqramın əsas məqsədi gənclər arasında həmrəyliyin, tolerantlığın aşılanmasına yönəlib", - Aİ təmsilçisi qeyd edib.
Xarici İşlər Nazirliyinin Humanitar və sosial məsələlər şöbəsinin müdiri Fəxrəddin İsmayılov isə tədbirdə deyib ki, "Şərq tərəfdaşlığı" ölkələri ilə viza rejiminin sadələşdirilməsi gənclər arasında əlaqələrin inkişafına xidmət edəcək. İsmayılov Azərbaycan gənclərinin bəzən "Şərq tərəfdaşlığı" ölkələri ilə müqayisədə Aİ layihələrində passiv iştirak etdiyini bildirərək, bunu əsasən məlumatsızlıqla əlaqələndirib. O qeyd edib ki, "Gənclər fəaliyyətdə" proqramı ilə bu məsələ öz həllini tapacaq.