...

Əli Həsənov: Azərbaycan hakimiyyəti QHT-ləri özünün tərəfdaşı hesab edir

Siyasət Materials 31 May 2012 12:01 (UTC +04:00)
Azərbaycan hakimiyyəti bu gün QHT-ləri özünün tərəfdaşı hesab edir.
Əli Həsənov: Azərbaycan hakimiyyəti QHT-ləri özünün tərəfdaşı hesab edir

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir M.Əliyev/

Azərbaycan hakimiyyəti bu gün QHT-ləri özünün tərəfdaşı hesab edir. Bəzi sahələr var ki, həmin sahələrdə QHT-lərin fəaliyyəti vacibdir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının "Vətəndaş cəmiyyətinin inkişafında QHT-lərin rolu" mövzusunda təşkil etdiyi konfransda Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

"Müstəqilliyin ilk illərində QHT-lər siyasi bir struktur kimi qiymətləndirildi və 1998-ci ilə qədər QHT-lərlə hakimiyyət bir-birinə rəqib kimi baxırdılar. Lakin 1998-ci ildə Azərbaycanda qəbul olunan "Qrant haqqında" qanunla QHT-lər təşkilatlandı və hakimiyyətlə bərabər, vətəndaş həyatındakı rolu artmağa başladı", - Həsənov deyib.

PA rəsmisinin sözlərinə görə, Azərbaycan hökuməti artıq QHT-lərə sadəcə bir tərəfdaş kimi deyil, vətəndaş cəmiyyətinin inkişafında görülən işin icraçısı kimi baxır.

Onun sözlərinə görə, bununla bağlı Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradılıb.

"Heç bir QHT deyə bilməz ki, Azərbaycan hakimiyyəti onlara hansısa tapşırıqları verib, onların fəaliyyətini yönəldib. Bu barədə QHT-lər qarşısında üzümüz ağdı. Bəzi beynəlxalq QHT-lər - "Amnesty İnternational", "Human Rights Watchs", Norveç İnsan Haqları Təşkilatı Azərbaycanı sanki hansısa geridə qalmış Afrika ölkəsi hesab edirlər. Onlar düşünür ki, Azərbaycan KİV-ləri, QHT-ləri onların qulluqlarında durmalıdırlar. Azərbaycan xalqı hələ Avropa dövlətlərinin çoxundan qabaq demokratik dövlət qurub, qadınlara səsvermə hüququ verilib. 20 ildir ki, Azərbaycan dünyaya haqq səsini, qaçqın və köçkünlərinin səsini çatdırmaq istəyir. "Eurovision"a gələn hansısa o təşkilatlardan biri yazdımı ki, Azərbaycan 20 ildir qaçqınlara və köçkünlərə ev verib, Xəzər hövzəsində sivil cəmiyyət quruluşunu tətbiq edir", - Həsənov əlavə edib.

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev konfrans zamanı bildirib ki, hazırda Azərbaycanda ictimai əhəmiyyətli işlərin həllinə QHT-lər daha yaxından cəlb olunurlar. O qeyd edib ki, QHT-lərə Dövlət Dəstəyi Şurası növbəti dörd il üçün fəaliyyətinin strategiyasını hazırlamaq üçün işçi qrup yaradıb və bu strategiya da QHT-lərin vətəndaş cəmiyyətinin inkişafına töhfə verməsinə dəstək verəcək.

Sonra konfrans QHT rəhbərlərinin çıxışları ilə davam edib.

Konfransda vətəndaş cəmiyyətinin daha da möhkəmləndirilməsi ilə əlaqədar QHT-lərin qarşısında duran vəzifələr, QHT fəaliyyətinin səmərəsinin artırılması, QHT-lərin beynəlxalq əməkdaşlığının gücləndirilməsi və QHT-hökumət münasibətlərinin inkişafı ilə bağlı müzakirələr aparılıb.

Xəbər lenti

Xəbər lenti