...

İlham Əliyev: Azərbaycan milli maraqlarının qorunması üçün həm beynəlxalq arenada, həm bölgədə, həm də ölkə daxilində siyasətini davam etdirəcək (FOTO)

Siyasət Materials 21 İyun 2012 02:44 (UTC +04:00)
Çərşənbə günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib.
İlham Əliyev: Azərbaycan milli maraqlarının qorunması üçün həm beynəlxalq arenada, həm bölgədə, həm də ölkə daxilində siyasətini davam etdirəcək (FOTO)

Azərbaycan, Bakı, 21 iyun /Trend/

Çərşənbə günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib.

Dövlətimizin başçısı əvvəlcə Dövlət Proqramının birinci ili çərçivəsində Bakı şəhərində və ətraf qəsəbələrdə həyata keçirilən yenidənqurma tədbirlərini əks etdirən fotostendlərlə tanış oldu.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Dövlət Proqramının birinci ili çərçivəsində görülən işlər və nəzərdə tutulan layihələr barədə Azərbaycan Prezidenti İlham Əliyevə məlumat verdi.

Dövlətimizin başçısı konfransı giriş nitqi ilə açdı.

"Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı keçən ilin may ayında təsdiq edilmişdir. Keçən ilin mart ayında isə biz bu salonda gələcək Proqramın konturları haqqında geniş fikir mübadiləsi aparmışdıq. May ayında Proqram təsdiq olunmuş və icra edilməyə başlanmışdır. Deyə bilərəm ki, Bakı şəhərinin və onun qəsəbələrinin inkişafına dair bu Proqram birinci proqram deyildir. Birinci proqram 2005-ci ildə tərtib edilmişdir. 2005-ci ildə Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafını sürətləndirmək üçün konkret tədbirlər görülmüşdür. O tədbirlər 2006-2007-ci illəri əhatə edir. Bu da təbiidir, çünki bildiyiniz kimi, 2004-cü ildə regionların sosial-iqtisadi inkişafı Proqramı qəbul edilmişdir. Biz əsas diqqəti bölgələrin inkişafına yönəltmişdik. Eyni zamanda, Bakı şəhəri və onun qəsəbələri də diqqətdən kənarda qalmamalı idi. Yəni, bu məntiqi ardıcıllıq onu göstərir ki, ölkə qarşısında, bütün bölgələr qarşısında duran vəzifələr ardıcıllıqla və məqsədyönlü şəkildə öz həllini tapmaqdadır. Bakı şəhərinin inkişafına dair birinci Proqram qısamüddətli idi. Bu Proqramın icrası nəticəsində müəyyən işlər görüldü. Ancaq şəhər inkişaf edir, əhali artır. Ölkəmizin həm sənaye, həm iqtisadi potensialı artır. Qarşımıza yeni vəzifələr qoyulur. Beləliklə, bu, daimi proses olmalıdır və buna görə keçən il qarşıya yeni proqramın qəbul edilməsi məsələləri qoyuldu. Mən çox şadam ki, Proqramın təsdiq edilməsi günündən dərhal sonra qəsəbələrdə və Bakı şəhərində işlər daha da sürətlə getməyə başlamışdır. Bir daha demək istəyirəm ki, bu Proqram ümumi Azərbaycan dövlətinin, Azərbaycanın bölgələrinin sosial və iqtisadi inkişafının sürətləndirilməsi üçün qəbul edilmiş proqramdır. Bütövlükdə 2008-ci ildə hazırlanmış və 2009-cu ildə təsdiqlənmiş Azərbaycanın bütün bölgələrinin inkişafına dair Dövlət Proqramı 2013-cü ilə qədər hesablanıbdır. Beləliklə, mən əminəm ki, 2013-cü ilin sonuna qədər həm bölgələrdə, həm Bakı şəhərində və onun qəsəbələrində əsas sosial-iqtisadi və infrastruktur məsələləri öz həllini tapacaqdır. Qarşıya məhz belə vəzifə qoyulmuşdur. Əminəm ki, biz bu məqsədə çatacağıq, bu vəzifəni icra edəcəyik. Çünki bu günə qədər qarşımıza qoyduğumuz bütün vəzifələr keyfiyyətlə və vaxtında icra edilmişdir", deyə dövlət başçısı bildirib.

Onun sözlərinə görə, ölkəmizin ümumi iqtisadi inkişafı bizə belə böyük həcmli proqramların icrasına şərait yaradır.

"Bu iqtisadi inkişafı isə biz yaratmışıq, öz əməyimizlə, zəhmətimizlə, düşünülmüş siyasətlə. Əgər ölkəmizin ümumi sosial və iqtisadi göstəricilərini təhlil etsək görərik ki, son 8-9 il ərzində dünyada Azərbaycan kimi inkişaf edən ikinci ölkə yoxdur. Bütün iqtisadi göstəricilər buna dəlalət edir. Ölkənin iqtisadiyyatı üç dəfə artmışdır. Sənaye potensialı da üç dəfə artmışdır. Yoxsulluq beş dəfə azalmışdır. İşsizlik əhəmiyyətli dərəcədə azalmışdır və bu gün inkişaf etmiş ölkələrdə olan səviyyədən aşağıdır - 5,4 faizdir. Bu illər ərzində ölkəmizdə bir milyondan artıq iş yeri açılmışdır. Bu iş yerlərinin mütləq əksəriyyəti daimi iş yerləridir. Bu proqramların və təşəbbüslərin icrası nəticəsində ölkəmizin uğurlu inkişafına təkan verildi. Hazırda ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində konkret tədbirlər görülür. Bu tədbirlər öz səmərəsini verməkdədir. Beynəlxalq maliyyə qurumları, kredit reytinq agentlikləri Azərbaycandakı vəziyyəti çox müsbət qiymətləndirirlər. Onlar Azərbaycanda əldə edilmiş nailiyyətləri başqa ölkələr üçün də nümunə kimi təqdim edirlər. Bildiyiniz kimi, bir neçə ildir ki, dünyada maliyyə və iqtisadi böhran davam edir. Bu böhranın növbəti dalğası başlanmışdır. Ancaq nə 2008-2009-cu illərdə, nə də ki, indiki dövrdə Azərbaycanda bu böhranın fəsadları hiss edilmədi. Azərbaycan vətəndaşlarının maddi rifahı yüksəldi. Azərbaycanda maaşlar, pensiyalar, sosialyönümlü təşəbbüslər ildən-ilə artır, sovet vaxtından qalan əmanətlərin kompensasiya şəklində əhaliyə verilməsi məsələləri həll olunur. İnkişaf etmiş ölkələrdə böhran nəticəsində işsizlik, sosial ədalətsizlik artır, kütləvi iğtişaşlar artıq gündəlik xarakter almışdır. Kütləvi ixtisarlar baş verir. Əmək haqları, pensiyalar kəsilir. Azərbaycanda isə biz bunun əksini görürük. Azərbaycanda sürətli inkişaf, bütün sektorlarda müşahidə olunan canlanma, ildən-ilə sosial məsələlərin həllində əldə edilmiş uğurlar, pensiyaların, əmək haqlarının qaldırılması və keçən il pensiyaların əhəmiyyətli dərəcədə qaldırılması həm sosial ədalət prinsiplərinə uyğundur, eyni zamanda, insanların maddi rifahını yaxşılaşdırmaq üçün çox ciddi vasitədir", Prezident İlham Əliyev deyib.

Dövlət başçısının sözlərinə görə, bizim bu uğurların təməlində iqtisadi islahatlar dayanır.

"Bu iqtisadi islahatlar bizə imkan verir ki, istənilən sahədə konkret proqramları icra edək. Azərbaycanda icra edilən proqramların özəlliyi ondan ibarətdir ki, bu proqramlar konkret xarakter daşıyır. Bu, hansısa bir şüar xarakteri daşımır, yaxud da ki, təbliğat naminə qəbul edilmir. Hər bir proqramın təməlində konkret vəzifə, maddi resurslar, maliyyə resursları dayanır, əlbəttə ki, texniki imkanlar təhlil edilir. Bizim texniki imkanlarımız da genişlənir. Əlbəttə ki, proqramların icrasını insanlar təşkil edirlər. Əlbəttə, insanların həm peşəkarlığı, həm də ki, öz vəzifə borclarını şərəflə yerinə yetirmələri məsələləri daim diqqət mərkəzindədir. Mən deyə bilərəm ki, ölkəmizdə bütün proqramların tam əksəriyyəti uğurla icra edilir. Bizim gələcək iqtisadi inkişafımız çox müsbət olacaqdır. Çünki artıq əldə edilmiş təcrübə və nəticələr bunu deməyə əsas verir. Bizim strateji baxışlarımız da ölkəmizin hərtərəfli inkişafına yönəldilib. "Azərbaycan: 2020" Proqramı və Dövlət Konsepsiyası hazırlanmışdır. Eyni zamanda, 2013-2023-cü illəri əhatə edən gələcək inkişaf proqramının konturları artıq müəyyən edilibdir. Bir müddət bundan əvvəl mən qarşıya vəzifə qoymuşam ki, 2013-2023-cü illərdə Azərbaycanın ümumi daxili məhsulu qeyri-neft sektorunun hesabına iki dəfə artmalıdır. Bu, nəticə etibarilə Azərbaycanı yüksək gəlirli ölkələr sırasına daxil edəcəkdir. Vəzifə məhz belə qoyulub, Azərbaycan inkişaf etmiş ölkəyə çevrilməlidir. Qarşıya bu vəzifə qoyulub və biz bu vəzifəyə çatacağıq. Bir daha demək istəyirəm ki, ölkəmizin gələcək inkişafı ilə bağlı cəmiyyətdə də heç bir fikir ayrılığı yoxdur. Cəmiyyət, Azərbaycan vətəndaşları təşəbbüslərimizi dəstəkləyir, aparılan siyasəti bəyənirlər. Azərbaycanda hökm sürən sabitlik, vətəndaş həmrəyliyi, vətəndaş birliyi, iqtisadi inkişaf bizim ümumi siyasətimizin təzahürüdür. Siyasi sabitlik olmadan heç bir inkişafdan söhbət gedə bilməz. Ancaq inkişaf özlüyündə həm ölkənin güclənməsinə gətirib çıxarmalıdır, eyni zamanda, ilk növbədə insanların rifah halını yaxşılaşdırmalıdır. Bizdə, Azərbaycanda bu istiqamətdə işlər görülür", deyə İlham Əliyev bildirib.

Azərbaycan Prezidenti qeyd edib ki, iqtisadi islahatlar bəzi hallarda çox böyük çətinliklər gətirir. "Köklü iqtisadi islahatlar, xüsusilə böyük məhrumiyyətlərlə müşayiət olunur. Biz köklü iqtisadi islahatlar aparmışıq. Çünki biz planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid dövrünü uğurlu qət etmişik və sosial məsələlər bu müddət ərzində daim diqqət mərkəzində idi. İndi inkişaf etmiş ölkələrdə də, konseptual yanaşmalarda da müəyyən dəqiqləşmələr aparılır. Çünki sırf bazar iqtisadiyyatı prinsipləri bəzi hallarda insan amilini tamamilə kənara qoyur. Azərbaycanda isə həm bazar iqtisadiyyatı prinsipləri tam şəkildə bərqərar olunub və iqtisadiyyatımızın 83 faizi özəl sektorda formalaşır, həm də sosial proqramlar icra edilir. Yəni, demək istəyirəm ki, ölkəmizin gələcək iqtisadi inkişafı çox müsbət olacaq və bu, imkan verəcək ki, biz bütün proqramları vaxtında və böyük keyfiyyətlə icra edək. "Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı" artıq bir ildir ki, icra edilir. Ötən ilin may ayında Proqram təsdiqləndi və bu gün biz bir ildə görülən işlər haqqında danışacağıq. Deyə bilərəm ki, Proqram hazırlanarkən mən qəsəbələrdə dəfələrlə olmuşdum. Mən, ümumiyyətlə, mütəmadi qaydada həm bölgələrdə, həm Bakıda, Bakıətrafı qəsəbələrdə oluram, vəziyyətlə yerində tanış oluram. Amma o ərəfədə daha da sıx-sıx gedirdim. Çünki mən istəyirdim ki, bir daha vəziyyətlə yaxından tanış olum, insanların fikirlərini öyrənim və Proqramın tərkibində olan maddələr, onların müəyyən hissəsi yerlərdən gələn təkliflər əsasında oraya salınıb. Çünki qəsəbədə yaşayan insanlar daha yaxşı bilirlər ki, onların problemləri nədən ibarətdir və bu problemlər necə həll olunmalıdır. Əlbəttə ki, biz də bunu bilirdik. Ancaq dəqiqləşdirmə aparmaq üçün mən o ərəfədə daha da sıx-sıx gedirdim. Proqramda demək olar ki, yerlərdən gələn bütün təkliflər öz əksini tapmışdır. Proqram dərc edilmişdir və hər bir vətəndaş onunla tanış ola bilər. Ancaq bir ilin təcrübəsi onu göstərir ki, ortaya əlavə məsələlər çıxır. Bu məsələləri biz özümüz ortaya çıxardırıq. Çünki icra zamanı əlbəttə, müəyyən məsələlər çıxır ki, bir il bundan əvvəl bu məsələlər o qədər də aktual deyildi. Misal üçün, biz ilk növbədə qəzalı vəziyyətdə olan məktəblərin yenidən qurulması, tikilməsi məsələlərini qarşıya qoymuşduq. Ona görə hansı məktəb qəzalı vəziyyətədir, hansı məktəb qəzalı vəziyyətdə deyil, bunu müəyyən etmək o qədər də asan məsələ deyildir. İndi qəzalı məktəblərin məsələləri həll olunur, ancaq yaxşı təmir olunmayan məktəblərin bərpası məsələləri ortaya çıxır. Beləliklə, biz özümüz təklif veririk ki, bu məqsədlər üçün əlavə vəsait ayrılsın", deyə dövlət başçısı vurğulayıb.

Onun sözlərinə görə, uşaq bağçalarının təmir, tikintisi məsələləri həllini tapmaqdadır.

"Ancaq mən bu müddətdə də dəfələrlə uşaq bağçalarında olmuşam və görürəm ki, artıq uşaqların müəyyən edilmiş indiki say tərkibi bizi qane etmir. Çünki bu bağçalar 30-40 il bundan əvvəl tikilmişdir. Şəhərin əhalisi artır, tələbat artır, ailələr var ki, növbədə dayanıb. Xüsusilə valideynlər öz uşaqlarını yeni təmir edilmiş uşaq bağçalarına yerləşdirmək istəyirlər. Beləliklə, yeni bağçaların tikintisi məsələləri ortaya çıxır. O bağçaların tikintisi üçün ya yeni yerlər ayrılmalıdır, ya mövcud olan yerlərdə əlavə korpuslar tikilməlidir. Yəni, belə məsələlər çoxdur və Proqrama əlavələr ediləcəkdir. Bu məqsədlə hökumətə tapşırıq verilmişdir və büdcəmizin icrası nəticəsində əlavə gəlirlərin əldə edilməsi bizə imkan verir ki, o gəlirlərin müəyyən hissəsini bu Proqramın icrasına yönəldək, beləliklə, Proqramın maliyyə bazasını genişləndirək. Qəsəbələrdə olan vəziyyət bizə bəllidir. Qarşıya vəzifə qoyulubdur ki, qəsəbələrdə bütün sosial-iqtisadi infrastruktur məsələləri öz həllini tapsın və bu bir il ərzində biz bu işlərin uğurlu icrasını görürük. Bu barədə bu gün daha geniş danışılacaqdır. Ancaq prinsip etibarilə Proqramda əsas infrastruktur məsələlərinin - ilk növbədə, su və kanalizasiya layihələrinin həlli nəzərdə tutulur. Ümumiyyətlə, heç vaxt, heç bir dövrdə Bakı qəsəbələrində kanalizasiya sistemi olmamışdır. Bakı şəhərində də kanalizasiya sistemi bizim tələblərimizə cavab vermir. Bütün dövrlərdə daim su qıtlığı yaşanmışdır və insanlar bir növ buna öyrəşmişdilər. Halbuki bu, qeyri-normal vəziyyətdir, içməli su daim olmalıdır. Elektrik enerjisi ilə təchizat, qazlaşdırma, istiliklə bağlı məsələlər, yolların çəkilişi - həm qəsəbədaxili, qəsəbələrarası yollar, magistral yollar, sosial obyektlərin tikilməsi, məktəblər, tibb məntəqələri, mədəniyyət ocaqları, idman qurğuları. Yəni, elə bir məsələ yoxdur ki, o proqramlarda öz əksini tapmasın. Yenə də deyirəm ki, bu Proqramın üstünlüyü ondan ibarətdir ki, dövlət tərəfindən, Prezident tərəfindən təşəbbüs olaraq irəli sürülmüşdür. Ancaq Proqramın tərkibində olan məsələlərin bir çoxu xalq tərəfindən təklif formasında göndərilmişdir. Mən tam əminəm ki, bu Proqramın icrası nəticəsində qəsəbələrdə yaşanan bütün infrastruktur, sosial və iqtisadi problemlər həllini tapacaqdır. Bununla yanaşı, biz Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinə də dəstək olaraq dövlət büdcəsindən əlavə vəsait ayırmaqla bu vəsaiti qəsəbələrdə iş yerlərinin açılmasına yönəltmişik. Çünki bildiyiniz kimi, əvvəlki dövrdə bu fonddan daha çox bölgələrdə gedən iqtisadi inkişaf məsələləri öz həllini tapırdı. Bu da təbiidir. Çünki məqsədimiz bölgələri canlandırmaq olub. Ancaq qəsəbələrdə də iş yerləri problemi, işsizlik vardır. Beləliklə, bu ildən başlayaraq Fondun vəsaitinin müəyyən hissəsi, təqribən 30-40 faizi qəsəbələrdə yeni müəssisələrin yaradılmasına yönəldilibdir. Buradakı foyedə göstərilən stendlərdə artıq o vəsaitlə yaradılan ilkin müəssisələrin şəkilləri də vardır. Bu məsələ də öz həllini tapmalıdır. Çünki qəsəbələrdə təkcə yol, qaz, işıq, su problemləri deyil, eyni zamanda, işsizlik, məşğulluq məsələləri də öz həllini tapmalıdır", Prezident deyib.

İlham Əliyevin bildirib ki, bu məqsədlərə çatmaq üçün bizdə həm güclü iradə var, həm də imkanlar vardır.

"Bu məsələləri yerlərdə icra edən qurumlardan da çox şey asılıdır. Bütün qurumlar, şəhər İcra Hakimiyyəti, İqtisadi İnkişaf Nazirliyi, yerli icra orqanları bu vəzifələrə çox vicdanla yanaşırlar. Əminəm ki, bu yanaşma Proqramın sonuna qədər və ondan sonrakı dövrdə də davam edəcəkdir. Çünki bizim vəzifəmiz xalqa xidmət etməkdir. Biz - dövlət işində işləyən insanlar Prezidentdən tutmuş, ən aşağı səviyyəli məmura qədər insanların xidmətində olmalıyıq. Mən bu vəzifəni, öz vəzifəmi belə başa düşürəm və bu doqquz il ərzində belə işləmişəm. Hər kəsdən də bunu tələb edirəm, vicdanla işləmək, peşəkarlıqla xalqa xidmət etmək, ölkəmizi gücləndirmək, doğma Vətənimizi çiçəkləndirmək lazımdır. Bizim işimizdən çox şey asılıdır. Bugünkü Azərbaycan xalqı zəhməti hesabına güclənir. Əlbəttə ki, xalq tərəfindən dəstəklənən iqtidar bu inkişafı öz siyasəti ilə şərtləndirir. Bütün istiqamətlər üzrə konkret proqramımız, bütün məsələlərlə bağlı fikirlərimiz vardır. Azərbaycan reallıqları onu göstərir ki, seçdiyimiz yol düzgün yoldur. Biz bundan sonra da milli maraqlarımızın qorunması üçün həm beynəlxalq arenada, həm bölgədə, həm də əlbəttə ki, ölkə daxilində siyasətimizi davam etdirəcəyik. Bu siyasət bir daha demək istəyirəm ki, xalqın iradəsinə əsaslanır. Bu siyasətin təməlində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının həyat şəraitini yaxşılaşdırmaq üçün bütün dövlət qurumları daha da fəal işləməlidir", deyə Azərbaycan Prezidenti bildirib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov çıxış edərək dedi:

"Möhtərəm Prezident! Sizin 2011-ci il martın 9-da Bakı Şəhər İcra Hakimiyyətində Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair keçirdiyiniz müşavirə və bununla əlaqədar 2011-2013-cü illər üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında imzaladığınız Sərəncam respublikamızda aparılan nəhəng quruculuq işləri, eləcə də şəhərsalma mədəniyyəti baxımından son dərəcə vacib və əlamətdar bir hadisədir".

Abutalıbovun sözlərinə görə, tam əminlik hissi ilə bildirmək olar ki, Sərəncamdan irəli gələn prinsipial müddəalar, məqsəd və vəzifələr, onların reallaşdırılması istiqamətində atılan addımlar müasir Azərbaycanın gələcək inkişafında mühüm rol oynayan modernləşmə siyasətinin gerçəkləşməsi işinə güclü təkan verəcəkdir.

"Bu istiqamətdə qarşıya qoyulan vəzifələrin məqsədyönlü, düşünülmüş şəkildə və məntiqi ardıcıllıqla həyata keçirilməsi nəticəsində Bakı şəhərinin və onun qəsəbələrinin sosial infrastrukturunda inkişafı təmin edən müsbət dinamika müşahidə edilmiş, kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələri ilə əvəz olunması prosesi müşahidə edilmişdir. Başqa sözlə, möhtərəm Prezidentimiz tərəfindən imzalanmış bu Sərəncam qüvvəyə mindiyi andan əməli fəaliyyət proqramına çevrilmiş, görülmüş və görüləcək işlərin davamlı inkişafını hərtərəfli və sistemli şəkildə təmin etmişdir. Daha dəqiq desək, adı çəkilən bölgənin sosial-iqtisadi inkişaf proqramına uyğun olaraq beynəlxalq standartlara cavab verən asfalt yolların əsaslı təmiri və yenidən qurulması, küçə və məhəllədaxili ərazilərin işıqlandırma sistemi ilə təmin edilməsi, orta təhsil məktəblərinin, uşaq bağçaları-körpələr evlərinin əsaslı təmiri, tikintisi və bərpası ilə bağlı qısa zamanda, lakin böyük ərazidə insanların rahatlığına xidmət edən və sevincinə səbəb olan təqdirəlayiq işlər görülmüşdür. Bu işləri konkret faktların dili ilə göz önünə gətirməyimiz bizcə daha məqsədəuyğun olardı. Məlumat üçün bildirirəm ki, bütövlükdə Bakı şəhəri və onun ətraf qəsəbələrində 310 orta təhsil məktəbi və 305 uşaq bağçası- körpələr evi fəaliyyət göstərir. Bunlardan 198 məktəb və 161 uşaq bağçası-körpələr evi 2011-2013-cü illər üzrə Dövlət Proqramına daxil edilmişdir", deyə İcra Hakimiyyətin başçısı bildirib.

Onun sözlərinə görə, təsdiq olunmuş sosial-iqtisadi inkişaf Proqramına əsasən 2011-ci ildə adı çəkilən regionun 55 məktəbində tam əsaslı təmir işləri aparılmış, yeni məktəb korpuslarının və yeni sinif otaqlarının tikintisi başa çatdırılmışdır.

"51 uşaq bağçası-körpələr evində də tam əsaslı təmir və bərpa işləri aparılmış, uçulub dağılmaq təhlükəsi olan bəzi obyektlər isə sökülərək yenidən inşa olunmuşdur. 2011-ci ilin Proqramında asfalt yolların əsaslı təmiri və yenidən qurulması, müasir standartlara cavab verən işıqlandırma sistemi ilə təchiz edilməsi diqqət mərkəzində olmuşdur. Ötən il üçün nəzərdə tutulmuş Proqrama müvafiq olaraq Bakı şəhərinin 11 rayonunun 27 qəsəbəsi üzrə yollara 1 milyon 587 min kvadratmetr, başqa sözlə, 267 kilometrlik hissəyə asfalt örtüyü çəkilmişdir. Həmçinin kənd və qəsəbələrdə 5250 işıq dirəyi quraşdırılmışdır. 2012-ci il üçün 81 məktəbin əsaslı təmiri, yenidən qurulması, əlavə korpusların və yeni sinif otaqlarının inşa edilməsi prosesinə başlanılmışdır. Bu il, həmçinin 61 uşaq bağçası-körpələr evində əsaslı təmir və yenidənqurma işləri aparılır. Bu sosial obyektlərin vaxtında təhvil verilməsi məqsədi ilə sürətli iş rejiminə keçirilmişdir. Gələn il Dövlət Proqramı çərçivəsində 63 məktəb və 43 uşaq bağçası-körpələr evində əsaslı təmir və tikinti işlərinin aparılması nəzərdə tutulmuşdur. Möhtərəm Prezident! Sizin göstərişinizlə İqtisadi İnkişaf Nazirliyi tərəfindən yuxarıda adı çəkilən Dövlət Proqramına əlavə olaraq 112 məktəbdə və 65 uşaq bağçası-körpələr evində əsaslı təmir və tikinti işlərinin aparılması nəzərdə tutulmuşdur. Proqram təsdiq olunan andan bu işlərin yerinə yetirilməsi üçün əlavə tədbirlərin görülməsi zərurəti yaranacaqdır", Hacıbala Abutalıbov deyib.

O bildirib ki, Dövlət Proqramında nəzərdə tutulmuş işlər təkcə sosial obyektlərin inkişafına deyil, həm də regionda mövcud yeni iş yerlərinin açılmasına da öz müsbət təsirini göstərməkdədir.

"Belə ki, təkcə 2011-ci ildə bu Proqramın yerinə yetirilməsi nəticəsində 18 minə yaxın insan işlə təmin olunmuşdur. Cari ildə isə nəzərdə tutulan işlərin görülməsi üçün 21 minə yaxın işçi qüvvəsi cəlb edilmiş, gələn ildən isə bu rəqəm iki dəfədən artıq olacaqdır. Hörmətli konfrans iştirakçıları! 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramının reallaşması ilə bağlı son dərəcə prinsipial əhəmiyyət kəsb edən bir məsələnin üzərində xüsusi dayanmaq istərdim. Söhbət möhtərəm Prezidentimizin görülmüş və görüləcək işlərin icrası ilə əlaqədar, həmçinin vəziyyətlə bilavasitə yerində tanış olmaq məqsədi ilə adı çəkilən bölgəyə səfərlərindən gedir. Prezidentimizin regionda gedən quruculuq proseslərini daim diqqət mərkəzində və nəzarətdə saxlaması, yerli əhali ilə keçirilən görüşlər zamanı aparılan söhbətlər, insanların istək, arzu və təkliflərini dövlət başçısı tərəfindən eşitmək yüksək təqdirə və diqqətə layiq haldır" deyə Abutalıbov qeyd edib.

Hacıbala Abutalıbov Prezident İlham Əliyevin məqsədyönlü və ardıcıl siyasəti nəticəsində son illərdə Bakı şəhəri və onun qəsəbələrinin əsaslı şəkildə inkişaf etdiyini, nəticədə paytaxtımızın dünyanın ən gözəl şəhərlərindən birinə çevrildiyini dedi. O, aparılan yenidənqurma işləri zamanı Qərb və Şərq memarlıq üslublarının peşəkarcasına uzlaşdırıldığını bildirdi. Hacıbala Abutalıbov Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi, mədəni inkişafına, həmçinin, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və daha da möhkəmləndirilməsinə Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da töhfələrini əsirgəmədiyini, bunun xalqımız tərəfindən yüksək qiymətləndirildiyini vurğuladı. Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən genişmiqyaslı tədbirlərlə bağlı paytaxt sakinlərinin dövlətimizin başçısına dərin minnətdarlıqlarını çatdıran Hacıbala Abutalıbov Dövlət Proqramının icrasının bir illiyi ilə əlaqədar konfransın yenidənqurma işlərinin daha da sürətləndirilməsinə təkan verəcəyinə əminliyini bildirdi.

Sonra iqtisadi inkişaf naziri Şahin Mustafayev çıxış etdi. Nazir Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasətin reallaşdırılmasında Dövlət proqramlarının müstəsna rolunu qeyd etdi. Bildirdi ki, bu proqramların arasında ən vaciblərindən biri də "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"dır. Həmin Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasına son iki ildə ümumilikdə 1,8 milyard manat vəsaitin ayrıldığını vurğulayan nazir dedi: "Möhtərəm cənab Prezident! Sizin tapşırığınıza əsasən, İqtisadi İnkişaf Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Proqramın icrasının əlaqələndirilməsi, görülən işlərin monitorinqi məqsədi ilə xüsusi işçi və monitorinq qrupları yaradılmış, işlərin gedişatı gündəlik nəzarətə götürülmüşdür. Monitorinqin nəticələri nazirliyin internet saytında yerləşdirilir və proqramda əks olunan bütün sahələr üzrə icraçı qurumların nümayəndələrinin iştirakı ilə mütəmadi müzakirə olunur. Proqram çərçivəsində sahələr üzrə görülmüş işləri yüksək diqqətinizə çatdırmaq istəyirəm".

Mustafayev bildirib ki, yaşayış məntəqələrinin qazlaşdırılması sahəsində tədbirlərin icrası davam etdirilmiş, paytaxt və qəsəbələrdə, eləcə də Abşeron rayonunun qəsəbə və kəndlərində 1210 kilometr yeni qaz kəmərləri çəkilmiş və yenidən qurulmuş, 160 min məişət qaz sayğacı quraşdırılmış və ya yeniləri ilə əvəz olunmuşdur.

"Ümumilikdə, ötən il Bakı şəhəri və qəsəbələri üzrə 22 min 190, Abşeron rayonunda isə 7 min 940 yeni abonent qazla təchiz edilmişdir. Əhalinin elektrik enerjisi ilə təchizatı əsaslı şəkildə yaxşılaşdırılmış, son illər qışın sərt keçməsinə baxmayaraq, əhalinin və ölkə iqtisadiyyatının fasiləsiz enerji təchizatında ciddi problemlər yaşanmamışdır. Ötən il 1520 kilometr kabel və 200 kilometr yeni elektrik verilişi xətləri çəkilmiş, 330 kilometr elektrik verilişi xətlərində təmir-bərpa işləri aparılmışdır. Yeni enerji güclərinin yaradılması üçün elektrik stansiyalarının tikintisi davam etdirilmiş, "Şimal" elektrik stansiyasında 409 meqavat gücündə olan ikinci buxar-qaz enerji qurğusunun təməli qoyulmuşdur. Yaşayış məntəqələrinin istilik təchizatının yaxşılaşdırılması işləri proqrama uyğun davam etdirilmiş, təmir-tikinti işləri yekunlaşmış 122 təhsil və səhiyyə obyekti istilik təchizatı ilə təmin edilmiş, 150-dən çox yaşayış binasına və sosial obyektə xidmət edən 6 qazanxana yenidən qurulmuşdur. Paytaxt və qəsəbələrin yol-nəqliyyat infrastrukturu sahəsində ötən dövr ərzində magistral yolların yenidən qurulması işləri ilə yanaşı, 11 rayonun 27 qəsəbəsini əhatə edən 250 kilometr uzunluğunda rayon və qəsəbədaxili yol asfaltlanmış, uzunluğu 17 kilometr olan 6 qəsəbələrarası yol təmir olunmuşdur" deyə nazir bildirib.

Şahin Mustafayev aparılan bütün işlərin əlaqələndirilərək ardıcıllıq nəzərə alınmaqla həyata keçirildiyini qeyd edərək bildirdi: "Hesabat ilində 61 kilometr müxtəlif diametrli su və 57 kilometr kanalizasiya xətti və kollektor quraşdırılmış, 13 su anbarı və 4 su nasos stansiyası tikilmiş və yenidən qurulmuşdur. Möhtərəm cənab Prezident! Sizin ölkənin təhsil sisteminə, hər bir məktəbə və uşaq bağçasına göstərdiyiniz xüsusi diqqət və qayğının nəticəsidir ki, 30-dan artıq təhsil müəssisəsində işlərin gedişatı ilə şəxsən tanış olmuş, təməlqoyma və açılış mərasimlərində iştirak etmisiniz. Bu da təhsil müəssisələrinin inşası, təmir-bərpası və yenidən qurulması ilə bağlı tədbirləri daha da sürətləndirmiş, 55 məktəbdə və 51 uşaq bağçasında işlər başa çatmış, digər təhsil obyektləri üzrə isə davam etdirilir".

Nazir qeyd edib ki, tibbi xidmətin səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə yeni, müasir tibb müəssisələrinin açılması, mövcud müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində, rayon və qəsəbələrdə ümumilikdə 14 xəstəxana, poliklinika, sanatoriya və digər tibb müəssisələri yenidən qurulmuş və təmir edilərək avadanlıqla təchiz olunmuşdur.

"12 səhiyyə obyektində təmir-tikinti işləri, eləcə də gözdən əlillər üçün tədris-bərpa mərkəzinin, yetkinlik yaşına çatmayanlar üçün İxtisaslaşdırılmış Reabilitasiya Mərkəzi və Sosial Sığınacağın və digər obyektlərin tikintisi davam etdirilmişdir. Qəsəbələrdə mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, tarixi-mədəni irsin qorunub saxlanılması istiqamətində işlər, o cümlədən Buzovna, Lökbatan, Nardaran, Rəsulzadə qəsəbələrində mədəniyyət obyektlərinin tikintisi və təmiri işləri davam etdirilmişdir. Əhalinin, xüsusilə gənc nəslin hərtərəfli inkişafına xidmət edən bədən tərbiyəsi və idman infrastrukturunun inkişafı məqsədi ilə Xocəsən qəsəbəsində stadion yenidən qurulmuş, Nizami rayonunda 13 nömrəli İdman Mərkəzi əsaslı təmir olunmuş, qısa müddətdə müasir İdman-Konsert Kompleksinin tikintisi başa çatdırılmış, 65 min yerlik Olimpiya Stadionunun təməli qoyulmuş, Respublika Stadionunda isə təmir-bərpa işləri davam etdirilmişdir" deyə Mustafayev bildirib.

Onun sözlərinə görə, paytaxt və qəsəbələrdə ekoloji tarazlığın qorunub saxlanması, ətraf mühitin yaxşılaşdırılması, istirahət parklarının salınması, abadlıq-quruculuq işləri davam etdirilmiş, ötən dövr ərzində 680 hektar sahədə 550 mindən çox ağac və kol bitkiləri əkilmiş, neft mədənlərində 420 hektar ərazidə neftlə çirklənmiş göllər qurudulmuş, həmin ərazilərdə yaşıllaşdırma və abadlıq işləri görülmüşdür.

"Aparılmış monitorinqlər nəticəsində proqrama daxil olan bir sıra göllərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasının sürətləndirilməsi üçün əlavə tədbirlərin görülməsi zərurəti müəyyən edilmiş və cənab Prezident, Sizin tapşırığınıza uyğun olaraq, bununla bağlı əlavə tədbirlər planı qısa zamanda hazırlanıb yüksək diqqətinizə təqdim olunacaqdır. Balaxanı poliqonunda tullantıların zərərsizləşdirilməsi prosesi daha da təkmilləşdirilmiş, yuma və dezinfeksiya məntəqələri tikilmiş, poliqondaxili yollar asfaltlanmış, ərazidə yaşıllaşdırma və abadlıq işləri genişləndirilmişdir. Cənab Prezident, Sizin rəhbərliyinizlə aparılan sənayeləşmə siyasəti qəsəbələrin dinamik inkişafına ciddi təkan vermiş, müasir tikinti materialları, cihazqayırma, süd məhsulları emalı və sement zavodları, digər sənaye müəssisələri tikilmiş, yeni istehsal və emal sənayesi müəssisələrinin, o cümlədən bu il istismara veriləcək bərk məişət tullantılarının çeşidlənməsi və yandırılması zavodlarının, Bakı Gəmiqayırma Zavodunun, transformator zavodunun və digər sənaye müəssisələrinin tikintisi davam etdirilir. Bununla yanaşı, cənab Prezident, göstərişinizə əsasən, sənaye parklarının yaradılması, innovativ və yüksək texnologiyalara əsaslanan müəssisələrin təşkili sənayeləşmə sahəsində yeni dövrün başlanmasına təkan verəcəkdir" Mustafayev deyib.

Sahibkarlığa Kömək Milli Fondu tərəfindən "Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi"nə həsr olunan 14 tədbir keçirildiyini və 2 min 400-dək sahibkara biznes sahəsində fəaliyyətlə bağlı iqtisadi biliklər verildiyini söyləyən nazir diqqətə çatdırdı: "Fond tərəfindən Bakı qəsəbələri üzrə 300-dək sahibkara 46 milyon manat, bunlardan müasir texnologiyaların tətbiqinə əsaslanan 29 layihənin, o cümlədən 7 çörək istehsalı, 8 quşçuluq təsərrüfatı, 9 müasir istixana kompleksi, ət kəsimi və emalı, yeyinti sənayesi, metal konstruksiya istehsalı, mebel istehsalı və ixrac qabiliyyətli müxtəlif növ elektrik avadanlığı müəssisələrinin yaradılması üzrə layihələrin maliyyələşdirilməsinə 42,1 milyon manat güzəştli kreditlər verilmişdir. Müəssisələrdən 9-u istifadəyə verilmiş, bu ilin sonunadək 19-nun istifadəyə verilməsi planlaşdırılır. Bu kreditlər hesabına 2 mindən çox yeni iş yerinin yaradılacağı nəzərdə tutulur."

Sonra Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Müşfiqabad qəsəbəsi üzrə nümayəndəsi Oqtay Sadiqov çıxış edərək dedi: "Möhtərəm cənab Prezident! Sizin rəhbərliyinizlə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi yeniliklər, aparılan uğurlu daxili və xarici siyasət, neft kapitalını insan kapitalına çevirən islahatlar nəticəsində insanların maddi-rifah halı daha da yüksəlmişdir. Ona görə də vətəndaşlarımız Sizin rəhbərliyinizlə aparılan tikinti-quruculuq və abadlıq işlərini alqışlayır, daim Sizə minnətdarlıqlarını bildirirlər".

Sadiqovun sözlərinə görə, Bakı şəhər və ətraf qəsəbələrinin inkişafının təmin edilməsi, əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, mövcud problemlərin aradan qaldırılması məqsədi ilə 2011-ci il 4 may tarixli 1490 saylı Sərəncamınızla təsdiq edilmiş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda Qaradağ rayonunun hər bir qəsəbəsi üzrə müxtəlif sahələri əhatə edən 86 konkret tədbir nəzərdə tutulmuş və bunların əksəriyyəti uğurla həyata keçirilmişdir.

Qaradağ rayonunda əhalinin təbii qaz, elektrik enerjisi, istilik, içməli su ilə təchizatı, həmçinin yolların asfaltlanması, rabitə və informasiya texnologiyaları sahələrində görülən işləri xarakterizə edən Oqtay Sadıqov sahibkarlığın inkişafı ilə bağlı reallaşdırılan tədbirlərdən də danışaraq bildirdi: "Dövlət Proqramına uyğun olaraq sahibkarlığın inkişafı və biznes mühitinin təkmilləşdirilməsi istiqamətində ölkədə aparılan islahatlar yeni müəssisələrin və iş yerlərinin yaradılmasına təkan vermişdir. Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və bu sahəyə dövlət qayğısının artırılması məqsədi ilə Sahibkarlığa Kömək Milli Fondu və müvəkkil banklar vasitəsilə rayonda fəaliyyət göstərən 20 sahibkarlıq subyektinə 1 milyon 515 min manat güzəştli kredit verilmişdir. Rayonun təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı müvafiq Dövlət Proqramına uyğun olaraq 2011-ci ildə üç orta məktəb, iki uşaq bağçası əsaslı təmir olunmuş və iki orta məktəb üçün 36 əlavə sinif otağı tikilmişdir. Qeyd etmək istəyirəm ki, Müşfiqabad qəsəbəsində yerləşən 67 nömrəli uşaq bağçası yüksək keyfiyyətlə əsaslı təmir olunmuş, müasir avadanlıqla təchiz edilmiş və istismara hazır vəziyyətdədir. Bağçanın kollektivi, valideynlər və xüsusən də uşaqlar Sizin açılış üçün qəsəbəyə gəlişinizi səbirsizliklə gözləyirlər. Cari ildə dörd orta məktəbdə, bir uşaq bağçasında əsaslı təmir işləri aparılır. İki peşə məktəbinin, Ələt və Puta qəsəbələrində hər biri 120 yerlik olmaqla iki uşaq bağçasının binalarının tikintisinin yeni tədris ilində başa çatması nəzərdə tutulmuşdur. Səngəçal qəsəbəsində yerləşən 222 nömrəli məktəb üçün 20 sinif otağından ibarət əlavə tədris korpusu tikilir."

Oqtay Sadıqov Qaradağ rayonunda səhiyyə, mədəniyyət və digər sosial obyektlərin tikintisi və yenidən qurulmasının da diqqət mərkəzində saxlandığını vurğulayaraq diqqətə çatdırdı: "Cənab Prezident! Sizin "Bakı şəhəri Qaradağ rayonunun Ələt və Qobustan qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında" Sərəncamınıza uyğun olaraq Ələt qəsəbəsindəki 110 nömrəli məktəbdə əsaslı təmir işləri başa çatmış, təhsil ocağı müasir avadanlıqla təchiz olunaraq məktəblilərin ixtiyarına verilmişdir. 32 nömrəli poliklinikanın yeni binası da tikilmiş, hazırda binadaxili tamamlama işləri aparılır. Qobustan qəsəbəsində 800 şagird yerlik yeni məktəb və 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanası üçün yeni binaların inşası davam etdirilir. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın həyata keçirilməsi Qaradağ rayonunun hərtərəfli tərəqqisinə, quruculuq-abadlıq işlərinin genişlənməsinə, qəsəbədaxili yolların yenidən qurulmasına, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin təmirinə, tikintisinə, bir sözlə, rayonun sosial simasının daha da müasirləşməsinə böyük təkan vermişdir. Son dövrlərdə Qaradağa etdiyiniz səfərlər rayonumuza həssas münasibətinizin, gündəlik diqqət və qayğınızın parlaq təzahürüdür. Rayonumuzda həyata keçirilən quruculuq və abadlıq işlərinə verdiyiniz yüksək qiymətə görə Sizə bütün qaradağlılar adından dərin təşəkkürümüzü və səmimi minnətdarlığımızı bildirir və sizi əmin edirik ki, bundan sonra da qarşıya qoyduğunuz vəzifələri layiqincə yerinə yetirəcəyik."

Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəsi Qara Qarakişiyev ötən bir il ərzində paytaxtın Nizami rayonunda da əsaslı tədbirlərin həyata keçirildiyini söyləyərək bildirdi: "Möhtərəm Prezident! Keçən il aprelin 1-də Siz qəsəbəmizə gələrək əhali ilə görüşdünüz, mövcud problemlərlə maraqlandınız. Rayonumuzda, eləcə də qəsəbədə aparılan abadlıq və yenidənqurma işləri ilə tanış oldunuz və görülən işlərə yüksək qiymət verərək razılığınızı bildirdiniz. Görüş zamanı sakinlərin qəsəbədəki problemlərlə bağlı Sizə etdiyi müraciətlər artıq həllini tapmaqdadır. Belə ki, Nizami Abdullayev küçəsində 640 şagird yerlik müasir məktəb kompleksinin inşası üçün tərəfinizdən Sərəncam imzalanmışdır. Bu məktəb kompleksinin tikintisi başa çatdırılaraq tamamlanma işləri aparılır. Bundan əlavə, uzun illərdən bəri Babək prospektində problemə çevrilmiş işıqforun qoyulması öz müsbət həllini tapmış, piyadalar üçün iki yeraltı keçidin inşası başlanaraq sürətlə davam etdirilir. Heydər Əliyev prospektində, "Şəfa" stadionunun qarşısında tikintisinə başlanmış yerüstü keçid Pəhləvan Fərzəliyev küçəsinin "Şanxay" deyilən ərazisində yaşayan sakinlərin təhlükəsizliyini təmin edəcəkdir. Keçən il və cari ilin altı ayında qəsəbənin əsas və daxili yollarına, səkilərə 78 min kvadratmetr asfalt örtüyü döşənmişdir. Demək olar ki, qəsəbənin ərazisində asfalt örtüyü salınmamış küçə qalmamışdır. Qəsəbədəki 309 nömrəli uşaq bağçası müasir tələblərə uyğun yenidən qurulmuş və körpə balaların ixtiyarına verilmişdir. Sizin qəsəbəyə gəlişinizdən sonra uzun illər inzibati binası olmayan Keşlə bələdiyyəsi üçün inzibati bina artıq tikilmişdir və bu günlərdə istifadəyə veriləcəkdir. Sizin tapşırığınızla əvvəllər qəsəbəyə işləyən 221 nömrəli avtobus marşrutunun bərpası qəsəbə sakinləri tərəfindən böyük sevinc və rəğbətlə qarşılanmışdır."

Qara Qarakişiyev Nizami rayonunun Keşlə qəsəbəsində sakinlərin təbii qaz və elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması üçün də ardıcıl tədbirlərin görüldüyünü qeyd edərək dedi: "Qəsəbənin su ilə təchizatı və kanalizasiya xətlərinin yenilənməsi işində son bir ildə dönüş yaranmışdır. Belə ki, Babək prospektinin böyük bir ərazisində yağış yağan zaman su yığılırdı. Bu zaman tıxaclar yaranırdı ki, bu da sakinlərin haqlı narazılığına səbəb olurdu. Hazırda həmin ərazidə yağış sularının axıdılması üçün yeni kanalizasiya xətti çəkilərək mərkəzi kollektora birləşdirilmiş və bu problem aradan qaldırılmışdır. Qəsəbə sakinlərinin su təchizatının yaxşılaşdırılması məqsədi ilə iki 1000 kubmetr tutumlu su anbarının tikintisi planlaşdırılmışdır. Möhtərəm cənab Prezident! Qəsəbə sakinlərinin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən bu işlərə görə sakinlər adından Sizə dərin minnətdarlığımı bildirir və "Çox sağ olun!" deyirəm. Sizi əmin edirəm ki, ulu öndərimiz Heydər Əliyevdən miras qalmış doğma Azərbaycanımızın daha da inkişaf etməsi və çiçəklənməsi istiqamətində apardığınız bütün işlərdə biz daim Sizinləyik. Diqqətinizə görə təşəkkür edirəm".

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi Vidadi Səlimov Dövlət Proqramı çərçivəsində bu rayonda da silsilə layihələrin həyata keçirildiyini diqqətə çatdıraraq vurğuladı: "Belə ki, Dövlət proqramlarının yerinə yetirilməsi nəticəsində rayonda 10 minədək şagird yerlik 21 yeni məktəb binası və korpusları, 4 uşaq bağçası, 2 səhiyyə obyekti, 3 idman kompleksi tikilərək müasir avadanlıqla təchiz olunmuşdur. Onlarla təhsil, səhiyyə, mədəniyyət və digər sosial obyektlərdə əsaslı təmir, yenidənqurma işləri aparılmışdır və bu işlər indi də davam etdirilməkdədir. Əhalinin elektrik enerjisi, qaz və su təchizatı əsaslı surətdə yaxşılaşdırılmışdır. Heydər Əliyev Beynəlxalq Aeroportu və Hava Limanı-Bilgəh-Sumqayıt magistral avtomobil yolunun rayon ərazisindən keçən hissəsində yeni yol qovşaqlarının istifadəyə verilməsi, onun ətrafında aparılan yenidənqurma, abadlıq və yaşıllaşdırma işləri nəticəsində ərazinin xarici görünüşü inanılmaz dərəcədə dəyişmişdir. Görülmüş tədbirlər əsasında ərazidə ekoloji vəziyyət əhəmiyyətli dərəcədə yaxşılaşmışdır."

Vidadi Səlimov Dövlət Proqramı çərçivəsində Sabunçu rayonunda bütün sahələri əhatə edən 119 bənddən ibarət tədbirlər planının reallaşdırıldığını, o cümlədən Bakıxanov qəsəbəsində təhsil müəssisələrinin, müxtəlif inzibati binaların yenidən qurulduğunu bildirərək dedi: "Qəsəbədəki park və istirahət guşələrində, məhəllədaxili sahələrdə, yollarda yenidənqurma, abadlıq işləri aparılmış, sakinlərin sosial vəziyyətinin daha da yaxşılaşdırılması üzrə xeyli işlər görülmüşdür. Bu işlər xüsusilə son aylar ərzində daha geniş vüsət almışdır. Hazırda qəsəbənin mərkəzi Yavər Əliyev- Mehmandarov-Fətəliyev küçələri boyu binaların ətrafında yenidənqurma, abadlıq və onların fasadlarının müasir tələblərə uyğun üzlənməsi, Heydər Əliyev adına Parkın yenidən qurulması və orada Heydər Əliyev Mərkəzinin tikinti işləri həyata keçirilməkdədir ki, bütün bunlar da qəsəbənin ümumi görünüşünü daha da yaxşılaşdırır. Möhtərəm cənab Prezident! Sizin rayonumuzda inşa edilən obyektlərin təməlqoyma, açılış mərasimlərindəki çoxsaylı iştirakınız və sakinlərlə görüşləriniz zamanı verdiyiniz tövsiyə və tapşırıqlardan sonra rayonda icraçı təşkilatlar, xüsusilə də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən proqramın həyata keçirilməsi daha da sürətləndirilmişdir. Ümumiyyətlə, Sizin hər bir gəlişiniz rayon ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır ki, bunlara görə Sizə dərin minnətdarlığımızı bildiririk. Cənab Prezident! Sizin "Yerli İcra Hakimiyyəti haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə 2012-ci il 6 iyun tarixli Fərmanınız icra hakimiyyəti və onun nümayəndəliklərinin qarşısında rayon və qəsəbələrin sosial-iqtisadi inkişafı, əhalinin rifahının daha da yaxşılaşdırılması, onların hüquqlarının müdafiəsi üzrə böyük vəzifələr qoyur, fəaliyyətimizi daha da genişləndirməyə imkan verir. Sizin rəhbərliyiniz altında bu vəzifələrin öhdəsindən gələcəkdə də uğurla gələcəyimizə əminik və hər bir dövlət qulluqçusu kimi biz də bundan böyük şərəf duyuruq. Sonda istərdim ki, rayonumuza göstərdiyiniz daimi diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildirim, Azərbaycanımızın daha da inkişafı naminə apardığınız məqsədyönlü fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayım."

Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Yeni Suraxanı qəsəbəsi üzrə nümayəndəsi Vahid Daniyev bu rayonda da yenidənqurma tədbirlərinin vüsət götürdüyünü deyərək bildirdi: "Son ilyarım ərzində Suraxanı rayonuna altı səfəriniz, bir çox müəssisələrin, sosial obyektlərin təməlinin qoyulması və istifadəyə verilməsi Suraxanı rayonunun sürətli inkişafından xəbər verir, bizə olan diqqət və qayğınızı təzahür etdirir. Biz Suraxanı rayon sakinləri bu qayğıkeşliyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk! Qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Suraxanı rayonunda müxtəlif sahələri əhatə edən 102 tədbirin həyata keçirilməsi nəzərdə tutulmuş, onlardan 77-nin icrasına artıq başlanılmışdır. Qısa müddət keçməsinə baxmayaraq fəxrlə deyə bilərəm ki, hazırlanmış sistemli və müasir tipli layihələrin reallaşması nəticəsində rayonun sakinləri əsl sıçrayışın şahidi olmuşlar. Belə ki, rayonun altı qəsəbəsində dörd məktəb üçün 1640 şagird yerlik əlavə tədris korpusları tikilmiş, beş məktəb binası, beş uşaq bağçası, uşaq musiqi məktəbi, doğum evi, uşaq və şəhər xəstəxanaları əsaslı təmir edilmiş, müasir avadanlıqla təchiz olunmuşdur. Doqquz məktəbin, dörd uşaq bağçasının və uşaq evinin əsaslı təmirinə başlanılmışdır."

Suraxanı rayonunda həyata keçirilən digər yenidənqurma işlərindən danışan Vahid Daniyev dövlət başçısı ilə görüşlərdə qaldırılan məsələlərin də ardıcıllıqla həllini tapdığını vurğulayaraq diqqətə çatdırdı: "Siz görülən abadlıq işləri ilə tanış olmaq üçün Bülbülə qəsəbəsində olarkən sakinlər Heydər Əliyev prospektinə çıxmaq üçün yeni bir yolun salınmasını, yeni məktəb binasının tikilməsini və 2 nömrəli Bərpa Xəstəxanasının yenidən qurulmasını xahiş etmişdilər. Tapşırığınıza əsasən, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qısa müddətdə müasir yol tikilmiş və 11 gün sonra Sizin həmin yolun açılışında iştirak etmək üçün rayona təkrar gəlişiniz sakinlərin böyük sevincinə səbəb olmuşdur. Minnətdarlıq hissi ilə yüksək diqqətinizə məruzə edirəm ki, yeni məktəb binasının və 2 nömrəli Bərpa Xəstəxanasının yerində yeni müasir xəstəxana binasının tikintisi hazırda davam etdirilir. Möhtərəm cənab Prezident! Sizin diqqət və qayğınız sayəsində respublikamızın digər guşələri kimi təmsil etdiyim Yeni Suraxanı qəsəbəsində də görünməmiş yeniliklər baş vermişdir. Keçən il iyulun 14-də qəsəbəmizdə sakinlərlə keçirdiyiniz görüşlər onların xatirəsinə əbədi həkk olunmuşdur. Möhtərəm cənab Prezident! Bərbad vəziyyətdə olan 85 nömrəli orta məktəb binasının yerində təməlini qoymaqla bizi şərəfləndirdiyiniz və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yüksək səviyyədə tikilmiş məktəb binası artıq şagirdləri qəbul etmək üçün hazırdır, qəsəbəmizin sakinləri Sizin xeyir-duanızı səbirsizliklə gözləyirlər. "Turizm ili" elan etdiyiniz 2011-ci ildə Sizin diqqət və qayğınız sayəsində "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq qoruğunun beynəlxalq standartlara uyğunlaşdırılması, Heydər Əliyev prospektini qoruqla əlaqələndirən küçələrin, orada yerləşən binaların və hasarların yenidən qurulması, müvafiq infrastrukturun yaradılması işlərinə başlanılmış, məbədin daxilində arxeoloji qazıntı işləri davam etdirilmişdir. Bu müddət ərzində qoruq fəaliyyətini dayandırmamış, ölkəmizə gələn turistləri qəbul etmişdir. Sizin tapşırıq və tövsiyələrinizə əsasən ölkəmizdə sahibkarlar üçün yaradılmış əlverişli şərait nəticəsində son ilyarım ərzində rayonumuzda 3 minə yaxın yeni iş yeri açılmış, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 19 sahibkara 2,2 milyon manat məbləğində güzəştli kreditlər verilmişdir. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın nəcib təşəbbüsü sayəsində Yeni Günəşli yaşayış sahəsində ötən il istifadəyə verilmiş reabilitasiya mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqların sağlamlığının təmin edilməsi istiqamətində ən müasir üsullarla aparılan bərpa-müalicə işləri uşaqların və onların valideynlərinin böyük rəğbətini qazanmışdır. Fürsətdən istifadə edərək mərkəzin kollektivinin və valideynlərin dərin minnətdarlığını hörmətli Mehriban xanıma çatdırıram. Möhtərəm cənab Prezident! İcazənizlə qeyd etmək istərdim ki, bu gün burada səslənməyən və rayonumuzda həll olunmasına ehtiyac duyulan bəzi problemlərin həllinə dair təkliflər də Sizin tapşırığınıza əsasən hazırlanaraq tərəfimizdən İqtisadi İnkişaf Nazirliyinə təqdim olunmuşdur. İnanırıq ki, onların icrası əhalinin rifah halını daha da yaxşılaşdıracaqdır. Qəsəbəmizə göstərdiyiniz diqqət və qayğıya görə sakinlər adından Sizə dərin təşəkkürümüzü bildirir, məsuliyyətimizi dərk edərək Sizi əmin edirik ki, üzərimizə düşən tapşırıqların keyfiyyətlə yerinə yetirilməsi üçün var qüvvəmizlə çalışacağıq."

Sonra Səbail Rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi Natiq Bağırov çıxış edərək dedi: "Möhtərəm cənab Prezident! Keçən il aprelin 20-də Badamdar qəsəbəsinin həyatında əlamətdar hadisə baş vermişdir. Həmin gün Siz görülən işlərlə tanışlıq üçün qəsəbəmizdə olmuş və ictimaiyyətin nümayəndələri ilə görüşmüsünüz. Bu görüş zamanı qəsəbədə həllini gözləyən, vətəndaşları narahat edən məsələlərlə maraqlanmış, sakinlərimizin təkliflərini dinləyərək, müvafiq tapşırıqlarınızı vermisiniz. Bizim üçün çox mühüm və əhəmiyyətli olan bu görüşdən dərhal sonra Badamdar qəsəbəsində 120 yerlik uşaq bağçası və 880 şagird yerlik orta məktəb binalarının tikintisinə başlamaq üçün Sərəncam verdiniz. Qısa müddət ərzində layihə sənədləri hazırlanaraq tikintiyə başlanılmışdır, cari tədris ilinədək təhvil verilməsi üçün hazırda işlər sürətlə davam etdirilir. Diqqət və qayğınızın davamı olaraq "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda Səbail rayonu və qəsəbələrinə də geniş yer ayrılmış, uzun illər həllini gözləyən problemlərlə bağlı tədbirlərin böyük bir hissəsi Proqrama daxil edilmişdir."

Natiq Bağırov Badamdar qəsəbəsində təbii qaz, elektrik enerjisi, içməli su və kanalizasiya sistemi ilə təchizatın yaxşılaşdırılması sahəsində xeyli iş görüldüyünü söyləyərək dedi: "Proqrama uyğun olaraq, qəsəbənin yollarında əsaslı təmir-asfaltlaşdırma işləri həyata keçirilir. Yalnız son bir il ərzində qəsəbəmizin məhəllədaxili yollarına 80 min kvadratmetr asfalt qatı salınmışdır. Dövlət Proqramında rayonun təhsil və səhiyyə müəssisələrinin təmirinə böyük yer ayrılmışdır. Keçən il rayonda bir məktəb yenidən tikilmiş, bir məktəb üçün yeni korpus inşa olunmuşdur. Beş orta, bir peşə məktəbində, iki uşaq yaradıcılıq mərkəzində, üç uşaq bağçasında əsaslı təmir aparılmışdır. Hazırda bir məktəb üçün idman və akt zalı olan əlavə korpusun, həmçinin uşaq musiqi məktəbinin sökülərək yenidən tikintisi başa çatmaq üzrədir. Eyni zamanda, iki məktəb və bir uşaq bağçasında, bir poliklinika və vərəm əleyhinə dispanserdə təmir işləri davam etdirilir. Qəsəbəmizdə tikiləcək yeni xəstəxana üçün isə yer müəyyənləşdirilərək layihələndirmə işlərinə başlanmış, idman zalının inşası üçün hazırlıq işləri aparılır."

Natiq Bağırov Dövlət Proqramı çərçivəsində Səbail rayonunda yenidənqurma və abadlıq tədbirlərinin daha da vüsət götürdüyünü diqqətə çatdıraraq dedi: "Sizin təsdiq etdiyiniz layihə əsasında sahəsi bir hektara yaxın olan park yenidən qurulmuş, ulu öndərimizin əzəmətli büstü ucaldılmış, burada yeni fəvvarələr kompleksi qurulmuş, müasir avadanlıqla təchiz edilərək işlər artıq başa çatdırılmışdır. Həyata keçirilmiş işlərlə yanaşı, qarşımızda hələ xeyli görüləsi işlər durur. Həmin işlərin icrası istiqamətində səylərimiz davam edir. Möhtərəm cənab Prezident! İcazə verin, rayonumuza və qəsəbəmizə göstərilən diqqət və qayğıya görə Sizə rayonumuzun sakinləri adından dərin minnətdarlığımızı bildirim və Sizi əmin edim ki, hər birimiz bundan sonra da ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq, Sizin rəhbərliyiniz altında ölkəmizdə aparılan bütün işlərin uğurla nəticələnməsi üçün var qüvvəmizlə çalışacağıq."

Prezident İlham Əliyev yekun nitqi ilə çıxış edərək bildirib ki, bütün rayonlarda quruculuq-abadlıq işləri sürətlə gedir.

"Əminəm ki, biz bu tempi saxlayacağıq və gələn ilin sonuna qədər Proqram tam şəkildə icra ediləcəkdir. Baxmayaraq ki, bu, çox böyük və çətin bir işdir. Proqram qəbul olunarkən sənədə daxil edilən məsələlərin həlli çox böyük işgüzarlıq, peşəkarlıq və maliyyə vəsaiti tələb edirdi. Nəzərə alsaq ki, hazırda biz Proqrama əlavələr haqqında danışırıq, aydındır ki, onun icrası daha da böyük məsuliyyət tələb edəcəkdir. Onu da qeyd etməliyəm ki, Proqramın müddəti qısadır. Biz bu Proqramın icra müddətini uzada da bilərdik. Çünki doğrudan da, iki il yarım ərzində bu qədər işlərin görülməsi çox böyük səfərbərlik və peşəkarlıq tələb edən məsələdir. Ancaq mən hesab edirəm ki, əgər biz indiki templəri saxlaya bilsək, proqramda nəzərdə tutulmuş bütün məsələləri gələn ilin sonuna qədər həll edə biləcəyik. Bunu etmək üçün və xüsusilə əlavə tədbirlərin görülməsi ilə bağlı yeni maliyyə resurslarını əldə etmək üçün biz əlbəttə ki, gələn ilin dövlət büdcəsində investisiya proqramında bu məqsədləri təmin etməklə əlaqədar daha da böyük məbləğ nəzərdə tutmalıyıq. Bu il iqtisadi göstəricilərimiz müsbətdir. Ona görə büdcədə əlavə vəsait yaranmışdır. Bildiyiniz kimi, bu vəsaitin böyük hissəsi zəlzələdən əziyyət çəkmiş insanların yaşayış səviyyəsinin yaxşılaşmasına yönəldilibdir. Şimal-qərb bölgəsində baş vermiş güclü zəlzələ minlərlə evi yararsız vəziyyətə salmışdır və insanlar böyük çətinliklər çəkirlər. Ona görə büdcədə yaranmış əlavə vəsait ilk növbədə, o insanların problemlərinə yönəldilibdir. Yeni tədris ilinə qədər onlarla yeni məktəb tikilməlidir. Minlərlə ev bərpa edilməlidir. Ancaq bununla bərabər, Bakıətrafı qəsəbələrin inkişafına müəyyən məbləğ nəzərdə tutulubdur. Sirr deyil ki, əsas maliyyə yükü gələn ilə düşəcəkdir. Gələn il biz elə etməliyik ki, maliyyə problemlərimiz olmasın. Əgər ölkəmizin ümumi iqtisadi inkişafını biz təmin edə bilsək, - mən buna şübhə etmirəm, - bizdə maliyyə problemi olmayacaqdır. Qarşımızda təkcə bu maliyyədən səmərəli istifadə etmək, işi keyfiyyətlə və vaxtında görmək məsələləri dayanacaqdır. Bu məqsədlərə çatmaq üçün Proqramın icrası ilə bağlı əlaqələndirmə işləri daha da gücləndirilməlidir. Çünki proqramın icrasında həm şəhər və rayon icra orqanları, eyni zamanda, dövlət qurumları fəal iştirak edirlər. Bu qurumlar arasındakı əlaqələndirmə işlərini daha da keyfiyyətli şəkildə təmin etmək üçün böyük diqqət göstərilməlidir. Ümumiyyətlə, Proqramın icrası ilə Bakı Şəhər İcra Hakimiyyəti və İqtisadi İnkişaf Nazirliyi ilk növbədə məşğuldurlar. Əsas məsuliyyət onların üzərinə düşür. Əlaqələndirmə məsələlərinin həllinə gəldikdə, İqtisadi İnkişaf Nazirliyi bu funksiyanı öz üzərinə götürməlidir, daha doğrusu, götürübdür və bütün dövlət qurumları arasındakı uzlaşma, əlaqələndirmə məsələləri öz həllini tapmalıdır. Nəyə görə mən bunu deyirəm, çünki bəzi hallarda müəyyən işləri bəzi qurumlar görür, ondan sonra başqa qurum gəlir, o işlərin elə bil ki, yenidən görülməsinə səbəb olan addımlar atır. Burada ardıcıllıq əlbəttə ki, gözlənilməlidir. İlk növbədə, yeraltı işlərin görülməsi gündəlikdə olmalıdır. Kanalizasiya, yeraltı su, qaz, elektrik xətlərinin, ondan sonra yolların çəkilişi məsələləri həllini tapmalıdır. Əgər bu ardıcıllıq pozularsa və bu işləri görən qurumlar arasında əlaqələndirmə olmasa, onda biz bir işi iki-üç dəfə görməli olacağıq. Buna isə yol vermək olmaz. Əlaqələndirmə, ardıcıllıq plan üzrə getməlidir. Bu məsələlərlə bağlı İqtisadi İnkişaf Nazirliyində konkret cədvəl vardır. Hesab edirəm növbəti mərhələdə, - nəzərə alsaq ki, bu gündən başlayaraq gələn ilin sonuna qədər daha da böyük işlər görülməlidir, - əlaqələndirmə işlərinə daha da ciddi diqqət verilməlidir. Eyni zamanda, nəzarət mexanizmi daha da güclü olmalıdır. İşlərin böyük əksəriyyəti keyfiyyətlə görülür. Ancaq son bir il ərzində - keçən ilin may ayından bu günə qədər keçən dövr ərzində siqnallar gəlmişdir ki, bəzi işlər keyfiyyətsiz görülür. Məktəblər keyfiyyətsiz tikilir. İşlər keyfiyyətsiz görülür. Əlbəttə ki, burada ciddi nəzarət olmalıdır. Keyfiyyətə nəzarət olmasa, bu işin heç bir əhəmiyyəti olmayacaqdır. Biz əlbəttə ki, bütün işləri qısa müddət ərzində görməliyik, ancaq böyük keyfiyyətlə. Ayrılan vəsaitə də qənaətlə yanaşmaq lazımdır. Ən səmərəli yanaşma burada tətbiq edilməlidir. Görüləsi işlər hələ çoxdur. Son bir il ərzində müəyyən işlər görülüb. Amma əsas işlər bundan sonra görüləcəkdir. Bütün infrastruktur layihələrinin görülməsi üçün konkret tapşırıqlar verilib. Bu layihələr çox böyük vəsait tələb edir. Vəsait də nəzərdə tutulub. Həmçinin Proqrama əlavələr üçün də vəsait nəzərdə tutulub. Beləliklə, maliyyə problemlərimiz yoxdur. Əsas məsələ texniki peşəkarlıq, nəzarət, keyfiyyət və bu işləri görən insanların məsuliyyəti dərk etməsidir. Qazlaşdırma ilə bağlı Bakıda və ətraf qəsəbələrdə demək olar ki, əsas işlər görülüb. Bəzi yerlərdə təzyiqin aşağı səviyyədə olması problemlər yaradır. Amma hesab edirəm ki, bu məsələlər köklü şəkildə öz həllini tapmışdır. Qazlaşdırma təxminən 100 faizə yaxındır. Gələn müddət ərzində qazlaşdırma 100 faiz olmalıdır. Təzyiq də yüksək səviyyədə olmalıdır və heç bir fasilə olmamalıdır. Elektrik enerjisi ilə təchizatda da heç bir problem yoxdur. Artıq bir neçə ildir ki, bu məsələ öz həllini tapıbdır. Vaxtilə fasilələr də, kəsilmələr də olurdu, bu problem bizi həmişə narahat edirdi. Son illər ərzində tikilmiş yeni stansiyaların fəaliyyətə başlaması, Bakı Elektrik Şəbəkə sisteminin təkmilləşdirilməsi və onun dövlət nəzarətinə qaytarılması nəticəsində bu sahədə də köklü dəyişikliklər baş vermişdir. Beləliklə, Bakı şəhərində və ətraf qəsəbələrdə işıqla problem demək olar ki, yoxdur. Ancaq bununla bərabər, bəzi küçələrdə işıq dirəkləri yoxdur. İndi mərkəzi küçələrdə hər yerdə gözəl işıq dirəkləri quraşdırılıbdır. Onlar həm yaxşı işıq verir, həm də ki, zövq oxşayır. Amma kənar küçələrin bir çoxunda işıq dirəkləri ümumiyyətlə yoxdur. İşıq xətləri çəkilməyib. Bir müddət bundan əvvəl mən qarşıya vəzifə qoymuşam ki, bu məsələyə də diqqət göstərilsin. Tədricən bu işlər görülməyə başlanmışdır. Elə etməliyik ki, gələn ilin sonuna kimi Bakı şəhərinin bütün küçələrində müasir işıq dirəkləri və daim, davamlı işıq olsun. Su və kanalizasiya məsələlərinin həlli əsas diqqəti cəlb etməlidir. Çünki bayaq qeyd etdiyim kimi, bu problem bütün dövrlərdə aktual idi. Biz isə bu problemi köklü şəkildə həll etmək əzmindəyik. Bakı şəhərinin kanalizasiya layihəsi icra edilir. Müəyyən işlər görülüb, daha da böyük işlər görülməlidir ki, ən müasir standartlara cavab verən sistem yaradılsın. Bakını içməli su ilə təchiz etmək üçün böyük işlər görülür. Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara verilməsi bu sahədə atılmış böyük addımdır. Əlavə tədbirlərin görülməsi və "Azərsu" şirkətinin yeni təklifləri imkan verəcək ki, biz Bakının su problemlərini köklü şəkildə həll edək. İndi yaxşılığa doğru addımlar atılıbdır. Ancaq biz indiki bu vəziyyətlə də barışa bilmərik. İndi fasilələr azalıb, suyun verilmə müddəti artırılıb. Ancaq biz elə etməliyik ki, Bakı şəhərində və Bakı qəsəbələrində 24 saat keyfiyyətli içməli su olsun. Mən qarşıya belə vəzifə qoymuşam. Əlbəttə, bu, böyük və çətin problemdir. Bakı böyük şəhərdir. Bakı Cənubi Qafqazın və bölgənin ən böyük şəhəridir. Əhalimiz də artır. Bakının əhalisi iki milyonu ötübdür. Burada su və kanalizasiya problemlərinin həlli həm çox böyük maliyyə vəsaiti, həm də texniki imkanlar tələb edir. Ancaq qarşıya bu vəzifə qoyulub. Biz bu vəzifəyə doğru getməliyik. Görülən işlər nəticəsində yeni sutəmizləyici qurğular tikilməkdədir. Bakıda yeni su anbarları tikilir ki, ümumiyyətlə onlar heç vaxt olmamışdır. Bu anbarlar olmadan şəhəri dayanıqlı şəkildə su ilə təmin etmək mümkün deyildir. Sutəmizləyici qurğular, süzgəclər və xətlər dəyişdirilməlidir, yenilənməlidir. Bu, böyük işlər, böyük peşəkarlıq tələb edən məsələlərdir. Ancaq vəzifə belə qoyulub ki, Bakının su problemləri birdəfəlik həll edilsin və icra olunan bu layihə gələcəyə də hesablansın. Çünki əhali artır, tələbat artır, iqtisadiyyat artır, sənaye potensialı artır. Beləliklə, biz uzunmüddətli strategiyamızı ona əsasən hesablamalıyıq. Bununla paralel olaraq, bütün bölgələrdə, bütün rayon mərkəzlərində və bəzi kəndlərdə indi böyük su-kanalizasiya layihələri icra edilir. Bölgələrdə isə ümumiyyətlə su problemi heç vaxt lazımi səviyyədə olmamışdır. Kanalizasiya, ümumiyyətlə yox idi. Ona görə bütün rayon mərkəzlərini su və kanalizasiya ilə təmin etmək üçün indi konkret tapşırıqlar verilmişdir. Bu Proqramı da biz çalışmalıyıq, gələn ilin sonuna qədər yekunlaşdıraq. Əgər buna imkan olmasa, 2014-cü ilin sonuna qədər bütün rayon mərkəzlərinin və ətraf böyük kəndlərin su-kanalizasiya problemləri həll edilməlidir", Azərbaycan Prezidenti deyib.

Onun sözlərinə görə, qarşıya vəzifə qoyulubdur ki, Bakının hər bir yerdə 24 saat, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun səviyyədə təmiz içməli su təmin edilsin.

"Eyni zamanda, su sayğaclarının quraşdırılması prosesi daha da sürətlə getməlidir. Vaxtilə heç qaz, işıq sayğacları da olmamışdır. Biz yaxşı xatırlayırıq ki, bu sahədə nə qədər böyük pozuntular olmuşdur, nə qədər böyük problemlər yaranmışdır. Yığım çox aşağı səviyyədə idi -8 faiz, 10 faiz. Yadımdadır, 7-8 il bundan əvvəl yığımın 20 faizi keçmirdi. İndi qaz, elektrik enerjisi yığımında biz təxminən 100 faizə yaxınlaşmışıq. Nəyin hesabına? Nizam-intizam gücləndirildi, qanunsuz əməllərə son qoyuldu və müasir sayğaclar quraşdırıldı. Artıq vətəndaş bilir nəyin pulunu ödəyir. "Smart-kart" sayğaclarının quraşdırılması da hesab edirəm ki, çox uğurlu təşəbbüs idi. İndi hər bir vətəndaş qazı kartla almaqla rahat ödəmələr aparır və nəzarətçi ilə artıq heç bir əlaqə, ünsiyyət yoxdur. Bu, eyni zamanda, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə çox ciddi vasitədir. Su sayğaclarının quraşdırılması da davam edir və daha sürətlə getməlidir. Biz buna nail olsaq, - əminəm ki, olacağıq, - bu sahədə də nizam-intizam yaradılacaqdır. Beləliklə, bu layihələr, eyni zamanda, istilik təchizatının yaxşılaşdırılması məsələləri paralel şəkildə aparılmalıdır. Biz bu məsələlərə də həmişə diqqət vermişik. Son bir neçə il ərzində bu sahədə də dönüş yaranmışdır. "Azəristiliktəchizat" təşkilatı yaradılmışdır. Bütün istilik təsərrüfatı orada cəmləşmişdir. Artıq bu proses gedir və vaxtilə istiliyi kəsilmiş evlərə yeni layihələrin icrası nəticəsində istilik verilir. Bu, həm ucuz enerjidir, həm elektrik enerjisinə qənaətdir, həm də insanların maddi rifahına dəstəkdir. Biz çalışmalıyıq ki, bu prosesi sürətləndirək. Məndə olan arayışa görə, son müddət ərzində yüzlərlə ev, demək olar ki, bütün məktəblər, uşaq bağçaları, səhiyyə obyektləri istiliklə təchiz edilmişdir. Ancaq o illəri də xatırlayırıq ki, istilik demək olar, heç yerdə yox idi. Əlbəttə ki, bu sahə ilə bağlı mən ciddi məşğul olmuşam. Bilirəm ki, bəzi hallarda vaxtilə təchizatın kəsilməsi nəticəsində batareyalar da kəsilmişdir. O evlərə gedən xətlər də kəsilmişdir. Onları bərpa etmək çətindir. Ancaq çalışmalıyıq ki, bu işlər daha da sürətlə getsin. Yol təsərrüfatının təmiri və tikintisi layihələri Bakıda uğurla gedir. Deyə bilərəm ki, Bakı şəhərində bu sahədə aparılan işlər bəlkə də heç bir başqa şəhərdə aparılmır. Son illər ərzində 30-dan çox böyük yol qovşağı, tunellər, körpülər tikilmişdir. Onlar həm memarlıq abidələridir, eyni zamanda, əgər vaxtilə biz bu layihələrə başlamasaydıq, indi Bakının nəqliyyatı iflic vəziyyətə düşərdi. Çünki biz təqribən 2006-2007-ci illərdə artıq birinci layihələri icra etməyə başlamışdıq. Bu gün Bakını son beş il ərzində tikilmiş bax, bu körpülərsiz, yol qovşaqlarsız təsəvvür etmək çətindir. Hamımız yaxşı xatırlayırıq ki, Bakı-Aeroport yolunda neçə dairə var idi. Hər bir dairədə insanlar saatlarla dayanırdılar. Əgər biz dairələri ləğv etməsəydik, yeni qovşaqlar yaratmasaydıq, indi Bakıdan aeroporta getmək üçün ən azı iki saat vaxt lazım olacaqdı. Təkcə Bakı-Aeroport yolu deyil, başqa istiqamətlərdə də yol qovşaqları tikilir, yollar genişləndirilir, yeni yollar salınır. Bəzi hallarda sənaye obyektləri köçürülür. Baxmayaraq ki, yenə də deyirəm, 30-dan çox yol qovşağı tikilmişdir, yeni yollar, yeni arteriyalar, yeni damarlar çəkilir və bu proses davam etdirilir. Yeni layihələr, yeni planlar vardır. Biz bu planları icra edəcəyik. Eyni zamanda, qəsəbədaxili yollar diqqət mərkəzində olmalıdır. Qeyd etdiyim kimi, ardıcıllıqla. Çünki Bakı qəsəbələrində, - qəsəbə sakinləri bunu yaxşı bilirlər, - yolların əksəriyyəti torpaq yollar idi. Mən də qəsəbələrdə tez-tez olaraq bu məsələyə fikir vermişəm, diqqət göstərmişəm. Qarşıya vəzifə qoyulmuşdur ki, Bakı qəsəbələrində torpaq yol olmamalıdır. Heç kəndlərdə, bölgələrdə də olmamalıdır. İndi görürsünüz, bölgələrdə kənd yollarının tikintisinə Prezidentin Ehtiyat Fondundan nə qədər vəsait ayrılır ki, kəndlərə gedən yollar da asfalt yollar olsun. Ancaq Bakı qəsəbələrində torpaq yolların mövcudluğu, ümumiyyətlə, dözülməzdir. Ona görə su-kanalizasiya layihələri başa çatdıqdan sonra, yaxud da ki, onlarla paralel olaraq qəsəbədaxili yolların hamısı asfaltlanmalıdır, genişləndirilməlidir və rahat şərait yaradılmalıdır. Qəsəbələrarası yolların bəziləri magistral yolların bir hissəsidir. Misal üçün, hazırda Bakı-Bilgəh-Sumqayıt yolunun tikintisi aparılır. Bu yolun üzərində bir neçə kənd yerləşir və beləliklə, biz qəsəbələrarası yolların həllinə də nail oluruq. Bu da çox böyük yoldur, yeni yoldur, heç vaxt olmamışdır. Bu yolun çəkilişi həm qəsəbələr arasında nəqliyyatın hərəkətini asanlaşdıracaq, eyni zamanda, Bakını Sumqayıt ilə yeni gözəl dənizkənarı yolla birləşdirəcəkdir. İndi Bakı şəhərində digər layihələr də icra edilməkdədir. Yeni ideyalar, yeni təkliflər, fikirlər vardır. Yəni, bu, daimi proses olmalıdır və biz əlbəttə ki, bu işləri görməklə həm indiki vəziyyəti yaxşılaşdırırıq, həm də gələcəyə əsas bir zəmin yaradırıq. Çünki Bakı şəhəri böyüyəcəkdir. Buna heç kimin şübhəsi olmasın. Bu gün Bakının əhalisi iki milyondan artıqdır. Ancaq dünyanın elə şəhərləri var ki, onların əhalisi beş milyon, altı milyon, yeddi milyon səviyyəsindədir", deyə dövlət başçısı bildirib.

İlham Əliyev vurğulayıb ki, bizdə iqtisadi inkişaf sürətlidir.

"Əhalinin artması prosesi müsbət istiqamətdə gedir. Artıq 9 milyon 200 min əhalimiz vardır və son illər ərzində statistika onu göstərir ki, doğuşlar daha da çoxalır. Bu, məni çox sevindirir və əvvəlki dövrlə müqayisədə dünyaya daha da çox körpə gəlir. Beləliklə, Bakının, Azərbaycanın əhalisi artacaq və biz bütün infrastruktur layihələrimizi gələcəyə - 30 il, 40 il bundan sonrakı dövrə hesablamalıyıq. Elə şərait yaratmalıyıq ki, onilliklər bundan sonra, bax, bu gün icra olunan layihələr insanlara xidmət göstərsin. Necə ki, biz bu gün 20 il, 30 il, 40 il bundan əvvəl görülmüş işlərdən bəhrələnirik, onlardan istifadə edirik, eləcə də gələcək nəsillər də bu gün bizim gördüyümüz işlərdən bəhrələnməlidirlər. Bu, həm yol-nəqliyyat infrastrukturuna, həm də bütün başqa sahələrə aiddir. Nəqliyyata gəldikdə, bu sahədə də müsbət meyillər müşahidə olunur. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yaradılıbdır. Bu da dünya miqyasında nadir, bir sistemdir. Yeni avtobuslar, yeni taksilər gətirilir. Bütün bunlar insanların rahatlığı üçün edilir. Metro tikintisi sürətlə gedir, daha da sürətlə getməlidir. Çünki biz Metronun Uzunmüddətli İnkişaf Planını qəbul etdik və qarşıya vəzifə qoyuldu ki, 2030-cu ilə qədər Bakıda metro stansiyalarının sayı 70-ə çatsın. Nəzərə alsaq ki, bizim indi 23 stansiyamız var, onlardan üçü son illər ərzində tikilmişdir. Beləliklə, ildə Bakıda bir neçə stansiya tikilməlidir. Mən hesab edirəm ki, bu sahəyə daha da böyük diqqət göstərilməlidir. Əlbəttə ki, özümüzün texniki imkanlarımız, şirkətlər vardır. Amma iş həcminin böyük olduğunu nəzərə alaraq hesab edirəm, biz bu layihəyə xarici şirkətləri də cəlb edə bilərik ki, işlər daha da sürətlə getsin. Yəni, 2030-cu ilə qədər təqribən 50-yə yaxın yeni stansiyanın tikintisini təmin etmək üçün orta hesabla ildə bir neçə stansiya təhvil verilməlidir. Bu da çox böyük layihədir. Ancaq bu da gələcəyə yönəlmiş bir baxışdır. Çünki əgər biz bu layihəni icra etməsək, nə qədər yol qovşağı tiksək də, Bakının tıxac problemlərindən canımızı qurtara bilməyəcəyik. Böyük şəhərlərdə elə yerlər vardır ki, orada 4-5-6 mərtəbəli yollar tikilir. Elə yollar var ki, o, binaların 6-cı, 7-ci mərtəbəsinin səviyyəsindədir. Yəni, nədən belə bir vəziyyət yaranıb? Çünki yolları artıq genişləndirməyə imkan yoxdur. Ona görə də biz də öz işimizi elə aparmalıyıq, elə hesablamalıyıq ki, gələcəkdə problem olmasın. İndi biz bu günün problemlərini həll edəcəyik. Müzakirə etdiyimiz Proqramın gələn ilin sonuna qədər, ondan sonra regionların iqtisadi inkişaf Proqramının icrası nəticəsində bütün bu problemlər həll olunacaqdır. Biz gələcək haqqında düşünməliyik və nəqliyyat sektorundakı məsələlər orada əlbəttə ki, prioritetlərdən biridir. Sosial infrastrukturun təkmilləşdirilməsi ilə bağlı burada çıxışlarda səsləndi ki, neçə məktəb təmir edilib, neçə məktəb tikilib. Bütün göstərişlər verilmişdir. Qəbul edilmiş Proqrama əlavə olaraq onlarla yeni məktəbin tikintisi nəzərdə tutulur və beləliklə, mən əminəm ki, gələn dərs ilinə qədər Bakının bütün məktəb problemləri həll ediləcəkdir. Yəni, məktəblərin maddi-texniki bazası yenilənəcək, bir dənə də olsun təmirsiz məktəb qalmayacaqdır. O ki qaldı uşaq bağçalarının vəziyyətinə, bu sahədə hələ görüləsi işlər çoxdur. Çünki indiki uşaq bağçalarının, burada olan uşaqların sayı bizi qane etmir. Məndə olan məlumata görə bu, Bakı şəhərinin tələbatının təqribən 20 faizini təşkil edir. Yəni, əgər biz indi bərbad vəziyyətdə olan mövcud uşaq bağçalarını bərpa etsək belə, yenə də bu, problemin həlli deyildir. Problemin həlli ondadır ki, yeni uşaq bağçaları tikilsin. Yaxşı ki, vaxtilə tikilmiş uşaq bağçaları böyük ərazini əhatə edir. İndi həmin ərazidə yeni korpuslar tikilə bilər. Bu da bir yoldur. Digər yol ondan ibarətdir ki, - bu da bizim digər proqramlarımızla uzlaşır, - "Qaçqınların və məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramı"nda erməni işğalından əziyyət çəkmiş soydaşlarımızın köçürülməsi məsələləri dayanmışdır. Bu Proqram da icra edilir. Bildiyiniz kimi, çadır şəhərcikləri artıq beş ildir ki, ləğv edilib. İndi yataqxanalarda məskunlaşmış soydaşlarımızın evlərə köçürülməsi prosesi gedir. Fin evlərində, o cümlədən uşaq bağçalarında yaşayan köçkünləri də biz normal şəraitlə təmin etməliyik. Bu vəzifə də qarşıya qoyulub və hesab edirəm ki, bu konfransdan sonra bu məsələyə daha da ciddi diqqət göstərilməlidir. Həm Qaçqınkom, həm Bakı Şəhər İcra Hakimiyyəti birgə baxsınlar, bir cədvəl tutsunlar ki, biz soydaşlarımızı o uşaq bağçalarından yeni evlərə köçürək, bu bağçaları isə uşaqların sərəncamına verək. Elə hallar var ki, bağçanın bir hissəsində uşaqlar qalır, bir hissəsində isə qaçqın ailələri. Buna artıq dözmək olmaz. Amma yenə də deyirəm, biz köçkünləri ancaq o vaxt köçürə bilərik ki, onlar üçün lazımi şərait yaradılsın. Beləliklə, uşaq bağçalarının problemlərinin həlli üçün biz əlavə tədbirlər görməliyik. Burada həm bağçaların vəziyyəti, təmiri, eyni zamanda, yemək məsələləri nəzərdə tutulmalıdır. Çünki məktəbdən fərqli olaraq, uşaq bağçalarında körpələr hələ öz hüquqlarını müdafiə edə bilmirlər. Onlara verilən yeməyi yeyir, verilən suyu içirlər. Ona görə, burada bu işlərə rəhbərlik edənlərdən çox şey asılıdır. Mən çox narahatam və narahat idim ki, gələn siqnallar da onu göstərir, hətta uşaqlara heç o aşağı səviyyəli normativlər də, onlar da verilmir. Uşaqlar ya ac qalır, ya da ki, evlərindən özü ilə yemək gətirirlər. Bu, dözülməz haldır. Mən son müddət ərzində dəfələrlə uşaq bağçalarında vəziyyətlə tanış olmuşam və eyni zamanda, bu yemək məsələləri ilə də maraqlanmışam. İndi bu məsələlər paytaxtda Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilibdir və çox ciddi göstərişlər verilmişdir ki, yemək məsələləri birinci planda olmalıdır. Hacıbala Abutalıbovun mənə verdiyi məlumata görə, bu sahədə dönüş yaranmışdır. Əlbəttə ki, bu məlumat inandırıcıdır. Ancaq mən valideynlərdən xahiş edirəm, əgər hər hansı bir bağçada yeməklə problem varsa, ya verilmir, ya keyfiyyətsiz verilir, Prezident Administrasiyasına və Bakı Şəhər İcra Hakimiyyətinə, İqtisadi İnkişaf Nazirliyinə məlumat versinlər ki, biz bu məsələləri də həll edək. Uşaq bağçalarının hamısı təmirli olmalıdır. Hamısında da keyfiyyətli yemək verilməlidir ki, uşaqlarımız sağlam böyüsünlər. Proqramda səhiyyə məsələlərinin həlli də nəzərdə tutulur. Əlavə tibb məntəqələri, xəstəxanalarla bağlı, - burada qeyd olundu, vətəndaşların xahişi nəzərə alınmışdır - Prezidentin Ehtiyat Fondundan vəsait ayrılmışdır ki, təxirəsalınmaz tədbirlər görülsün. Ancaq əlbəttə ki, əsas işlər dövlət büdcəsinin xətti ilə görülür. Elə etməliyik ki, biz səhiyyə məntəqələrinin fəaliyyətini yaxşı səviyyədə saxlayaq. Ona nə qədər lazımdırsa vəsait ayrılacaqdır ki, bütün qəsəbələrdə keyfiyyətli tibbi xidmət göstərilsin" deyə Prezident İlham Əliyev qeyd edib.

Onun sözlərinə görə, keçən ildən Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə Bakı qəsəbələrinin iş adamlarına da vəsait ayrılmağa başlanmışdır.

"Bu proses gələn il davam etdiriləcəkdir. Bu il Fondun idarə etdiyi məbləğ rekord həddə çatıb - 200 milyon manatdır. Lazım olsa, gələn il biz bu məbləği artıra bilərik. Çünki biz görürük ki, bu mexanizm çox gözəl işləyir. Bölgədə yaradılmış yeni müəssisələrin böyük hissəsi, o cümlədən bu kreditlərin hesabına mümkün olmuşdur. Çünki biznesə başlamaq, öz işini qurmaq üçün bəzi hallarda insanlarda ilkin kapital olmur. O ilkin kapitalı güzəştli şərtlərlə dövlət verir və beləliklə, sənayenin inkişafını stimullaşdırır, iş yerlərinin yaradılmasına da xidmət göstərir. Bakı qəsəbələrində bu proses başlamışdır. Artıq qeyd etdiyim kimi, buradakı stendlərdə ilkin işlər göstərilir. Bu işlər davam etdirilməlidir. Bakı böyük sənaye mərkəzidir. Həmişə belə olub, sovet dövründə, inqilabdan əvvəl də belə olub. Bakı əslində sənaye şəhəri kimi formalaşmışdır. Təsadüfi deyildir ki, şəhərin mərkəzində çoxlu sənaye obyektləri, zavodlar, fabriklər vardır ki, bunlar da bizim indiki yanaşmamıza uyğun gəlmir. Ancaq biz bu sahəyə də diqqət veririk. Yeni yanaşma ondan ibarətdir ki, köhnəlmiş sənaye obyektləri şəhərin mərkəzindən çıxarılsın. Bu proses gedir, köçürmələr davam edir. Burada mən deyə bilərəm ki, çox güclü iradə göstərilmişdir. Bəzi hallarda müqavimət də var idi. Bizim Bakı ilə bağlı planlarımız bəzi hallarda bəzi vətəndaşlar tərəfindən o qədər də dərk edilmirdi. Ancaq bugünkü Bakının gözəlliyi, yeni yaradılmış şərait göstərir ki, vaxtilə qəbul edilmiş qərarlar düzgün qərarlar idi. Vaxtilə köhnəlmiş, fəaliyyət göstərməyən sənaye müəssisələrinin yerində gözəl binalar, ictimai yerlər yaradılmış, parklar salınmışdır. Onların bir neçəsini xatırlamaq kifayətdir. Səttarxan zavodunun ərazisində dünyanın memarlıq möcüzəsi sayılan Heydər Əliyev Mərkəzi artıq mayın 10-da açılmışdır. İndi o ərazidəki əvvəlki vəziyyəti heç təsəvvür etmək belə çətindir. Bu mərkəz, yenə də deyirəm, dünyanın müasir memarlıq abidələrinin siyahısındadır, onların içərisində öz gözəlliyi, funksional tərəfi ilə seçilir. Lampa zavodu, şifer zavodu və digər zavodlar artıq yoxdur. Bizim sənayemiz bundan, necə deyərlər, zərər görmür. Bu ilin birinci rübünün statistik göstəricilərinə görə, qeyri-neft sənayemiz 16 faiz artmışdır. Yəni, bu işlər düzgün istiqamətdə görülən işlərdir. Yeni parklar salınır. Elə o lampa zavodunun ərazisində indi gözəl fəvvarə, gözəl park insanların sərəncamına verilmişdir. İndi gənclər bəlkə də onu xatırlamırlar, amma bizim nəsil yaxşı xatırlayır ki, o mənzərə necə idi. Yəni, bu gözəlləşmə, abadlıq, quruculuq işləri davam etdirilməlidir. Yaxud da ki, götürək Yeni Bakı Bulvarını. Bir müddətdən sonra insanların yadından çıxacaqdır ki, o sahə ümumiyyətlə, necə deyərlər, hasarın arxasında qalmışdı. O hasarın arxasında köhnəlmiş zavodlar, gəmi təmiri zavodları və başqa köhnəlmiş sənaye obyektləri yerləşmişdi. Yol da çox dar idi. Bir-iki ildən sonra o da yaddan çıxacaqdır, qoy, elə yaddan çıxsın. Biz onları köçürdük, sənayenin inkişafına heç bir zərər vermədən yeni bulvar - iki kilometrlik gözəl gəzinti yerləri salındı. Orada xüsusi velosiped zolaqları da yaradılmışdır ki, insanlar rahat istifadə etsinlər. Ümumiyyətlə, Bakı Bulvarının Bayraq Meydanındakı bulvar ilə birlikdə uzunluğu 3,5 kilometrdən 14 kilometrə çatmışdır. İndi Bayraq Meydanında "Eurovision" mahnı müsabiqəsindən sonra təmizləmə işləri görülür. Yaxın zamanlarda Bayraq Meydanı da açılacaqdır və insanlar orada gəzəcəklər, istirahət edəcəklər. Bu da dünya miqyasında nadir bir yerdir. Həm müstəqilliyimizin, dövlətçiliyimizin rəmzidir, eyni zamanda, gözəl istirahət parkıdır. Altmış hektar ərazidə yerləşən bu Bayraq Meydanı hələ də sahəsini genişləndirir. Hazırda Bayraq Meydanından Bibiheybət istiqamətinə yeni bulvar salınır. Əgər hər şey plan üzrə gedərsə, yəqin ki, bir-iki ildən sonra o sahə böyük istirahət və əyləncə zonasına çevriləcəkdir. O zona ilə bağlı bizim böyük fikirlərimiz, planlarımız vardır. Parklar zonası Bibiheybətə qədər uzadıla bilər. Yəni, budur yeni yanaşma. Şəhərin mərkəzindən köhnəlmiş, yararsız vəziyyətdə olan sənaye obyektləri köçürülür, onların yerində ictimai yerlər, parkinqlər yaradılır. İndi köçürmələr aparılır. Heydər Əliyev Sarayının arxasındakı yerlər köçürülübdür, bazar qiymətindən artıq səviyyədə kompensasiya da verilibdir. Bunu hamı bilsin. Amma onun yerində nə tikilir?! Deyirdilər ki, buradan əhali köçürülür, bura satılacaqdır, binalar, restoranlar tikiləcəkdir. Orada ikimərtəbəli yeraltı parkinq tikilir, üstü də park, gəzinti zonası, meşə zolaqları olacaqdır. Bu, şəhərimizə hava-su kimi lazımdır. Çünki yaşıllıq, meşə zolaqları azdır. Ona görə köhnəlmiş sənaye obyektlərinin ərazilərində ictimai yerlər - parklar, yeraltı parkinqlər və yaşıllıq zolaqları yaradılır. Bəzi hallarda bu yerlərin bir hissəsi özəl yerlərlə kəsişir və hesab edirəm ki, bu sahədə özəl sektor da məsuliyyətli olmalıdır. Biz hamımız bu şəhərdə yaşayırıq, Bakı hamımızın paytaxtıdır. Bakının gözəlləşməsi üçün hamımız fədakar olmalıyıq. Ona görə, əgər hansısa yeni inkişaf layihələri müəyyən dərəcədə özəl torpağa da düşürsə, burada, əlbəttə, kompensasiya verməklə, ilk növbədə, dövlət maraqları və Bakı sakinlərinin maraqları ön planda olmalıdır. Çünki vaxtilə aparılmış özəlləşdirmə nəticəsində bəzi hallarda şəhərin mərkəzində yerlər qanunsuz olaraq zəbt edildi, ondan sonra hasar çəkildi, ondan sonra heç nə, elə torpaq kimi qalıb. Biz indi bu vəziyyətlə barışa bilmərik. Şəhərin mərkəzində, ya kənarında kifayət qədər yerlər vardır ki, hasara alıb saxlayıblar. Niyə saxlayırlar?! İndi şəhər inkişaf edir, yollar, yol qovşaqları çəkilməlidir, yeraltı parkinqlər, parklar, yaşıllıq zolaqları tikilməlidir. Ona görə, şəhər meriyası bu məsələlərlə bağlı, əlbəttə ki, qanun çərçivəsində bütün işləri elə görməlidir ki, ilk növbədə Bakı şəhərinin sakinləri o yerlərdən istifadə etsinlər. Biz imkan verə bilmərik ki, şəhərin mərkəzində hektarlarla ərazi hasarlanıb və ora elə ölü vəziyyətdə qalıbdır, insanlar da gəzməyə yer axtarırlar. İndi axşam vaxtlarında bulvarda tərpənməyə imkan yoxdur. Baxmayaraq ki, biz bulvarı genişləndirmişik, dənizə tərəf uzatmışıq, yenə də o qədər insan gəlir ki, orada indiki bulvar artıq kifayət etmir. Yəni insanların rahatlığı üçün şəhərdə gəzinti yerləri, parklar, meşə zolaqları tikilməlidir. Biz bunu edəcəyik. Amma yenə də deyirəm ki, özəl qurumlar bu məsələyə diqqətlə yanaşsınlar, özləri könüllü şəkildə təşəbbüs göstərsinlər. Əlbəttə ki, bu məsələlər onsuz da qanun çərçivəsində həll olunacaqdır", İlham Əliyev deyib.

Prezidentin sözlərinə görə, Bakının sənaye inkişafına verilən diqqət yüksək səviyyədədir.

"Bakı sənaye şəhəri kimi, əlbəttə ki, inkişaf etməlidir. Yeni, böyük sənaye obyektləri, - mən bu barədə əvvəllər də fikrimi bildirmişəm, - Qaradağ rayonu ərazisində tikilməlidir. Orada böyük ərazi vardır. İndi orada böyük sənaye müəssisələri, sement zavodu, başqa zavodlar tikilir. Neft Şirkəti Qaradağ rayonu ərazisində böyük neft-kimya kompleksi tikəcəkdir. Ələtdə yeni Dəniz Ticarət Limanı, gəmiqayırma zavodu tikilir. Yəni, biz Bakı sənayesini daha çox Qaradağ rayonunun ərazisində yerləşdirməliyik. Texnoparkların yaradılması məsələləri də bu məqsədə xidmət etməlidir. Texnoparklara gəldikdə, həm Bakıda, Sumqayıtda, Gəncədə bu proses gedir. Bu, bizə imkan verəcək ki, giriş sözümdə dediyim kimi, 2023-cü ilə qədər qeyri-neft sənayesinin inkişafı hesabına ümumi daxili məhsulu iki dəfə artıraq. Ekoloji tədbirlərin görülməsi ilə bağlı bir neçə söz demək istəyirəm. Bu məsələ daim diqqət mərkəzində olmalıdır. Bakının ekoloji vəziyyəti bizi qane edə bilməz. Bu, reallıqdır. Əfsuslar olsun ki, əsrlər boyu Bakı sənaye şəhəri formalaşıb, xüsusilə neft sənayesi burada yaranıb. Həmişə şəhər ekoloji cəhətdən çox ağır vəziyyətdə idi. Sovet dövründə müəyyən standartlar var idi, sovet standartları var idi. O standartlar gözlənilirdi. Amma indi biz bilirik ki, o standartlar dünya standartlarına əlbəttə, uyğun deyildir. Postsovet dövründə, xüsusilə ilk illərində maliyyə vəziyyətimiz çox ağır idi. Bizim çox böyük ehtiyacımız var idi. Biz bu məsələlərə lazımi qədər vəsait ayıra bilmirdik. İndi isə biz bunu edirik, etməliyik və bütün sahələr üzrə konkret tapşırıqlar verilmişdir. Burada qeyd edildi, Balaxanıda poliqon yaradılıbdır. Vaxtilə Balaxanı zibilxanasından qalxan tüstü bütün şəhəri bürüyürdü, zəhərləyirdi. İndi ora gözəl bir parkdır. Məişət tullantıları emalı zavodunun tikintisi nəticəsində artıq bu məsələlər öz həllini tapacaqdır. İçməli su, kanalizasiya layihələri, göllərin təmizlənməsi məsələləri ilə də bağlı İqtisadi İnkişaf Nazirliyinə göstəriş verilmişdi. Bakının ərazisində yerləşən göllər təmizlənməlidir. İlk növbədə, oraya axıdılan suların təmizlənməsi və yeni xətlərin çəkilişi məsələləri həllini tapmalıdır. Biz gərək, ilk növbədə, çirklənmənin səbəbini aradan qaldıraq. Ondan sonra biz təmizləmə, ekoloji tədbirlərlə indiki gölləri gözəl, təmiz göllərə çevirməliyik. Onların ətrafında meşə zolaqları, parklar salınmalıdır ki, insanlar bu göllərdən istifadə etsinlər. Bütün bu göllərin siyahısı vardır. Konkret tapşırıqlar verilmişdir. Bu il müəyyən dərəcədə vəsait də nəzərdə tutulur. Əsas vəsait gələn il və 2014-15-ci illərdə ayrılacaq ki, bu gölləri biz gözəl, şəffaf, təmiz göllərə çevirək. Beləliklə, həm insanların istirahəti üçün yeni yerlər yaradılacaq, həm də ekoloji vəziyyət yaxşılaşacaqdır. Bakıda yerləşən yod zavodunun qalıqlarının köçürülməsi prosesi də başlamışdır. Bu da çox zəhərli müəssisə idi. O işləmir, ancaq onun ətrafında yerləşən tullantılar zəhərlidir. Büdcədə vəsait nəzərdə tutulub. Həmin vəsait Fövqəladə Hallar Nazirliyinə ayrılıb. Onlar indi işləyirlər. Bu ilin sonuna qədər yod zavodunun ərazisi tamamilə təmizlənəcəkdir. Ağacəkmə məsələləri də yaddan çıxmamalıdır. Mən çox şadam ki, "Ekologiya ili"ndə bütün şəhər, rayon icra hakimiyyətlərində böyük fəallıq nümayiş etdirilirdi. Hər yerdə ağacəkmə prosesləri gedirdi. "Ekologiya ili" başa çatandan sonra yavaş-yavaş bu proses - yeni ağacların əkilməsi, yeni zolaqların yaradılması səngiməyə başlamışdır. Düzdür, biz dövlət xətti ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə vəsait ayırırıq, onlar bu prosesi davam etdirirlər. Nəzərdə tutulmuş yerlərdə yeni ağaclar əkilir. Ancaq hesab edirəm ki, əlbəttə, mövsüm gələndə rayon icra orqanları da ağacəkmə məsələlərinə yenə də diqqət göstərməlidirlər. Bu, kampaniya olmamalıdır, bu, daimi, gündəlik iş prosesi olmalıdır. Şəhərimizin tarixi abidələrinin qorunması yüksək səviyyədədir. Bizim üstünlüyümüz ondan ibarətdir ki, Bakı qədim, tarixi və müasir şəhərdir. Bakıda tarixi gözəllik, memarlıq abidələrimiz və qədim Bakının siması müasir Bakının siması ilə uzlaşır. Yəni, ziddiyyət təşkil etmir. Bakıya gələn qonaqlar bunu qeyd edirlər ki, burada qədim dövr ilə müasir dövr arasında sintez, harmoniya vardır. Bəzi hallarda, bəzi şəhərlərdə bu harmoniya olmur. Amma bizim məqsədimiz elə ondan ibarət idi ki, Bakının qədim simasını saxlamaqla, bütün tarixi abidələri bərpa etməklə yanaşı, müasir Bakımızın yeni simasını da yaradaq və buna nail olduq. Bu gün artıq Bakının yeni simvolları, rəmzləri vardır. Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı, "Alov qüllələri", "Bakı Kristal Sarayı"- bunlar Bakımızın yeni simvollarıdır, Azərbaycanın inkişaf dinamikasını göstərən abidələrdir. Şəhərimizi gözəlləşdirmək üçün biz bundan sonra da fəal işləməliyik. Mən çox şadam ki, cəmiyyətdə və dövlət qurumları nümayəndələri arasında bu məsələ ilə bağlı çox böyük fəallıq, böyük ruh yüksəkliyi və şəhərimizə böyük məhəbbət vardır", deyə Azərbaycan Prezidenti vurğulayıb.

Dövlət başçısının sözlərinə görə, Bakı doğrudan da, dünyanın ən gözəl şəhərlərindən biridir.

"Mən demişəm, bir daha demək istəyirəm ki, vaxt gələcək deyəcəyik ki, Bakı dünyanın ən gözəl şəhəridir", deyə İlham Əliyev bildirib.

Xəbər lenti

Xəbər lenti