...

Polis Akademiyasında Azərbaycan Polisinin peşə bayramına həsr olunmuş təntənəli mərasim keçirilib

Siyasət Materials 2 İyul 2012 14:14 (UTC +04:00)
Bu gün Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan Polisinin peşə bayramına və 2011-2012-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.
Polis Akademiyasında Azərbaycan Polisinin peşə bayramına həsr olunmuş təntənəli mərasim keçirilib

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir E.Mehdiyev/

Bu gün Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan Polisinin peşə bayramına və 2011-2012-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.

Trend-in DİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov təntənəli mərasimdə çıxış edərək ötən 94 il ərzində Azərbaycan Polisinin keşməkeşli olduğu qədər şərəfli bir yol keçdiyini, müxtəlif mərəhələlərdə hansı adla fəaliyyət göstərməsindən asılı olmayaraq, vətənə, xalqa, anda sədaqətlə, ləyaqətlə xidmət etdiyini, polis orqanlarının zamanın bütün sınaqlarından mətinliklə çıxdığını, dövlətçiliyin əsas sütunlarından birinə çevrildiyini vurğuladı.

Nazir Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin kadrların hazırlanması işinə hər zaman xüsusi önəm verdiyini, bir neçə gün öncə, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin növbəti buraxılışına həsr olunmuş təntənəli mərasimdəki nitqində də möhtərəm dövlət başçımızın gənc kadrların hazırlanması prosesini bizim gələcəyimizi şərtləndirən amillərdən biri kimi vurğuladığını xatırlatdı.

Qeyd olundu ki, xarici dövlətlərin hüquq-mühafizə strukturları ilə əməkdaşlıq çərçivəsində hər il onlarca gənc Türkiyənin Polis və Hərbi akademiyalarına, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin hüquq universitetlərinə, Böyük Britaniyanın, Çin Xalq Respublikasının və digər dövlətlərin nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilir. Kadr hazırlığı prosesinə xüsusi diqqət və qayğının nəticəsidir ki, indi orta və böyük rəis heyəti vəzifələrində xidmət edən ali təhsilli əməkdaşların xüsusi çəkisi 1992-ci illə müqayisədə 58 faizdən 90 faizə, onların tərkibində hüquqşünasların xüsusi çəkisi 33 faizdən 76 faizə yüksəlib.

Həyata keçirilən kompleks tədbirlərlə orqan və hissələrdə qanunçuluq da əhəmiyyətli dərəcədə möhkəmlənmiş, şəxsi heyətin yüksək mənəvi-psixoloji hazırlığına nail olunmuşdur. Təkcə ötən il polis əməkdaşlarından şikayətlərin sayı 2010-cu ilə nisbətən 26 faiz, əsassız saxlamalar 32 faiz, əsassız gətirmələr 46 faiz, əsassız cinayət məsuliyyətinə cəlb etmələr isə 60 faiz azalmışdır.

Təkcə son 3 ildə Nazirliyin aparatının struktur qurumları, ərazi polis orqanları və təhsil müəssisələri üçün bütövlükdə 64, o cümlədən Səbail, Xəzər, Sabunçu, Nizami, Gəncə, Sumqayıt, Lənkəran, Abşeron, Quba, Tovuz, Qusar və digər şəhər, rayon polis idarə və şöbələrinin 33 inzibati binası, ümumvətəndaş pasportları verən 9 regional mərkəz, Daxili Qoşunlar üçün Bakıda, Naxçıvanda, Gəncədə, Şirvanda, Lənkəranda, Zaqatalada, Qazaxda, Qubada, Hacıqabulda hərbi şəhərciklər, zabit və əsgər yataqxanaları, Ali Hərbi Məktəbin inzibati və tədris binaları, helikopter meydançası, əməkdaşlar və zabit hərbi qulluqçular üçün 6 xidməti yaşayış binası, istirahət və sağlamlıq kompleksi və s. tikilib istifadəyə verilib.

Usubov deyib ki, beynəlxalq təcrübəyə uyğun həyata keçirilmiş hərtərəfli islahatlar və modernləşmə cinayətkarlığın, onun transmilli növlərinin təhdidlərinə möhkəm sipər çəkməyə, vətəndaşların qanuni mənafelərini etibarlı müdafiə etməyə tam imkan verir. Artıq uzun illərdir ki, respublikamız ictimai asayişin və əmin-amanlığın qorunması sahəsində Avropa və MDB məkanında lider dövlətlərdəndir.

Daha sonra daxili işlər naziri ölkədə cinayətkarlığa qarşı qətiyyətli mübarizənin və ictimai qaydanın nümunəvi təmin edilməsinin uğurlu nəticələri barədə təntənəli mərasim iştirakçılarına ətraflı məlumat verdi. Bildirildi ki, əldə edilən nailiyyətlər ölkədə gedən uğurlu siyasi proseslərin, davamlı iqtisadi yüksəlişin, digər hüquq- mühafizə orqanları ilə işgüzar və sıx əməkdaşlığın əyani göstəricisidir.

Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov əlamətdar hadisələr - Azərbaycan Polisi Günü və tədris ilinin buraxılışı münasibətilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbriklərini və ən xoş arzularını mərasim iştirakçılarına çatdırdı.

O qeyd etdi ki, polis orqanları 94 illik şanlı tarixi ərzində şərəfli yol keçərək dövlətçiliyimizin əsas dayaqlarından birinə çevrilib, ölkəmizdə müstəqilliyin və daxili sabitliyin təmin olunmasında mühüm rol oynayıb. Bu dövr ərzində Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizədə qətiyyətli addımlar atıb, qanunun aliliyinin, insanların təhlükəsizliyinin təmin olunması, ictimai asayişin qorunması kimi çətin vəzifənin öhdəsindən layiqincə gəlib.

Akademiyanın rəisi, polis general-mayoru Nazim Əliyev bu ali polis təhsili ocağının keçdiyi yol, tədris prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması, daxili işlər orqanları üçün yüksək ixtisaslı zabit kadrların hazırlanması istiqamətində son illər görülmüş işlər barədə ətraflı çıxış etdi.

O qeyd etdi ki, Akademiya yarandığı gündən onun əsaslı maddi-texniki bazasının təşkilinə, peşəkar elmi kadrlarla təmin olunmasına, tədris proqramlarının, dərsliklərin, dərs vəsaitlərinin hazırlanmasına, kafedrada fənn otaqlarının təşkilinə xüsusi fikir verilmişdir. DİN rəhbərliyinin gündəlik diqqət və qayğısı sayəsində Polis Akademiyasında təhsilin müasir tələblər səviyyəsinə qaldırılması üçün əməli işlər görülmüş və bu istiqamətdə fəaliyyət müntəzəm olaraq davam etdirilir. Bildirildi ki, 2011-2012-ci tədris ilində Polis Akademiyasını əyani fakültə üzrə 124, qiyabi fakültə üzrə 192, ümumilikdə, 314 məzun bitirir.

Tədbirin sonunda daxili işlər naziri Polis Akademiyasını fərqlənmə ilə bitirmiş məzunlara - Mətləb Ağagülova, Eldar Qədimova, Şöhrət Hüseynova və Hüseyn Mənsimliyə diplomları və "polis baş leytenantı" xüsusi rütbələrinin paqonlarını təqdim etdi.

Akademiyanı fərqlənmə diplomu ilə başa vurmuş Eldar Qədimov yaş kötüyünə rəmzi xatirə lövhəsini vurdu.

Daha sonra döyüş bayrağı dördüncü kurs müdavimlərinə təhvil verildi. Müdavimlər "Azərbaycan Polisi" marşını ifa etdilər.

Sonda şəxsi heyət mətin addımlarla tribunanın qarşısından keçdi.

Qeyd edək ki, Polis Günü münasibətilə daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə DİN-in Kollegiya üzvləri, baş idarə, idarə və xidmət rəisləri, məsul əməkdaşları Fəxri xiyabana gedərək ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, abidə kompleksi önünə tər çiçək dəstələri düzmüşlər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad olunub.

Daha sonra DİN-in təmsilçiləri respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş mərd mübarizlərin uyuduğu Şəhidlər xiyabanına gedərək "Əbədi Məşəl" abidəsini ziyarət ediblər.

Xəbər lenti

Xəbər lenti