...

Polşa XİN-in rəhbəri: Azərbaycan dünya enerji səhnəsində etibarlı və əhəmiyyətli oyunçudur

Siyasət Materials 17 İyul 2012 13:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir A.Bədəlova/

Polşa iki ölkə arasında siyasət, ticarət və enerji sahələrindəki ikitərəfli münasibətləri müzakirə etmək niyyətindədir. Bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski Azərbaycana səfəri ərəfəsində Trend-ə müsahibəsində deyib.

"İki ölkə arasında münasibətlərin qurulmasının 20-ci ilində baş tutacaq Azərbaycana ilk səfərimin gündəliyinə Azərbaycanla Polşa arasında, eləcə də Aİ və Azərbaycan arasında siyasət, ticarət və enerji sahələrindəki ikitərəfli münasibətlərin müzakirəsi daxildir", - Sikorski bildirib.

Onun sözlərinə görə, bundan başqa, bir sıra regional, o cümlədən Cənubi Qafqazda təhlükəsizlik və stabillik kontekstində məsələlərin müzakirəsi planlaşdırılır. Nazir qeyd edib ki, nəzərə alsaq ki, hazırda Azərbaycan BMT TŞ-nin üzvüdür, bu səfər bir sıra mühüm beynəlxalq məsələlərə baxışların mübadiləsi üçün maraqlı imkan verir.

Avropanın enerji bazarında perspektivlər

Sikorskinin sözlərinə görə, Azərbaycan dünya enerji səhnəsində etibarlı və əhəmiyyətli oyunçudur.

O, əmin olduğunu bildirib ki, Avropaya qaz nəqli marşrutunun seçimi haqqında Azərbaycanın qərarı bazarın diqqətlə öyrənilməsi əsasında qəbul ediləcək.

Nazirin sözlərinə görə, bu qərar son nəticədə qaz bazarının potensialını və yaxın 10-15 illik perspektivdə imkanlarını öyrənməlidir.

Sikorski bildirib ki, hazırda Polşa uğurlu bazar transformasiyasını sinvolizə edən və nəhəng biznes imkanları təklif edən Vışeqrad qrupunun sədridir.

O, həmçinin bildirib ki, Mərkəzi və Şərqi Avropada (Vışeqrad ölkələri dördlüyü+Bolqarıstan, Rumıniya) qaza tələbat 2020-ci ildə 50 milyard kubmetrdən 80 milyard kubmetrədək arta bilər.

"Bundan əlavə, Mərkəzi və Şərqi Avropada Şimal-Cənub dəhlizi çərçivəsində artıq interkonnektorların yaxşılaşması və əsas enerji infrastrukturunun inkişafı üzrə əhəmiyyətli işlər görülüb. Svinouystsedə (Polşa) ilk LNG-terminalın tikinti işləri gedir və 2014-cü ildə istismara veriləcək. Biz, həmçinin Polşada şist qazının çıxarılmasına, şübhəsiz, ümid edirik", - Sikorski bildirib.

Onun sözlərinə görə, bütün bunlar hamısı yaxın gələcəkdə regionda cəlbedici və effektiv qaz bazarının yaradılacağının dəqiq təsvirini verir.

"Regionumuz qaz sektorunda uzunmüddətli, davamlı və etibarlı investisiyalar üçün imkanlar açır. Hazırda bu region tezliklə daha çox artacaq unikal biznes perspektivləri açır", - Sikorski deyib.

Nazir, həmçinin azərbaycanlı həmkarlarını Polşaya dəvət edərək hər şeyi öz gözləri ilə görmələrini təklif edir.

Dağlıq Qarabağ münaqişəsi

Sikorski bildirib ki, Polşa Dağlıq Qarabağ münaqişəsi ətrafında cərəyan edən hadisələri diqqətlə izləyir və bu yaxınlarda qoşunların təmas xəttində ardıcıl olaraq baş verən insidentlərdən narahatdır.

"Biz həlli yubanan bu münaqişənin ərazi bütövlüyü və başqa müvafiq beynəlxalq hüquq normalarını nəzərdə tutan sülh yolu ilə həllini dəstəkləyirik. Varşava ümid edir ki, ATƏT-in Minsk qrupunun hazırladığı əsas prinsiplərə riayət ediləcək", - Polşa XİN-in rəhbəri deyib.

Onun sözlərinə görə, razılaşmaya nail olunan kimi, Avropa İttifaqı münaqişədən sonrakı vəziyyətin idarə edilməsində fəal iştirak etməyə hazır olacaq.

"Şərq tərəfdaşlığı"

Sikorski bildirib ki, "Şərq tərəfdaşlığı" sayəsində Azərbaycan və onun Cənubi Qafqazdakı qonşuları 2010-cu ildə Aİ ilə assosiativ saziş üzrə danışıqlara başlayıblar.

"Biz anlayırıq ki, hər bir ölkə öz şəxsi templəri ilə hərəkət edir və bizi Azərbaycanın nail olduğu irəliləyişlər qane edir. Biz, həmçinin Bakıdakı vəzifəli şəxsləri insan haqları sahəsi də daxil olmaqla, Avropa standartlarının reallaşdırılmasına səylərini davam etdirməyə çağırırıq", - nazir deyib.

O, həmçinin ümid etdiyini bildirib ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olan kimi ölkəyə ümumi bazara daxil olmaq üçün biznes şansı verəcək dərinləşdirilmiş və hərtərəfli azad ticarət zonası üzrə danışıqlara başlanacaq.

Sikorski qeyd edib ki, viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında razılaşmalar üzrə danışıqlar aparılır. Danışıqlara bu ilin martında başlanılıb. Bu danışıqlar vizasız rejimə gedən yolda ilk addımdır və keçən il qəbul edilmiş "Şərq tərəfdaşlığı"nın Varşava sammitinin bəyannaməsində nəzərdə tutulmuşdu.

Xəbər lenti

Xəbər lenti