...

Cəlilabadda "Avanqard" MMC-nin un fabriki istifadəyə verilib (FOTO)

Siyasət Materials 31 İyul 2012 19:31 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 31-də Cəlilabadda "Avanqard" MMC-nin un fabrikinin açılışında iştirak etmişdir.
Cəlilabadda "Avanqard" MMC-nin un fabriki istifadəyə verilib (FOTO)

Azərbaycan, Bakı, 31 iyul /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 31-də Cəlilabadda "Avanqard" MMC-nin un fabrikinin açılışında iştirak etmişdir.

Məlumat verildi ki, 100 tonluq un dəyirmanı və 10 min tonluq taxıl məhsullarının təmizlənməsi və satışı üçün anbar kompleksini özündə birləşdirən müəssisə ən müasir avadanlıqla təchiz olunmuşdur. Müəssisənin beşmərtəbəli binadan ibarət dəyirman kompleksi ekoloji baxımdan bütün gigiyenik normalara cavab verir. Taxıl məhsullarının qəbulu, çeşidlənməsi və təmizlənməsi, o cümlədən un istehsalı tam avtomatlaşdırılmış şəkildə həyata keçirilir. Belə müasir un fabriklərinin inşası ölkədə ərzaq təhlükəsizliyinin təminatına, yüksək keyfiyyətli taxıl məhsullarının və un məmulatının daha uzun müddətə saxlanılmasına imkan verir.

Dövlətimizin başçısı müəssisəni işə saldı.

Bildirildi ki, müəssisənin ərazisində inşa olunan taxıl məhsullarının tədarükü və emalı kompleksi Prezident İlham Əliyevin sahibkarlığın inkişafına dəstək siyasətinə uyğun olaraq dövlətin güzəştli krediti və sahibkarın vəsaiti hesabına tikilmişdir. Fabrikin ərazisində taxılın keyfiyyətini müəyyən edən laboratoriya və məhsulun qəbulu zamanı dəqiq çəkisini müəyyən edən tərəzi qurulmuşdur.

İnşasına 2010-cu ilin sonunda başlanılan taxıl anbarı kompleksi Türkiyənin "OBİAL" şirkətinin texnologiyası əsasında qurulmuşdur. On min tonluq taxıl anbarı hər biri iki min ton olmaqla beş silodan ibarətdir. Fabrikə daxil olan taxıl xüsusiyyətinə və növünə görə elevatorlar vasitəsilə bu silolara ötürülür. Silolarda taxılın uzunmüddətə saxlanılması üçün bütün lazımi şərait vardır. Silolarda saxlanılan taxıl sonra fabrikin dəyirman kompleksinə ötürülür. Burada taxıl yenidən yoxlanılır və dəyirmanda üyüdülməsi üçün müvafiq normalara uyğunluğu müəyyənləşdirilir, yuyulur və təmizlənir. Dəyirman kompleksi tam avtomatlaşdırıldığından burada taxılın üyüdülməsindən qablaşdırılmasınadək bütün prosesə idarəetmə mərkəzindən kompyuterlərlə nəzarət olunur.

Bildirildi ki, taxılın yuyulması ekoloji cəhətdən ən müasir avadanlıqla həyata keçirilir. Digər dəyirmanlardan fərqli olaraq burada taxılın yuyulması rejimi onun tərkibinə uyğun aparılır və suyun miqdarını kompyuter müəyyən edir. Taxıl altı iri avadanlıq vasitəsilə üyüdülür. Sonra un qablaşdırmaya yönəldilir. Burada 500 qram torbalardan 50 kiloqramadək kisələrə doldurulur. Tam avtomatlaşdırılmış qablaşdırma prosesi də bütün ekoloji normalara cavab verir. Fabrikdə "İpək" və "Ocaqlı" adı ilə un məhsullarının istehsalı nəzərdə tutulmuşdur. Dəyirman kompleksi Türkiyənin "Öz Başak" şirkətinin müasir avadanlığı ilə təchiz edilmişdir. Dəyirmanın gündəlik istehsal gücü 100 ton təşkil edir. Müəssisədə yüz nəfər yeni iş yeri ilə təmin olunacaqdır.

Dövlətimizin başçısına məlumat verildi ki, taxıl anbarı və dəyirman kompleksində Cəlilabadda və ətraf rayonlarda fəaliyyət göstərən fermerlərin istehsal etdikləri taxıl məhsullarının uzun müddət itkisiz saxlanması və istehsalı nəzərdə tutulur. Layihənin həyata keçirilməsi respublikada taxılçılığın inkişafına təkan verməklə il boyu əhalinin keyfiyyətli ərzaq buğdası ilə təmin olunmasına şərait yaradacaqdır.

Azərbaycan Prezidenti hazır məhsulların nümunələrinə baxdı.

Müəssisədə yaradılmış şəraiti yüksək qiymətləndirən Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı.

Xəbər lenti

Xəbər lenti