...

Azərbaycan və ABŞ arasında təhsil əməkdaşlığı qeyd olunub

Siyasət Materials 26 Sentyabr 2012 20:03 (UTC +04:00)
Birləşmiş Ştatların Azərbaycandakı səfiri Riçard Morninqstar 250-dən çox təhsil mütəxəssisini və ABŞ mübadilə proqramlarının məzunlarını öz qərargahına qonaq edib.
Azərbaycan və ABŞ arasında təhsil əməkdaşlığı qeyd olunub

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Birləşmiş Ştatların Azərbaycandakı səfiri Riçard Morninqstar 250-dən çox təhsil mütəxəssisini və ABŞ mübadilə proqramlarının məzunlarını öz qərargahına qonaq edib.

Trend-in məlumatına görə, ziyafət ABŞ-Azərbaycan mübadilə proqramlarının və onların məzunlarının töhfələrini, həmçinin ABŞ səfirliyi ilə Azərbaycan Təhsil Nazirliyi arasındakı yaxın əməkdaşlığı qeyd etmək üçün təşkil olunub.

"Mübadilə proqramlarının həm ABŞ-dan, həm də Azərbaycandan olan iştirakçıları iki ölkə arasında əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayırlar. Onlar hər iki ölkədə biznes, mədəniyyət və siyasət sahələrində liderlərdir və biz onların nailiyyətləri ilə çox fəxr edirik", - Morninqstar deyib.

ABŞ-Azərbaycan mübadilə proqramlarının 4 mindən çox məzunu var. Hazırda hər il 150-200 azərbaycanlı ABŞ tərəfindən maliyyələşdirilən mübadilə proqramları çərçivəsində Birləşmiş Ştatlara səfər edir, 40-50 amerikalı isə Azərbaycana gəlir. Orta, ali məktəb tələbələrinə və peşəkarlara xidmət göstərən 15 mübadilə proqramı fəaliyyət göstərir.

"Mən ABŞ Səfirliyi və Təhsil Nazirliyi arasında bu proqramlar üzrə olan yaxın əməkdaşlıqdan xüsusilə məmnunam. "Fulbrayt" tələbə proqramının yarısını maliyyələşdirməklə yanaşı, nazirlik bizim orta məktəb və bakalavr proqramlarımıza da çox dəyərli dəstək göstərir. Bu həqiqi əməkdaşlıqdır və ABŞ-Azərbaycan münasibətlərini əks etdirən dostluq nümünəsidir. Biz əməkdaşlığımızı daha da inkişaf etdirməyə ümidliyik", - səfir bildirib.

Xəbər lenti

Xəbər lenti