...

Mahmud Əhmədinejad: Azərbaycanın sədrliyi dövründə İƏT yeni uğurlar qazanacaq

Siyasət Materials 16 Oktyabr 2012 14:45 (UTC +04:00)
Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) sədrliyi dövründə təşkilatın üzv ölkələri Prezident İlham Əliyevin rəhbərliyi altında müsbət dəyişikliklərin şahidi olacaqlar.
Mahmud Əhmədinejad: Azərbaycanın sədrliyi dövründə İƏT yeni uğurlar qazanacaq

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir S.Əliyev/

Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) sədrliyi dövründə təşkilatın üzv ölkələri Prezident İlham Əliyevin rəhbərliyi altında müsbət dəyişikliklərin şahidi olacaqlar. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı İran Prezidenti Mahmud Əhmədinejad Bakıda keçirilən İƏT-ə üzv ölkələrin dövlət və hökumət başçılarının XII sammitində çıxışı zamanı deyib.

İran Prezidenti regional təşkilatlar və Qoşulmama Hərəkatı çərçivəsində siyasi əməkdaşlığı və məsləhətləşmələri inkişaf etdirmək təşəbbüsü ilə çıxış edib.

O, həmçinin İƏT çərçivəsində beynəlxalq arenada fəaliyyətin koordinasiya edilməsi, dostluğun möhkəmləndirilməsi, mübahisəli məsələlərin həllində üzv ölkələrə yardım göstərilməsi, beynəlxalq təşkilatlarda İƏT ölkələrinin hüquq və maraqlarını müdafiə etmək və beynəlxalq strukturların, o cümlədən BMT-nin yenidən formalaşdırılması üçün ümumi səylərin qəbul edilməsi məqsədi ilə siyasi forum yaratmağı təklif edib.

Əhmədinejad zəngin ümumi irsi nəzərə alaraq mədəni əməkdaşlığı inkişaf etdirməyi və Mədəniyyət Günləri keçirməyi, İƏT ölkələrinin elmi və texnoloji əməkdaşlığını möhkəmləndirmək və institutlaşdırmağı, bunun üçün müvafiq strukturlar yaratmağı təklif edib.

İran Prezidenti gündəliyə iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, enerji, ticarətdə əməkdaşlığın inkişafı, barter əməliyyatlarının keçirilməsi və qarşılıqlı ticari əməliyyatlarda milli valyutaların istifadəsi, vahid şəklə salınmış gömrük qanunvericiliyinin hazırlanması, təşkilatın üzv ölkələrinin iqtisadiyyatının təhlükəsizliyinin təmin edilməsi, kağız aktivlərin yaradılması və büdcə kəsirlərinin mənfi nəticələrinə qarşı mübarizə aparılması məsələlərini daxil etməyi vacib hesab edir.

Onun sözlərinə görə, dəmiryolu, dəniz, quru, hava nəqliyyatı şəbəkəsini təmkmilləşdirmək, həmçinin Fars körfəzi, Oman körfəzi, Xəzər, Aralıq, Qara və Egey dənizlərinin potensialından koordinasiya edilmiş şəkildə istifadə edilməsi əhəmiyyətlidir.

Əhmədinejad, həmçinin İƏT-in iqtisadi forumunun yaradılmasını zəruri hesab edir.

"Burada hər il regional beynəlxalq baş menecerlər, ekspertlər, hakimiyyət, özəl və dövlət sektorunun nümayəndələri üçün məsləhətlər aparmağa, bu və ya digər məsələlərin həllində təklif verməyə imkan yarana bilərdi. Biz məhdudiyyətsiz potensial və xalqlarımızın imkanlarına söykənərək bir çox şey edə bilərik. Təşkilatda yekdillik, əməkdaşlığa yardım, fəaliyyətin koordinasiya edilməsi olacağı təqdirdə bütün bunları etmək mümkündür. Biz dövlətlərimizin müstəqlliyini, inkişafını və çiçəklənməsini müdafiə etmək üçün birgə səylər göstərməliyik", - İran Prezidenti bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti