...

İlham Əliyev YAP Saatlı rayon təşkilatının inzibati binasının açılışında iştirak edib (FOTO)

Siyasət Materials 27 Oktyabr 2012 17:54 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev şənbə günü Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının inzibati binasının açılışında iştirak edib.
İlham Əliyev YAP Saatlı rayon təşkilatının inzibati binasının açılışında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 27 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev şənbə günü Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının inzibati binasının açılışında iştirak edib.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, Azərbaycanın aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası (YAP) bu gün ölkəmizin həyatının hər bir sahəsinin inkişafında yaxından iştirak edir, respublikamızın tərəqqisinə mühüm töhfələr verir. Bu gün partiyanın sıraları genişlənir, bununla da onun fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Partiyanın ümumi amallar naminə göstərdiyi uğurlu fəaliyyətdə rayon təşkilatlarının rolu danılmazdır. Bu gün respublikamızın bütün bölgələrində inşa olunan YAP rayon təşkilatlarının inzibati binaları da müasirliyi ilə seçilir və burada səmərəli fəaliyyət üçün hər cür şərait yaradılır.

Bildirildi ki, YAP Saatlı rayon təşkilatının inzibati binası orijinal layihəsi və maraqlı memarlıq quruluşu ilə diqqəti cəlb edir. Bu bina həm də şəhərin gözəlliyinə əlavə çalarlar qatır. Heydər Əliyev prospektində, ulu öndərin adını daşıyan parkda inşa edilən binanın tikintisinə bu ilin mayında başlanılıb. İkimərtəbəli binanın ümumi sahəsi 432 kvadratmetrdir. Binanın foyesində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstü qoyulub. Burada ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyəti, müxtəlif illərdə Saatlıya səfərləri və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşlərini əks etdirən fotolardan ibarət stend yaradılıb. Prezident İlham Əliyevin partiyanın tədbirləri və rayona səfərləri zamanı çəkilən fotolar da böyük maraq doğurur. Binada kompüter otağı, 50 nəfərlik konfrans zalı var. Zalda müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür imkan yaradılıb. Buradakı inzibati otaqlar müasir səviyyədə qurulub, lazımi avadanlıqla təchiz edilib. Binanın ətrafında da geniş abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Azərbaycan Prezidenti yaradılmış şəraitdən razılığını bildirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti