...

Ermənistan Aİ və ABŞ-ın ona hərtərəfli dəstəyindən militarizasiyasının tempini artırmaq üçün sui-istifadə edir

Siyasət Materials 29 Oktyabr 2012 12:27 (UTC +04:00)
Aİ-nin Bakı ofisinin təkzibinə tuş gələn şərhimizə əsas yaradan dəlillərimizi təqdim etmək istəyirik.
Ermənistan Aİ və ABŞ-ın ona hərtərəfli dəstəyindən militarizasiyasının tempini artırmaq üçün sui-istifadə edir

Mübariz Əhmədoğlu - Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq

Aİ-nin Bakı ofisinin təkzibinə tuş gələn şərhimizə əsas yaradan dəlillərimizi təqdim etmək istəyirik.

Rusiya-Ermənistan münasibətlərində artım yoxdur, əksinə, gərginlik mövcuddur. Rusiya vaxtilə Ermənistana verdiyi kreditlərin təftişinə başlayıb. RF Hesablama Palatasının sədri S.Stepaşin və RF Prezidenti yanında Nəzarət Komitəsinin sədrinin A.Çuyçenkonun Yerevana səfərində əsas məqsəd Rusiyadan alınmış təxminən 1 milyard dollar məbləğində kreditin təyinatı üzrə xərclənməsini təftiş etmək idi. Ermənistanda RF hərbçilərinin düşmənin komandanlığı ələ keçirməsi mifi altında keçirdikləri hərbi təlimi Ermənistan Prezidenti Aparatı binasının hücumla ələ keçirilməsinə hazırlıq kimi başa düşmək olar.

İranla münasibətlərdə dəyişiklik yoxdur; varsa, zəifləmə istiqamətindədir. İran Dağlıq Qarabağ məsələsində qatı ermənipərəst mövqeyini qismən Azərbaycanın xeyrinə dəyişməyə başlamışdır.

ABŞ Ermənistana siyasi dəstəyini yüksək səviyyəyə qaldırmışdır. ABŞ dövlət katibinin Ermənistana, onun prezidentinin liderlik roluna dair dediyi fikirlər unudulmayıb. ABŞ-ın Ermənistandakı əvvəlki səfiri Dağlıq Qarabağ münaqişəsini tənzimləmək imici olan eks-prezident L. Ter-Petrosyanın başçılıq etdiyi güclü müxalifəti dağıtdı. ABŞ-ın indiki səfiri Ermənistana onun rəhbərlərinin bacarmadığı yaxşılıqları etməklə məşğuldur. AES-lə bağlı imzalanmış saziş və Dünya İqtisadi Forumunun 2013-cü il üçün reytinq cədvəlində Ermənistanın mövqeyinin sürətlə yaxşılaşması indiki səfirin əməlləridir.

Avropa İttifaqı "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində Ermənistana xüsusi münasibət müəyyənləşdirib. Aparılan danışıqlar, imzalanan sənədlər bunu göstərir. "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində Ermənistan üçün 20 milyon avro vəsait nəzərdə tutulmuşdu. Aİ prezidenti V.Rompey Ermənistanda olarkən bu rəqəmi 8 milyon avro dəyərində artırdı.

Avrokomissiar Ş.Füle isə bu pulu gətirərkən üzərinə 15 milyon avro əlavə edərək 43 milyon avroya çatdırdı. Ş.Füle Ermənistanda olduğu dövrdə Ermənistan mətbuatı yerli idarəetmə orqanlarına seçkilərdəki saxtakarlıqları və güllələnməni kəskin formada işıqlandırırdı. Bu zaman keçmiş xarici işlər naziri V.Oskanyandan deputatlıq toxunulmazlığının götürüləcəyi də dəqiq bəlli idi. Aİ- nin parlament seçkilərini saxtalaşdıran, heç bir demokratik islahat aparmayan, mətbuatı boğan, siyasi məhbuslara malik Ermənistana maliyyə yardımını artırması qəribədir.

Ermənistanda həyat militarizasiya relsi üzərindədir. Heç bir sosial-iqtisadi proqram reallaşdırılmır. Yerli, xarici, qanuni, qeyri-qanuni olmasından asılı olmayaraq, ələ düşən bütün pullar hərbə xərclənir. 18 yaşına çatmış gənc orta və ya ali məktəbdə təhsili dayandırılıb hərbi xidmətə çağırılır. Suriyadan sığınacaq üçün gələn ermənilərin 500 nəfəri hərbi çağırış yaşında olduğu üçün Ermənistan rəhbərliyi onları orduya çağırmağa başlamışdır.

Ermənistan militarizasiya planını təkcə öz ərazisində reallaşdırmır. O, çox azsaylı dövlətlərdəndir ki, digər dövlətin-Azərbaycanın ərazisində hərbi baza saxlayır, vətəndaşlarını bu ölkə ərazisində hərbi xidmət keçməyə göndərir. Ağdamın həmişə Azərbaycana məxsusluğunu qeyd edən prezident S.Sərkisyan indi bu ərazilərdə hərbi təlimlərə rəhbərlik edir.

Ermənistanın son zamanlar əldə etdiyi raketlər Moldovadan alınıb, Ukrayna və Gürcüstan ərazisi ilə Ermənistana daşınıb. Moldova bu əməliyyatı Rumıniyanın xeyir-duası ilə reallaşdırıb. Moldovanın Ermənistana silah satmasından və nəqlindən Litvanın xəbəri olmuşdur.

Ermənistanda iqtisadi durğunluqdur, dövlət və qeyri-dövlət borcunun miqdarı 7,5 milyarda çatıb. Hər gün Ermənistanı bir kəndin əhalisi tərk edir, yoxsulların sayı günü-gündən artır. Raketi almağa 50 milyon dollar pul xərcləyən Ermənistan hökuməti milli aviaşirkətin 3,6 milyon dollar borcunu ödəyə bilmir. Bir həftə ərzində Zvartnos aeroportu "Armavia" şirkətinə 6 dəfə qadağa qoydu. Qonşuları ilə məhdud kommunikasiyaya malik olan Ermənistanda aviadaşımaçılıq ölkədən kənara açılan ən mühüm qapıdır.

Ümumiləşdirmə aparaq: Ermənistana son dövrlər yalnız Qərbin siyasi-iqtisadi dəstəyi güclənmişdir; hətta bu iki strukturun dəstəyi yeni keyfiyyət almağa başlamışdır. Ermənistan hərbi baxımdan müəyyən bir müddət sakit qaldı. İndi İran və Rusiyadan siyasi-iqtisadi dəstək almayan Ermənistanın sosial-iqtisadi problemlər girdabında olmasına baxmayaraq, yenidən silahlanmasında Aİ və ABŞ-dan sui-istifadə edir.

Məhz buna görə də təklifimizi bir daha təqdim edirik: Aİ-nin Ermənistanın son vaxtlar Moldovadan aldığı raketləri məhv etməsi faydalıdır. Aİ istəsə, buna asanlıqla nail ola bilər. Yox, əgər Aİ bu addımı atmırsa, Ermənistana siyasi-iqtisadi dəstəyini davam etdirirsə, Azərbaycanın neft-qaz infrastrukturuna Ermənistanın hədələrinin məsuliyyətini bölüşməsi məsələsi gündəliyə gələ bilər.

Ermənistanın son dövrlərdə aldığı raketlərin Avropa İttifaqı tərəfindən məhv edilməsinə dair təklifimizdə heç bir neqativ məzmun yoxdur. Sülhə gedən yol tərksilahdan keçir. Əgər bu gün Avropa İttifaqı Ermənistanı qismən tərksilah edəcəksə, bu, təsirsiz qalmayacaqdır.

Ermənistanın 50 milyonluq raket arsenalının Azərbaycanla hərbi balans yaratmasını düşünmək ən azı savadsızlıqdır. Azərbaycan silahlanma baxımından Ermənistandan qat-qat üstündür. Silahsız Ermənistana hücum edən Azərbaycan silahlı Ermənistana hücum edən Azərbaycana nisbətən daha böyük qınaq obyektinə çevrilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti