...

Azərbaycanın ABŞ-dan gözləntiləri

Siyasət Materials 7 Noyabr 2012 12:16 (UTC +04:00)
Amerika Birləşmiş Ştatlarında 57-ci prezident seçkiləri keçirildi. Köklü demokratik dəyərlərə əsaslanan seçkilərdə Barak Obama digər namizəd Mitt Romnini xeyli qabaqlayaraq, ölkəni növbəti dörd il müddətinə idarə etmək məsuliyyətini üzərinə götürdü
Azərbaycanın ABŞ-dan gözləntiləri

Emil Hüseynli - Trend-in Azərbaycan xəbərlər xidmətinin rəhbəri

Amerika Birləşmiş Ştatlarında 57-ci prezident seçkiləri keçirildi. Köklü demokratik dəyərlərə əsaslanan seçkilərdə Barak Obama digər namizəd Mitt Romnini xeyli qabaqlayaraq, ölkəni növbəti dörd il müddətinə idarə etmək məsuliyyətini üzərinə götürdü. Romni məğlubiyyətini etiraf etmək mədəniyyətini nümayiş etdirərək Obamanı təbrik etdi. Bütün bunlar ABŞ-ın seçki sisteminə aid olan məsələlərdir. İndi bütün dünyanı, o cümlədən Azərbaycanı maraqlandıran məsələ isə ABŞ-ın son dörd ildə geosiyasətində əsas prioritetlərin nə olacağıdır.

Sözsüz ki, Azərbaycanın ABŞ-dan gözləntiləri var və bundan sonra da olacaq. Digər tərəfdən, Azərbaycanın "beyin mərkəzi"ni rəsmi Vaşinqtonun regionda yeridəcəyi siyasəti, açıq qalan İran məsələsinin taleyi, ABŞ-Türkiyə münasibətlərinin inkişafı da düşündürür. Lakin hər şeydən öncə rəsmi Bakı üçün ABŞ-ın Dağlıq Qarabağ probleminin həllində göstərəcəyi aktivlik maraqlıdır.

Ona görə də rəsmi Bakı ABŞ-dakı seçkilərin nəticələrinə dair bəyanatında öncə gözləntilərini açıqladı. Bəyan etdi ki, ABŞ Minsk qrupunun həmsədri kimi ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllinə diqqəti artırmalı, mövcud status-kvonun aradan qaldırılmasında ciddi iradə nümayiş etdirməlidir. Həmçinin Ermənistanı qarşılıqlı güzəştlər nəticəsində sülh prosesinə məcbur etməlidir. Bununla da rəsmi Bakı ABŞ-a öz mesajını verdi və indi qarşı tərəfin atacağı addımları gözləyir.

Sözsüz ki, Azərbaycanla ABŞ arasında əlaqələr və əməkdaşlıq artıq elə bir səviyyəyə çatıb ki, kimin prezident seçilməsindən asılı olmayaraq, bu münasibətlər davam edəcək. İki ölkə arasında beynəlxalq təhlükəsizlik, o cümlədən enerji təhlükəsizliyi sahəsində yaranmış və möhkəmlənməkdə olan tərəfdaşlıq münasibətləri mövcuddur və bu münasibətlər strateji xarakter daşıyır. Rəsmi Vaşinqton Azərbaycanın regionda əhəmiyyətini anlayır, onu müttəfiq kimi görür. Eyni zamanda, Azərbaycanın beynəlxalq təhlükəsizliyin əsasını təşkil edən enerji təhlükəsizliyi baxımından geostrateji önəm kəsb etdiyini bilir, ölkəmizin Əfqanıstanda aparılan əməliyyatlarda iştirakının əhəmiyyətini etiraf edir. On il öncə Azərbaycanın enerji siyasətinin əsasında neft amili dayanırdısa, bu gün söhbətin artıq təbii qaz hasilatı və ixracından getdiyini ABŞ rəsmiləri bilirlər və bunu qeyd edirlər.

ABŞ-la Azərbaycan arasında münasibətlər müttəfiqlik səviyyəsinə qalxdığı üçün bu, ABŞ-dakı erməni lobbisinin təsirini də xeyli azaldıb. Əslində Birləşmiş Ştatlar rəsmiləri dəfələrlə çıxışlarında Azərbaycanda sabitlik, inkişaf olmadan Qafqazda təhlükəsizliyin təminin sual altında qaldığını bildiriblər. Qafqazın təhlükəsizliyi olmadan isə Avropanın təhlükəsizliyindən bəhs etmək mümkünsüzdür.

Bir sözlə, Azərbaycanın Birləşmiş Ştatlar üçün çox vacib tərəfdaş olduğu və bu tərəfdaşlığın dərinləşdirilməsinin ABŞ-ın milli maraqlarına uyğunluğu göz qabağındadır. Artıq Azərbaycan oturuşmuş, müstəqil xarici siyasət yürüdən bir dövlət kimi, ABŞ-ın atacağı addımlara adekvat addımlar atacaq. Yəni, ABŞ Azərbaycanın haqlı maraqlarından, beynəlxalq hüquq prinsiplərindən çıxış edərək Dağlıq Qarabağ münaqişəsinin həllində aktivlik göstərəcəksə, Azərbaycanı yanında görəcək. Yox, ABŞ regiondakı proseslərə ikili standartlar tətbiq edəcəksə, o zamanı Qafqazın "beyin mərkəzi" olan Azərbaycandan bir o qədər uzaq düşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti