...

Əli Həsənov: Azərbaycan KİV-i operativliyi və obyektivliyi baxımından dünyada qabaqcıl yerləri tutur

Siyasət Materials 20 Noyabr 2012 19:24 (UTC +04:00)
Azərbaycan kütləvi informasiya vasitələri operativliyi və obyektivliyi baxımından tək MDB-də deyil, bütün dünyada qabaqcıl yerləri tutur.
Əli Həsənov: Azərbaycan KİV-i operativliyi və obyektivliyi baxımından dünyada qabaqcıl yerləri tutur

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan kütləvi informasiya vasitələri operativliyi və obyektivliyi baxımından tək MDB-də deyil, bütün dünyada qabaqcıl yerləri tutur. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Rabitə dünyası" qəzetinin 20 illiyi ilə bağlı keçirilən tədbirdə deyib.

PA rəsmisinin sözlərinə görə, Azərbaycandakı proseslər bu gün müxtəlif rakurslardan işıqlandırılır - həm daxili, həm xarici media Azərbaycanda baş verən hadisələrlə bağlı fikir plüralizmi formalaşdırır, açıq rəqabət, açıq dialoq gedir.

"Bu gün Azərbaycanda əhalinin 65 faizinin azad şəkildə istifadə etdiyi internetə hər hansı müdaxilə varmı? İnternetdə yazılan hər hansı yazıya görə kimsə təqib olunurmu? Azərbaycanda hər hansı bloqçu həbs olunubmu? Amma Avropada və digər yerlərdə onlarla, yüzlərlə bloqçu həbsdədir və ayrı-ayrı yazılarına görə təqib olunur", - Həsənov əlavə edib.

Şöbə müdiri deyib ki, dünyada baş verən hadisələrlə bağlı CNN, BBC və digər transmilli telekorporasiyalar yalnız Qərbin bu hadisələr haqqında düşüncəsini dünyaya çatdırırdı.

"Amma təəssüflər olsun ki, Azərbaycanın bu sahədə uğurlarını bəzi xarici qüvvələr təhrif olunmuş formada təqdim edir. Biz öz yolumuzla gedirik, bu yolun mahiyyəti xalqa xidmətdir. Bizim xalqın verdiyi mandatdan irəli gələn iradəmiz var. Azərbaycan jurnalistlərini dəvət edirəm ki, Azərbaycanda baş verən hadisələrlə bağlı hər hansı xarici təsirə məruz qalmadan gördüklərini, düşündüklərini yazsınlar, yaysınlar. Heç kim sizin yazdıqlarınıza görə, kimisə tənqid etdiyinizə görə sizə "gözünüz üstə qaşınız var" deməyəcək. Amma eyni zamanda, biz bu gün diffamasiya haqqında qanunun qəbulu ərəfəsindəyik. Peşəkar jurnalistlərimiz onların nüfuzunu aşağı salan bəzi "jurnalistlərə" qarşı özləri cəbhə açmalıdır, onları mediadan uzaqlaşdırmalıdır. Əgər biz mediaya bu qədər məsuliyyəti etibar ediriksə, deməli, media özünü doğrultmalıdır, peşəkarlığı, obyektivliyi və jurnalistlərin peşəkar əxlaq kodeksini heç vaxt unutmamalıdırlar", - Həsənov çıxışında bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti