...

Prezident İlham Əliyev: Etnik dini tolerantlıq Azərbaycan cəmiyyətinin nümunəvi normalarına çevrilib

Siyasət Materials 19 Dekabr 2012 12:03 (UTC +04:00)
Hazırda mütərəqqi dünyada demokratik dəyərlərdən biri kimi qəbul edilən etnik dini tolerantlıq Azərbaycan cəmiyyətinin nümunəvi normalarına çevrilib.
Prezident İlham Əliyev: Etnik dini tolerantlıq Azərbaycan cəmiyyətinin nümunəvi normalarına çevrilib

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Hazırda mütərəqqi dünyada demokratik dəyərlərdən biri kimi qəbul edilən etnik dini tolerantlıq Azərbaycan cəmiyyətinin nümunəvi normalarına çevrilib. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən "Dövlət və din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi" I Beynəlxalq Bakı Forumunun iştirakçılarına ünvanlanan təbrik müraciətində deyib. Müraciəti Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov oxuyub.

Müraciətində Forumun iştirakçılarını ürəkdən salamlayan, xoş arzu və diləklərini yetirən Prezident İlham Əliyev məmnuniyyət hissi ilə qeyd edib ki, Azərbaycanda tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməyib, qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər mövcud olub.

"Ayrı-ayrı dövrlərdə dini siyasətlə məşğul olan rəsmi hökumət nümayəndələrinin və nüfuzlu elmi təşkilatların və aparıcı elmi tədqiqat mərkəzlərinin təmsilçilərinin, görkəmli din xadimlərinin Azərbaycanda bir araya gəlməsini təqdirəlayiq hal hesab edirəm. Qloballaşma şəraitinin sürətləndiyi müasir dünyada gedən mürəkkəb etnosiyası proseslərdə dinin yeri və rolu, beynəlxalq münasibətlərdə və cəmiyyət həyatında din amili və bəşəriyyətin gələcək taleyi naminə mədəniyyətlərarası dialoq kimi qlobal məsələlərin müzakirəsi xüsusi əhəmiyyət kəsb edir. Zəngin mədəni-mənəvi irsə, çoxəsrlik tolerantlıq ənənələrinə, nümunəvi dövlət-din münasibətləri modelinə malik olan və fərqli sivilizasiyaların qovşağında yerləşən Azərbaycanın belə müzakirələrə ev sahibliyi etməsi təsadüfi deyil. Ayrı-ayrı etiqad və inanclara malik etnosların yüz illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında bizim xalqımıza xas olan humanizm və multikulturarist dəyərlərin müstəsna rolu vardır", - dövlət başçısı müraciətində deyib.

İlham Əliyev vurğulayıb ki, çoxmillətli və çoxkonfessiyalı dövlət kimi Azərbaycan Respublikası bu gün dünya birliyinə hərtərəfli inteqrasiya siyasəti həyata keçirir, beynəlxalq aləmlə qarşılıqlı münasibətlərin, üçtərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin inkişafına mühüm əhəmiyyət verir. Azərbaycan hökumətinin din siyasəti demokratik dövlət quruculuğu kursuna, eləcə də dövlət-din münasibətlərinin milli-mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsiplərinə əsaslanır.

"Ölkədə mövcud ictimai sabitlik, vətəndaş həmrəyliyi və etnik dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir. Əminəm ki, Bakı Forumunda sürətlə dəyişən dünyada tolerantlığın gücləndirilməsi, universal mənəvi dəyərlərin beynəlxalq hüquq prinsipləri ilə uzlaşdırılması, dini zəmində ekstremizmə və ayrı-seçkiliyə qarşı birgə mübarizə yollarının araşdırılması, fərqli dinlərin və mədəniyyətlərin daşıyıcısı olan insanlar arasında dialoq və qarşılıqlı anlaşmanın bərqərar edilməsi kimi aktual problemlər ətrafında konstruktiv fikir mübadiləsi aparılacaq və səmərəli tövsiyələr səsləndiriləcək. Bu xeyirxah və gərəkli fəaliyyətinizdə hər birinizə cansağlığı, Beynəlxalq Forumun işinə uğurlar diləyirəm", - İlham Əliyev müraciətində qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti