Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir E.Mehdiyev/
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş anım mərasimi keçirib.
Trend-in məlumatına görə, "Şəhidlər ölməz!!!" adlı anım tədbirində geyimlərinin üzərinə 20 Yanvar şəhidlərinin şəkillərini yapışdırmış və Azərbaycan bayrağını əllərində tutmuş gənclər "Əbədi Məşəl" önündə maraqlı kompozisiya ilə Azərbaycan gəncinin 20 Yanvar hadisələri ilə bağlı mövqeyini dünyaya bəyan ediblər.
Tədbirdə YAP-ın Bakı şəhərindən olan 500-ə qədər gənci iştirak edib.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov qeyd edib ki, xalqımızın ümummilli matəm və qürur günü olan 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad etmək hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur.
"Bugünkü tədbir onu göstərir ki, bizim hər bir gəncimiz bu şəhidlər kimi vətəni uğrunda, dövlət uğrunda şəhid olmağa hazırdırlar," - Orucov deyib.