...

Ötən il axtarışda olan 98 nəfərin yeri müəyyən olunub

Siyasət Materials 28 Yanvar 2013 13:58 (UTC +04:00)
Ötən il İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 71 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 27 şəxsin yeri müəyyən olunub.
Ötən il axtarışda olan 98 nəfərin yeri müəyyən olunub

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Ötən il İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 71 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 27 şəxsin yeri müəyyən olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, bunu 2012-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında çıxışı zamanı daxili işlər naziri, general-polkovnik Ramil Usubov deyib.

Onun sözlərinə görə, Azərbaycan cinayətkarlıqla mübarizənin nəticələrinə görə, 2012-ci ildə də MDB və Şərqi Avropa məkanında tutduğu öncül mövqeyi qoruyub saxlayıb. Əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı azalaraq 266-dan 236-ya enib.

Hesabat dövründə bütün subyektlər üzrə qeydə alınmış 21 897 cinayətin 94%-i və ya 20 675-i daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olub. Onların 88%-ni böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 12%-ni ağır və xüsusilə ağır növlər təşkil edib. Prokurorluq orqanları ilə birgə, keçmiş illərdən bağlı qalmış 379, o cümlədən 81 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilib.

Usubov deyib ki, təkcə "102" xidmətinə daxil olan məlumatlar əsasında 8502 hüquqazidd əməlin qarşısı alınıb, 2051 cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti