...

Azərbaycanda qrant və ianələri qeyri-rəsmi alanlara qarşı cərimələr təsdiqləndi

Siyasət Materials 15 Fevral 2013 17:16 (UTC +04:00)
Trend-in məlumatına görə, İnzibati Xətalar Məcəlləsinin 223-cü maddəsinə edilən dəyişikliyə görə, qrant alan şəxslər tərəfindən qrant alınması haqqında müqavilələrin və qərarların surətlərinin qeydiyyat üçün qanunvericiliklə müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə vəzifəli şəxslər 1500 manatdan 2500 manata qədər, hüquqi şəxslər isə 5 min manatdan 7 min manata qədər miqdarda cərimə olunacaqlar.
Azərbaycanda qrant və ianələri qeyri-rəsmi alanlara qarşı cərimələr təsdiqləndi

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir M.Əliyev/

Milli Məclisin cümə günü keçirilən iclasında Azərbaycanda qrant və ianələri qeyri-rəsmi alanlara qarşı cərimələr təsdiqlənib.

Trend-in məlumatına görə, İnzibati Xətalar Məcəlləsinin 223-cü maddəsinə edilən dəyişikliyə görə, qrant alan şəxslər tərəfindən qrant alınması haqqında müqavilələrin və qərarların surətlərinin qeydiyyat üçün qanunvericiliklə müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə vəzifəli şəxslər 1500 manatdan 2500 manata qədər, hüquqi şəxslər isə 5 min manatdan 7 min manata qədər miqdarda cərimə olunacaqlar.

Məcəlləyə əlavələrdə həmçinin qeyd olunur ki, qrant müqaviləsi olmadan fəaliyyət göstərən dini qurumlar, QHT-lər, o cümlədən xarici dövlətlərin QHT-lərinin nümayəndəlikləri tərəfindən yardımın qəbul edilməsinə görə vəsait və əşyalar müsadirə olunmaqla vəzifəli şəxslər 2500 manatdan 5000 manatadək miqdarda, hüquqi şəxslər isə 8000 manatdan 15 min manatadək miqdarda cərimə edilir.

Bununla bağlı "Dini etiqad azadlığı haqqında" qanuna dəyişikliklər də edilib. Dəyişikliyə görə, dini qurum qəbul etdiyi və ya vəd edilən ianə müqabilində ianə verən şəxsə və ya hər hansı digər şəxsə birbaşa, yaxud dolayı yolla maddi və sair nemət, hər hansı imtiyaz və ya güzəşt verə, belə təkliflə çıxış edə və ya vəd verə bilməz. Dini quruma ianə verən şəxs verdiyi və verəcəyi ianə müqabilində özü və ya üçüncü şəxslər üçün birbaşa və yaxud dolayı yolla maddi və sair nemət, imtiyaz, güzəşt qəbul edə, təklifə razılıq verə bilməz.

Qanuna dəyişikliyə görə, dini qurumlar, ictimai təşkilatlar (fondlar, birliklər), siyasi partiyalar, habelə xarici təşkilatların Azərbaycanda fəaliyyət göstərən nümayəndəlikləri qrant müqaviləsi, yaxud qrant haqqında rəsmi qərar olmadan maddi yardım qəbul edə bilməyəcəklər.

Müzakirələr zamanı millət vəkili Fazil Mustafa bildirib ki, edilən dəyişikliklər dövlətin yaratdığı QHT-lərin işlərini çətinləşdirəcək, xarici QHT-lərin işinə isə heç bir təsir etməyəcək. "Çünki xarici QHT-lər onsuz da başqa yollarla öz vəsaitini köçürür", - o deyib.

QHT-lər il ərzində 19 hesabat verirlər və həmin hesabatlarda bütün maliyyə əməliyyatlarını göstərirlər.

Deputat Fərəc Quliyev deyib ki, donorlarla resipientlər arasındakı münasibətlərdə qanundan kənar fəaliyyət göstərən varsa, onlar məsuliyyətə cəlb olunmalıdır.

Millət vəkili Azay Quliyev isə bildirib ki, dövlətin QHT-lərlə bağlı siyasəti açıqdır, şəffafdır, bu təşkilatlara dəstəyi davam etdirir. Qanuna dəyişiklik isə QHT-lərin daha şəffaf işləməsinə şərait yaradacaq.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli də qeyd edib ki, bu dəyişikliklərin yeganə məqsədi şəffaf mexanizm yaratmaqdır. Hüseynli çıxışında QHT-lərin qeydiyyatı məsələsinə də toxunub. Onun sözlərinə görə, qeydiyyata düşməyən və yaxud Ədliyyə Nazirliyinin qoyduğu tələbləri bəhanə gətirərək qeydiyyatdan yayınan QHT-lər bundan sui-istifadə edirlər.

"Qanunvericilikdə olan bugünkü boşluq ona imkan verir ki, QHT hansısa başqa adla alınan qrantı dini təbliğata yönəltsin", - Hüseynli deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti