...

Latviya Prezidenti Azərbaycana rəsmi səfərə gəlir (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 20 Aprel 2013 11:58 (UTC +04:00)
Görüşlərdə iki ölkə arasında siyasi dialoqun və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunacaq.
Latviya Prezidenti Azərbaycana rəsmi səfərə gəlir (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir S.Ağayeva/

Latviya Prezidenti Andris Berzinş aprelin 24-25-də Azərbaycana rəsmi səfərə gəlir.

Trend-in Latviya Prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Berzinşın aprelin 24-də Azərbaycan rəhbərliyi ilə görüşəcəyi gözlənilir.

Aprelin 25-də Latviyanın dövlət başçısı Sumqayıt Texnologiya Parkına baş çəkəcək. Daha sonra o, nəqliyyat naziri Ziya Məmmədovla görüşəcək. Görüşdə nəqliyyat xidmətləri və logistika sahəsində əməkdaşlıq imkanları müzakirə olunacaq. Berzinş həmin gün qədim Bakı ilə tanış olacaq və Latviya- Azərbaycan fotosərgisinə baş çəkəcək. Prezident, həmçinin həmin gün Azərbaycanda yaşayan latış icmasının nümayəndələri ilə görüşəcək, onların gündəlik həyatını və Latviya ilə əlaqələrin yaxşılaşması imkanlarını müzakirə edəcək. Səfərin sonunda A.Berzinş fövqalədə hallar naziri Kəmaləddin Heydərovla görüşəcək.

Latviya Prezidenti Bakıda keçiriləcək Azərbaycan-Latviya biznes forumuna da qatılacaq.

Andris Berzinşı səfərdə müşayiət edən nümayəndə heyətində xarici işlər naziri Edqar Rinkeviç, nəqliyyat naziri Anriys Matiss, səhiyyə naziri İnqrida Tsirtsene və əkinçilik naziri Laymdot Strauyum və Latviya hökumətinni digər yüksək vəzifəli şəxsləri, eləcə də 74 sahibkar və bir sıra təhsil müəssisələrinin rəhbərləri təmsil olunacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti