...

Prezident Andris Berzinş: Latviya Azərbaycanı Cənubi Qafqazda çox mühüm və etibarlı tərəfdaş hesab edir (FOTO)

Siyasət Materials 24 Aprel 2013 22:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Aprelin 24-də nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Andris Berzinşin mətbuat konfransı olub.

Dövlət başçıları əvvəlcə bəyanatlarla çıxış ediblər.

"Latviya Azərbaycanı Cənubi Qafqazda çox mühüm və etibarlı tərəfdaş hesab edir. Əslində verdiyiniz olduqca geniş təsvirə görə təşəkkür edirəm. Biz ölkələrimiz arasında diplomatik münasibətləri qurduqdan sonra gələcək irəliləyiş üçün yaxşı əsaslar yarandı. Fikrimcə, biz öz siyasi və iqtisadi münasibətlərimizdə mühüm bir potensial səviyyəsinə çatmışıq və bu inkişaf sürətlə gedir. Mən Latviya adından demək istərdim ki, biz enerji məsələsinin müzakirəsindən başqa, digər sahələri də qeyd etdik, təhsil sahəsinə toxunduq. Çünki burada bizim, həmçinin təhsil sahəsinin nümayəndələri vardır və təhsil sahəsində əməkdaşlıq imkanlarını geniş şəkildə müzakirə edə bilərik", - Prezident Andris Berzinş bəyanatında bildirib.

O qeyd edib ki, Latviyada 97 azərbaycanlı tələbə təhsil alır. Bu da, həmçinin bizim digər sahələrdə, o cümlədən iqtisadi sahədə münasibətlərimizin gücləndirilməsi üçün yaxşı zəmin yaradır. Bizim, həmçinin burada səhiyyə nazirimiz də vardır. Bu da əslində Latviya üçün olduqca mühüm bir sahədir. Bu, məhz insanların sağlamlığı, səhhəti ilə bağlı olan sahədir. Biz bu sahədə, həmçinin humanitar yardım göstərmək sahəsində çox fəalıq. Bu baxımdan hesab edirəm ki, aramızda mübadilələr aparıla bilər.

"Həmçinin biz digər sahələrdə təcrübə mübadiləsini - tutaq ki, Avropa İttifaqı və Avropa təsisatları ilə iş sahəsində əldə etdiyimiz təcrübə ilə, sosial müdafiə sahəsindəki əldə etdiyimiz imkanlarla böyük məmnunluqla əslində mübadilə edə bilərik. Həmçinin pensiya sisteminin təkmilləşdirilməsinə və onun inkişafına dair fikir mübadiləsi apara bilərik. Digər sahələrə gəldikdə, zənnimcə, sərhədlərə nəzarət, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə, insan alverinə qarşı mübarizə sahələrində də yaxşı təcrübə mübadiləsi baş tuta bilər. Mən nəqliyyat sahəsinə toxunaraq aydın şəkildə qeyd etmək istərdim ki, Latviyada aviasiyanın inkişafı öz növbəsində bizim bu sahədəki qarşılıqlı apardığımız əməliyyatlara töhfə verə bilər. Bildiyiniz kimi, digər ticarət marşrutları vardır, biri "Zubr" adlanır. Bu, əslində konteyner daşıyan qatardır ki, bizim Baltik dənizi regionundan Qara dəniz regionuna çıxışı təmin edir. Bu da, zənnimcə, ən maraqlı fürsətlərdən biri ola bilər. Hesab edirəm ki, bu, Latviyanın potensialının açılmasında, onun daha cəlbedici olmasında irəliyə doğru atılmış bir addımdır", - Latviya Prezidenti deyib.

Berzinş bildirib ki, 2014-cü ildə Latviyanın paytaxtı Riqa Avropa mədəniyyəti şəhəri olacaqdır. O hesab edir ki, bu da mədəniyyət sahəsində əməkdaşlıq üçün müstəsna əhəmiyyət kəsb edir. Prezidentin fikrincə, mədəniyyət sahəsi bizim üçün yaxşı potensial imkanlar açır.

"Zənnimcə, biz bütün dünyada özümüzü daha güclü şəkildə təmsil edə, mövqelərimizi gücləndirə bilərik. Beləliklə, əlaqələrimizi inkişaf etdirmək üçün biz istərdik ki, cənab Prezidenti yenidən Latviyaya səfərə dəvət edək, bununla da aparacağımız ikigünlük işin nəticələrini daha da gücləndirək. Fikrimizcə, bu yolla biz bütün səviyyələrdə əlaqələrimizi daha da genişləndirə bilərik", - o deyib.

Andris Berzinş qeyd edib ki, iqtisadiyyat sahəsində əlaqələrimiz çox geniş vüsət alıb. Prezident hesab edir ki, dünyada təhlükəsizlik və ölkələrimizin təhlükəsizliyi üçün gördüyümüz işlər çox vacibdir.

"Hesab edirəm ki, bu baxımdan bizim bir çox potensial imkanlarımız vardır. Biz birgə işləyərək yaxşı səylərlə böyük nəticələr əldə edə bilərik. Mən öz tərəfimdən Azərbaycan tərəfindən iştirak edən bütün şəxslərə, həmçinin xüsusi olaraq, cənab Prezident Sizə minnətdarlığımı bildirirəm. Biz bilirik ki, nümayəndə heyətimiz səfərini artıq sabah başa çatdıracaqdır. Biz istərdik ki, səfərimizi konkret fikirlərlə və ideyalarla başa çatdıraq, ölkəmizə qayıdaq. Çünki bilirik ki, bəzi məsələlər kifayət dərəcədə, yəni istədiyimiz sürətlə inkişaf etməsə də, hesab edirik ki, biz bunu öz aramızda, cənab Prezident, əlaqələndirəcəyik", - Latviya Prezidenti qeyd edib.

Sonra dövlət başçıları jurnalistlərin suallarını cavablandırıblar.

- Albina Atlıxanova (Azərbaycan Dövlət Teleqraf Agentliyi - AzərTAc): Sualım Latviya Prezidentinədir. Bu gün Bakıda hər iki ölkənin iş adamlarının iştirakı ilə Azərbaycan-Latviya biznes forumu keçiriləcəkdir. Cənab Prezident, bilmək istərdik, Siz forumun nəticələrindən nə gözləyirsiniz və ümumiyyətlə, bu forum əməkdaşlığımızın genişləndirilməsi işinə nə kimi töhfələr verə bilər? Çox sağ olun.

Prezident Andris Berzinş: Hesab edirəm ki, biznes foruma Latviya tərəfindən böyük maraq vardır. Biznes forumda Latviyanın işgüzar dairələrinin, iqtisadiyyatının çox müxtəlif sahələrini təmsil edən 80-dən artıq iş adamı iştirak edəcəkdir. Bu, o deməkdir ki, onlar həm ümumi yığıncaqda, həm özəl görüşlərdə azərbaycanlı həmkarları ilə görüşəcəklər.

Biz Azərbaycan Prezidenti ilə bu barədə danışdıq və əslində qeyd etdik ki, bu, iqtisadi əməkdaşlıq üçün vacib bir əsasdır. Biz elə bir səviyyəyə gəlib çatmışıq ki, məhz yerli işgüzar dairələr öz qarşılarına qoyduqları məqsədlərə artıq nail olublar. Yəni, artıq bizim müəssisələr Baltik dənizi regionunda öz mövqelərini tutublar. Bu, o deməkdir ki, biz nəzərimizi növbəti bazarlara yetirmişik. Ona görə bizim bir neçə istiqamətimiz vardır. Bu 22 il ərzində bizim mübadilə olunacaq təcrübəmiz vardır. Bu təcrübə həmin müəssisələrin təcrübəsidir. Fikrimcə, bu yaxşı bir məqam olardı ki, biz əslində öz biznes mübadilələrimizi iki ölkə arasında daha da artıraq.

O ki qaldı digər məsələlərə, məhz nəqletmə sahəsinə, Latviya hər hansı bir tranzit sahəsində, xüsusən də aviasiya ilə yüklərin daşınması sahəsində maraqlıdır. Hesab edirəm ki, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq çox yaxşı dərəcədə inkişaf edə bilər. Bizim, həmçinin hava nəqliyyatı sahəsində və onun əlaqələndirilməsində çox yaxşı imkanlarımız vardır. Bu sahədə də göstəriləcək səyləri əlaqələndirə bilərik. Enerji layihələrinə gəldikdə, biz artıq elə bir səviyyədəyik ki, alternativ təchizat mənbələri haqqında danışa bilərik. Biz burada arzularımızı və fikirlərimizi bölüşürük. Təbii ki, bu, həm Latviyanın, həm Baltik dənizi regionunun marağındadır. Bir sözlə, informasiya mübadiləsi faydalıdır. Biz elə bir nəticəyə gəlmişik ki, bu sahədə müsbət inkişaf olacaqdır.

Biz, həmçinin real layihələr haqqında da danışa bilərik. Məsələn, biz Latviyanın kənd təsərrüfatı sahəsində əldə etdiyi təcrübə üzrə də işləyə bilərik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti