Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir E.Mehdiyev/
Türkiyənin İstanbul şəhərində Dünya Azərbaycanlı Gənclər Birliyinin (DAGB) Mərkəzi Şurasının iclası öz işinə başlayıb.
Birlikdən Trend-ə verilən məlumata görə, iclasda 40 ölkədən 70-dən çox təşkilat rəhbərləri və üzvləri iştirak edirlər. Gündəlikdə olan məsələlər, əsasən, Mərkəzi Şuraya daxil olan üzv təşkilatların il ərzində gördükləri işlərin və həyata keçirilən layihələrin hesabatlarının dinlənilməsi, bu barədə müzakirələrin aparılmasıdır.
Tədbirin əvvəlində DAGB və Avropa Azərbaycanlıları Konqresi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Memorandumun imzalanmasında əsas məqsəd dünya azərbaycanlı gənclər təşkilatları ilə Avropa Azərbaycanlıları Konqresinə üzv olan təşkilatlar arasında müxtəlif sahələr üzrə əməkdaşlıq əlaqələrinin genişləndirilməsidir.
Hazırda iclas öz işini davam etdirir. Məruzələr dinlənildikdən sonra bir sıra mühüm qərarların və yekun sənədlərin qəbulu gözlənilir.