Azərbaycan, Bakı, 6 may /Trend, müxbir İ.izzət/
Müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti Türkiyədə səfərdədir.
Trend-in nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfərdə məqsəd mayın 7-dən 10-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək "IDEF-2013" sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatların nümayiş etdirilməsidir.
Dörd gün davam edəcək sərgidə MSN-in müəssisələrində yaradılan və istehsal olunan 130 adda müdafiə təyinatlı məmulat nümayiş etdiriləcək.
"IDEF-2013" sərgisində ilk dəfə olaraq 7,62x54 mm-lik "Gürzə" pulemyotu, 7,62x51 mm-lik "Yalquzaq" snayper tüfəngi, 7,62x54 mm-lik HP-7,62 tipli hücum pulemyotu, "Gürzə" patrul maşını, "Aerostar" və "Orbiter" tipli pilotsuz uçuş aparatları və digər məmulatlar nümayiş etdiriləcək.
Sərgidə 36 ölkədən 500-dən çox şirkətin iştirakı gözlənilir.
Səfər çərçivəsində nazir Yavər Camalovun sərgiyə ev sahibliyi edən Türkiyənin dövlət rəsmiləri və sərgiyə qatılan ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri də nəzərdə tutulur.
.