...

Leyla Əliyeva "Yer kürəsi uşaqların gözü ilə" I Beynəlxalq Gənclər Foto Festivalı və Sərgisinin açılış mərasimində iştirak edib (FOTO)

Siyasət Materials 12 May 2013 23:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir E.Mehdiyev/

Ötən yay ilk dəfə olaraq keçirilən "Yer kürəsi uşaqların gözü ilə" Beynəlxalq Gənclər Foto müsabiqəsinin uğurlu davamı olaraq, mayın 12-də Bakıda I Beynəlxalq Gənclər Foto Festivalı və Sərgisinin açılış mərasimi keçirilib.

Trend-in məlumatına görə, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Mayın 14-dək davam edəcək, gənc insanların çəkdiyi şəkillər vasitəsilə ətraf mühit problemlərinə marağı artırmaq məqsədi daşıyan bu sərgi və festival müsabiqədən seçilmiş ən yaxşı 100 şəkilin nümayiş etdirilməsinə şərait yaradıb.

"Yer kürəsi uşaqların gözü ilə" qlobal təşəbbüsü İDEA Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyasının təsisçisi və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və məşhur fotoqraf, AİNA dünya qeyri-hökumət təşkilatının təsisçisi Reza Deqati tərəfindən irəli sürülüb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə çıxış edib.

"Bu sərgi tanınmış fotoqraf və AİNA təşkilatının qurucusu Reza Deqati və İDEA Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası ilə birgə təşkil edilib. Onların səyləri və dəyərli töhfələri olmadan festivala belə hərtərəfli beynəlxalq marağı oyada bilməzdik. Mən şadam ki, bu gün Bakıda öz sahəsində gənclərin birinci ekoloji beynəlxalq foto festivalı və sərgisini açırıq", - Leyla Əliyeva deyib.

Leyla Əliyevanın sözlərinə görə, Azərbaycan gözəl təbiəti və zəngin faunası ilə yaxşı tanınır, son vaxtlar isə onun biomüxtəlifliyinin mühafizəsinə də böyük diqqət göstərilməyə başlanılıb.

"Cəmi bir neçə onillik bundan əvvəl ölkəmizdə ekoloji inkişaf üzrə hər hansı ciddi planlar mövcud olmayıb və ölkə ekoloji sabitlik baxımından regionun əksər dövlətlərindən geri qalırdı. Keçmişin səhvlərini düzəltmək üçün ekoloji göstəricilərimizi xeyli yaxşılaşdıran və bu sahədə ölkələrlə əməkdaşlığımızı möhkəmləndirən bir sıra layihələr həyata keçirdik", - Leyla Əliyeva bildirib.

O, qeyd edib ki, "Yer kürəsi uşaqların gözü ilə" qlobal təşəbbüsü elə bir platformadır ki, onun köməyi ilə dünya üzrə bütün gənc istedadlar aktual ekoloji problemləri qərar qəbul edən ekspertlərin, insanların, həmçinin ümumilikdə beynəlxalq ictimaiyyətin diqqətinə çatdıra bilərlər.

Heydər Əliyev Fondunun vitse-prezidenti bildirib ki, festival və sərginin hər il keçirilməsi barədə qərar qəbul edilib. "Onlar məlumatlandırmanın artırılması üzrə mütəmadi səylərimizin davamıdır, həmçinin vacib ekoloji problemlərə diqqəti cəlb etməyə kömək edəcəklər. Bundan əlavə, sərgi ümumi iş üçün bütün dünyanın uşaq və gənclərini bir araya gətirəcək, həmçinin cəmiyyəti fəaliyyət göstərməyə sövq edəcək", - Leyla Əliyeva bəyan edib.

Leyla Əliyevanın fikrincə, təbiətin şəkillərini çəkən insanlar müəyyən mənada cəmiyyətin gözüdürlər. "Zənnimcə, fotoqrafların təbiəti necə çatdırmalarını dəyişdirmək lazımdır. Biz tez-tez "Facebook" və ya "Instagram" kimi sosial şəbəkələrdə sadəcə gözəl rəsmlər görürük. Mənə bir rəssam kimi elə gəlir ki, yalnız belə gözəl rəsmlərlə təbiətin şəkillərinin məhdudlaşdırılması heç də yaxşı tendensiya deyil. Bu gün gördüyümüz və dünyanın 90 ölkəsindən gənc müəlliflərin hazırladıqları minlərlə şəkillərin arasından seçilən fotolar kifayət qədər müxtəlifdir. Gənc yaşlarına baxmayaraq, bu şəkillərin müəllifləri planetin sosial və ekoloji problemlərini təsvir etməklə heyrətamiz kreativlik nümayiş etdiriblər", - Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva deyib.

Leyla Əliyeva qeyd edib ki, təbiət şəkilləri əhalini planetimizin mühafizəsi üzrə fəaliyyət göstərməyə stimullaşdıracaq. "Onlar ekoloji problemləri daha geniş auditoriyaya çatdıracaq və bizi fəaliyyətə sövq edəcək. Bu festival və sərgi gənc iştirakçılara Bakıda bəzi mərasim və seminarların köməyi ilə fotoqrafiya sahəsində öz biliklərini inkişaf etdirməyə unikal imkan verəcək", - Leyla Əliyeva bəyan edib.

"Biz bu günlərdə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 90 illiyini qeyd edirik və ənənəvi Gül bayramı gənc istedadlar üçün paytaxtımızı bütün gözəlliyi ilə görmək baxımından ideal imkan olacaq. Bu gün burada bizə qabaqcıl fotojurnalların nümayəndələri, həmçinin incəsənət və mədəniyyət sahəsində dünya şöhrətli ekspertlər qoşulublar. Bu, onların əksəriyyətinin Azərbaycana ilk səfərdir. Bakı mənsubiyyətindən və maraqlarından asılı olmayaraq, öz qonaqlarının ürək və ağlını həmişə fəth edib. Bu şəhər gizli füsunkarlığa malikdir: bu şəhərin hər kəsə təklif edəcək bir şeyi var. Tarixi sevənləri İçərişəhərin dar küçələri ilə ahəstə gəzinti əsrlərin dərinliklərindən keçirərək Şirvanşahlar dövlətinin mövcud olduğu dövrə aparır; incəsənət ustaları şəhərin saysız-hesabsız muzeylərini, emalatxanalarını və qalereyalarını ziyarət edə bilərlər, onlar burada mahir sənətkarlarımızın mükəmməl şedevr yaratdıqlarını görə bilərlər; Azərbaycan xalqı milli musiqidən cazadək musiqinin hər bir üslubuna dəyər verir; mlli mətbəxlə maraqlananlar isə yerli xörəklərdən ləzzət ala bilərlər. Günün sonunda isə bir qədər sərin Xəzər küləyi - bu, sizə lazım olan hər şeydir. Bir sözlə, evdən uzaqda olduğunuz halda, Bakıda özünüzü evdəki kimi hiss edəcəksiniz" , - Leyla Əliyeva bəyan edib.

İDEA Kampaniyasnın təşkilatçılığı ilə Bakıda keçirilmiş Beynəlxalq Festival və Sərgi istedadlı müsabiqə qaliblərinə müxtəlif növ tədbirlər və seminarlar vasitəsilə öz fotoqraflıq bacarıqlarını daha da inkişaf etdirmək imkanı verib. Festival çərçivəsində açıq sərgi, filim nümayişləri, seminarlar və mükafatlandırma mərasimi də baş tutub.

Diqqətəlayiqdir ki, ümummilli lider Heydər Əliyevin 90 illiyini və ənənəvi Gül bayramını qeyd edən paytaxtımız qədim mədəniyyətin, incə memarlığın bütün gözəlliklərinin və şəhərimizdə keçiriləcək unudulmaz festivalların vəhdəti üçün gənc istedadların mükəmməl görüş yeri olub.

Qeyd edək ki, Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan 8 yaşlı Anastasya Vorobko SOS şəkli ilə "Yer kürəsi uşaqların gözü ilə" Beynəlxalq Gənclər Foto müsabiqəsinin qalibi olmuşdu. O, bədii kamillik göstərərək fotoşəkil vasitəsilə zavoddan havaya buraxılan sıx duman üzərində uçan quşu əks etdirirdi və bu, onun ətraf mühtə təsir edən çirklənmə qorxusunu ifadə edirdi.

Vurğulamaq lazımdır ki, "Mən təbiəti sevirəm" və "Mən çirklənmədən qorxuram" devizləri altında, "Yer kürəsi uşaqların gözü ilə" Beynəlxalq Gənclər Foto müsabiqəsinə dünyanın 90-dan çox ölkəsindən gənc insanların çəkdiyi 4 mindən çox fotoşəkil daxil olub. Onlar arasından yalnız 100 ən yaxşı fotoşəkil festivalda nümayiş etdirilib. Müsabiqənin 6 qalibi festival və sərgi çərçivəsində həyata keçirilən mükafatlandırma mərasimində kuboklarla təltif olunub və Reza ilə fotoqrafiya sahəsi üzrə müxtəlif semnarlarda iştirak edəcəklər. Onlar, həmçinin yüksəksəviyyəli bir sıra mükafatlar əldə edəcəklər.

Festival qaliblərinin seçilməsində iştirak edən münsiflər heyətinə Asiyadakı "Chobi-Mela" fotoşəkil festivalının direktoru Şahidul Alam, "National Geographic" jurnalının Fransadakı baş redaktoru Silvi Briu, "Fox International"ın icraçı direktoru Frederik Şevans, "Reuters"in foto üzrə vitse-prezidenti Ayperi Ecer, "Polka" jurnalının təsisçisi Alen Genestar, "Associated Press"in vitse-prezidenti və direktoru Santyaqo Lyon, Thephotocloser.com saytının təsisçisi Frank Meo, "National Geographic"in İtalyadakı personal redaktoru Marko Pinna, "National Geographic" jurnalının tədqiqatçısı, "Enduring Voices Language Preservation" jurnalının həmsədri, "Society's All Roads Photography" proqramının direktoru Kris Reyner daxildir.

Festivalın ilk günü ən yaxşı şəkillərin nümayişi, qalib iştirakçıların kuboklarla və bir sıra mükafatlarla təltif olunması baş tutub. Festivalın ikinci günü isə iştirakçılar məşhur fotoqraf Reza ilə fotoqrafiya sahəsi üzrə müxtəlif seminarlarda iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti