...

Azərbaycanın qaçqın və məcburi köçkün gəncləri prezident seçkilərində İlham Əliyevə səs verəcəklərini bəyan ediblər

Siyasət Materials 24 May 2013 12:27 (UTC +04:00)
Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərə xüsusi diqqət və qayğısını nəzərə alaraq "Qaçqın və məcburi köçkün gənclər Prezidenti dəstəkləyir" mövzusunda konfrans keçirib.
Azərbaycanın qaçqın və məcburi köçkün gəncləri prezident seçkilərində İlham Əliyevə səs verəcəklərini bəyan ediblər

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərə xüsusi diqqət və qayğısını nəzərə alaraq "Qaçqın və məcburi köçkün gənclər Prezidenti dəstəkləyir" mövzusunda konfrans keçirib.

Trend-in məlumatına görə, tədbirdə giriş nitqi ilə çıxış edən Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, həmçinin qaçqın və məcburi köçkünlərin problemlərinin həllində göstərdiyi xidmətdən, apardığı prinsipial siyasətdən danışdı:

"Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev siyasətinin ən layiqli davamçısı İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən etibarən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində vətənpərvər, prinsipial və peşəkar siyasət yürütməyə başladı. Qaçqınların və məcburi köçkünlərin məskunlaşması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramının uğurla həyata keçirilməsi, kommunal xərclərin və dövlət ali təhsil müəssisələrində təhsil alan qaçqın və məcburi köçkün tələbələrin təhsil haqqının dövlət tərəfindən ödənilməsi, onlara verilən aylıq müavinət, çadır şəhərciklərinin ləğv edilməsi, yeni, müasir tipli qəsəbələrin inşa edilərək qaçqınların və məcburi köçkünlərin istifadəsinə verilməsi, bütün sahələrlə bərabər ordu quruculuğunda böyük nailiyyətlərin əldə edilməsi təbii ki, aparılmış məqsədyönlü siyasətin tərkib hissələrindəndir".

Qədirov bildirib ki, Azərbaycanın hərbi büdcəsinin Ermənistanın dövlət büdcəsini bir-neçə dəfə üstələməsi, azərbaycanlı qaçqın və vəcburi köçkünlərin Ermənistanın paytaxtı İrəvan şəhərində yaşayan elitadan daha yaxşı yaşaması, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun sürətlə artması, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olmaqla qazanılan diplomatik qələbə aparılan məqsədyönlü, çevik və strateji siyasətin nəticəsidir.

Konfransda çıxış edən gənclər Regionların Sosial-iqtisadi İnkişafı Dövlət Proqramı, "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"nın uğurla həyata keçirilməsi, idmanın inkişafına diqqqət və qayğının ən yüksək səviyyədə təmin olunması, beynəlxalq yarışlarda, Olimpiya oyunlarında qazanılan qələbələr, istedadlı gənclərə dövlət qayğısının nəticəsi olaraq "Eurovizion" yarışmasının 2012-ci ildə Azərbaycanda keçirilməsi, Azərbaycan muğamının, milli-mədəni dəyərlərin qorunmasında görülən əməli işlər və s. barədə fikirlərini söylədilər.

Tədbirdə Macarıstanda ömürlük həbs cəzasına məhkum olunmuş Ramil Səfərovun azad olunaraq elə təyyarədə ikən əfv olunması, Mübariz İbrahimova Milli Qəhrəman adının verilməsi, Azərbaycanın ərazi bütövlüyünün heç vaxt danışıqlar mövzusu olmayacağını bəyan edərək güclü və peşəkar ordunun yaradılması İlham Əliyevin əsl vətənpərvər və xalqını sevən Prezident, əvəzolunmaz lider olduğu xüsusi vurğulandı.

Tədbirdə çıxış edən gənclər və konfrans iştirakçıları Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün təmin olunması istiqamətində aparılan siyasəti, bütün sahələrdə sürətli inkişafa nail olunmasını, həyata keçirilən uğurlu Dövlət proqramlarını İlham Əliyevin misilsiz xidmətləri kimi qəbul etdiklərini və 2013-cü ildə keçiriləcək prezident seçkilərində ona səs verəcəklərini prinsipiallıqla bəyan etdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti