Azərbaycan, Bakı, 29 may /Trend, müxbir E. Tariverdiyeva/
Azərbaycan həm enerji, həm də Əfqanıstanda təhlükəsizliyin ümumi missiyası fonunda Qərbin müttəfiqidir. Trend-in məlumatına görə, bunu çərşənbə günü Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən "Gələcəyə baxış" Azərbaycan-ABŞ Forumunda çıxışında deyib.
Məmmədyarov bildirib: "Azərbaycan-ABŞ münasibətləri müxtəlif sahələrdə inkişaf edir və hər iki tərəf bunun üçün səy göstərir. Azərbaycan NATO üçün Əfqanısatana yüklərin tədarük edilməsinə kömək edib və edəcək, həmçinin dünyanın müxtəlif regionlarında təhlükəsizlik üzrə beynəlxalq səyləri tam dəstəkləyir. Təhlükəsizlik siyasətimizin vacib məqamıdır".
Nazir Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi faktını təəssüflə qeyd edib: "Təəssüflər ki, torpaqlarımız BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq, hələ də işğal altındadır. Dağlıq Qarabağ münaqişəsi bilavasitə regionun inkişafına təsir edir. Hələ də bir milyona yaxın qaçqın öz doğma yurdlarına qayıtmayıb. Ermənistan hakimiyyətinin fəaliyyəti təkcə Bakıya deyil, həm də Ermənistan xalqına və bütün regionun inkişafına zərər verir".
Nazirin sözlərinə görə, Azərbaycan Şərq və Qərbi birləşdirərək strateji geosiyasi mövqeyə malikdir və müxtəlif millətlərin dinc şəraitdə yaşadığı və multimədəni dialoqun inkişaf etdiyi unikal məkanlardan biridir.