Azərbaycan, Bakı, 31 may /Trend, müxbir E.Mehdiyev/
Azərbaycan dünyada müxtəlif dinlərə mənsub olan insanların sülh şəraitində yaşadığı bir ölkə kimi tanınır. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Avropa Cəmiyyətinin sədri Taleh Heydərov Bakıda keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində baş tutan "Qlobal vətəndaşlıq: mədəniyyətlərarası fəaliyyətlərə doğru" sessiyasında çıxışı zamanı deyib.
O qeyd edib ki, mədəniyyət insanlararası münasibətlərin əsas amillərindən biridir.
Heydərov vurğulayıb ki, Azərbaycanda islam və xiristianlıq Azərbaycan cəmiyyətinin inkişafına birgə təsir göstərib: "Azərbaycan cəmiyyətində tolerantlıq mövcuddur və məhz buna görə də bugünkü tədbir Azərbaycanda keçirilir". Heydərov, həmçinin Azərbaycan yazıçı və şairlərinin Azərbaycan mədəniyyətində buraxdığı izlərdən danışıb. O, Nizami Gəncəvinin, Uzeyir Hacıbəyovun, Cəlil Məmmədquluzadənin və digər dahi Azərbaycan yazıçılarının əsərlərindən nümunələr gətirib.
Heydərov qeyd edib ki, qloballaşma Azərbaycana təkcə mədəni sahədə deyil, həm də siyasi və sosial baxımdan da təsir edib: "Məhz Şərqdə ilk demokratik ölkə Azərbaycanda yaradılıb, ilk dəfə olaraq qadınlara səsvermə hüququ Azərbaycanda verilib. 1918-20-ci illərdə Azərbaycanda mədəniyyət qlobal vətəndaş ideyası formalaşdırmağa nail olub".
Tədbirdə, həmçinin çıxış edən Monteneqronun elm naziri Sanja Vlahoviç isə deyib ki, hər bir ölkə öz səylərini qlobal şəraitdə birləşdirməlidir: "Biz kiçik ölkəyik və resurslarımız çox məhduddur. Bu resurslardan elə istifadə etməliyik ki, öz enerjimizi təmin edək. Biz yeni texnologiyalarla bağlı layihələr həyata keçirmək istəyirik. Başlıca məqsədimiz cəhdlərimizi birləşdirməkdir. Əsas bilməliyik ki, birgə komanda da işləmək nə deməkdir. Burada insanlar fikir mübadilələri aparırlar. Bizim qarşımızda duran məsələlər qlobaldır. Biz bu problemləri yalnız qlobal yanaşma sayəsində həll edə bilərik. Elimdə tədqiqat aparanda nəsə bir məqsədimiz olur. Bu məqsədə çatmaq üçün hesab edirəm ki, elimin mühüm rolu var".