...

Əli Əliyev: Milli Şuranın siyasi uğurundan danışmaq yersizdir

Siyasət Materials 7 İyun 2013 17:01 (UTC +04:00)
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Milli Şuranın bugünkü təsisat məsələsində diqqət çəkən bir çox məqamların olduğunu hesab edir.
Əli Əliyev: Milli Şuranın siyasi uğurundan danışmaq yersizdir

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir E.Mehdiyev/

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Milli Şuranın bugünkü təsisat məsələsində diqqət çəkən bir çox məqamların olduğunu hesab edir.

Trend-ə açıqlamasında VİP sədri Əli Əliyev bildirib ki, nəzərə almaq lazımdır ki, tərkibi az sayda elan olunmuş qurumun üzvlərinin sayı indi 129 nəfərə qaldırılıb.

Əliyev hesab edir ki, bu, birinci növbədə Milli Şurada daxili narazılıqdan, uzlaşmanın çətinliyindən xəbər verir: "İkinci diqqət çəkən məqam iştirak məsələsidir. Bu gün yeni təsis olunan qurumun üzvlərinin təxminən 25 faizi yığıncaqda iştirak etməyib. Üçüncü bir məqam odur ki, üzvlərin siyahısını analiz edən zaman görürük ki, bu işin başında duran partiyaların tərəfdarlarının sayı elan olunduğu kimi hər partiyadan 12 nəfər deyil. Onlar başqa qurumların adı altında öz adamlarını yerləşdiriblər".

Əliyev vurğulayıb ki, çox maraqlıdır ki, siyahıda Milli Şuranın əleyhinə çıxış etmiş adamların, həmçinin rəsmi şəkildə Milli Şuradan iştirakdan imtina etmiş şəxslərin adı yazılıb, xüsusən, Müsavat təmsilçilərindən bir neçəsinin adına rast gəlinir.

VİP sədri hesab edir ki, mahiyyət etibarilə Milli Şura İctimai Palatadan heç nə ilə fərqlənmir və şok yaradacaq və yaxud cəmiyyətdə təlatüm törədə biləcək heç kimin adına rast gəlinmir: "Bu, inqilab yolu elan etmiş şəxslərin psixoloji durumundan xəbər verir".

Əliyevin fikrincə, digər diqqət çəkən məqam Rüstəm İbrahimbəyov ilə bağlıdır: "Bu vaxta qədər müzakirə olunan həmsədrlik institutundan imtina olundu. Rüstəm İbrahimbəyov tək sədr elan edildi və bu da layihə müəlliflərinin ona etimadından xəbər verir. Digər tərəfdən, Milli Şuranın Rüstəm bəyin personasından asılılığını göstərir".

Əliyev vurğulayıb ki, "milyaderlər klubu"nun rəsmi koordinatoru olan şəxs indi də bu qurumun üzvü seçildi və görünür, bu vaxta qədər Milli Şuraya rəhbərlik iddiasında olan şəxslər maliyyə məsələləri ilə bağlı iddialarından geri çəkilmək məcburiyyətində oldular.

VİP sədrinin fikrincə, digər maraqlı məqam vahid namizəd məsələsində Rüstəm bəyə "yox" deyilməsidir. O, hesab edir ki, görünür, prezident seçkilərində iştiraka iddialı olan şəxslər hələ Rüstəm İbrahimbəyovun vahid namizədliyində razılığa gələ bilməyiblər və yaxud verdikləri bəyanatlardan belə aydın olur ki, prezidentliyə namizədliyə iddialı olan, kifayət qədər qəti mövqe nümayiş etdirən Müsavat Partiyası Rüstəm İbrahimbəyovun namizədliyinə razılıq vermir: "Yəni bu məqamlar kifayət qədər mürəkkəb və gələcəkdə o təşkilata əngəl ola biləcək məqamlardır. Mən əvvəldən demişəm ki, Milli Şuranın heç bir perspektivi olmayacaq. Ətrafında yaxşı PR qurulacaq, yaxşı vəsait xərclənəcək, kimlərsə öz fəaliyyətində olan durğunluğu aradan qaldıracaq, kimlərsə şəxsi maliyyə imkanlarını yüksəldəcək və kimlərsə öz siyasi dividendlərini artıracaq. Ancaq bütövlükdə siyasi uğurdan danışmaq yersizdir və heç bir perspektivi olmayan bir təşkilatdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti