Azərbaycan, Bakı, 19 iyul /Trend/
İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Quba-Xaçmaz Regional İnkişaf Mərkəzinin açılışında iştirak etmişdir. Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
İqtisadi inkişaf naziri Şahin Mustafayev Prezident İlham Əliyevə məlumat verdi ki, mərkəzin tikintisinə 2011-ci ildə başlanılmış, 2013-cü ilin iyulunda başa çatdırılmışdır. Ümumi ərazisi 1,5 hektar olan mərkəzin həyətyanı sahəsində geniş yaşıllıq və abadlıq işləri görülmüşdür.
Bildirildi ki, foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulan mərkəzin sərgi zalında "Quba-Xaçmaz iqtisadi rayonu: uğurlu regional siyasətin nəticələri" adlı sərgi yaradılmışdır. Sərgidə ulu öndər Heydər Əliyevin Quba-Xaçmaz iqtisadi rayonuna səfərlərini əks etdirən fotoguşə də vardır. Burada, həmçinin regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramları çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda görülən işlər və əsas sosial-iqtisadi göstəricilər geniş əks olunmuşdur.
Mərkəzdə rayonun sosial-iqtisadi inkişafı üçün regionun mövcud potensialından səmərəli istifadə etməklə prioritet istiqamətlər üzrə təkliflər hazırlanacaqdır. Burada rayon üzrə biznesin inkişafı, sahibkarlıq subyektləri arasında əlaqələrin və işgüzar əməkdaşlığın gücləndirilməsi üçün müxtəlif tədbirlər də təşkil olunacaqdır. Yerli istehsal, habelə sənətkarlıq məhsullarının nümayişi, sərgiyə çıxarılması və satışı ilə bağlı sahibkarlıq subyektlərinə müxtəlif təşkilati-məsləhət xidmətlərinin göstərilməsi də nəzərdə tutulmuşdur.
Qeyd olundu ki, mərkəzin ən mühüm istiqamətlərindən biri sahibkarlıq fəaliyyətinə başlayan gənclər və biznesini təkmilləşdirmək istəyən kiçik və orta sahibkarlar üçün davamlı maarifləndirmə işlərinin təşkili, konsaltinq və informasiya xidmətlərinin göstərilməsidir.
Bildirildi ki, 2003-2013-cü illər ərzində bu iqtisadi rayon üzrə 122 təhsil müəssisəsi tikilmiş, 28-i isə əsaslı təmir olunmuşdur. Bu müddət ərzində səhiyyə və sosial müdafiə sahələri də inkişaf etmişdir. Ötən dövrdə 32 səhiyyə müəssisəsi tikilmiş, 14-ü isə əsaslı təmir olunmuşdur. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 33 yaşayış binası inşa edilmişdir. Bu illər ərzində turizm sahəsi də xeyli inkişaf etmişdir. Hazırda Quba-Xaçmaz iqtisadi rayonunda 100-dən çox mehmanxana və bu tipli obyekt fəaliyyət göstərir. Gənclərin sağlam böyüməsi də ən vacib məsələlərdəndir. Son 10 ildə 14 gənclər evi və idman müəssisəsi tikilib istifadəyə verilmişdir. Bu dövrdə 9 su anbarı tikilmiş, 175 kilometr su, 120 kilometr isə kanalizasiya xətləri çəkilmişdir. Ötən 10 ildə Quba-Xaçmaz iqtisadi rayonunda yol və nəqliyyat infrastrukturu xeyli yaxşılaşdırılmışdır. 150 kilometr yeni yol çəkilmiş, 450 kilometr isə əsaslı təmir olunmuşdur. Bu müddətdə 22 körpü və tunel tikilmişdir. Quba və Xaçmaz şəhərlərində yeni avtovağzal binaları tikilmişdir. Kənd təsərrüfatı məhsulları istehsalında da artım müşahidə olunmuşdur. Meyvə 1,4, ət istehsalı 2, süd istehsalı 1,2, yumurta istehsalı isə 1,7 dəfə artmışdır. Azərbaycanın iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri məhz özəl sektorun hərtərəfli dəstəklənməsi, onun daha da genişlənməsi üçün əlverişli mühitin yaradılması, bu sahədə müxtəlif yardım və təşviq mexanizmlərinin tətbiq edilməsidir. Dövlət tərəfindən ayrılan kreditlər və Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə görülən işlər də özəl sektorun inkişafına çox böyük dəstəkdir. Son illər bu iqtisadi rayon üzrə 1321 sahibkara 109,7 milyon manat güzəştli kredit verilmişdir. Bunun nəticəsində 8,4 min yeni iş yeri yaradılmışdır.
Prezident İlham Əliyevə Biznes-İnkubator barədə də ətraflı məlumat verildi. Diqqətə çatdırıldı ki, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramına əsasən biznes-inkubatorlar yaradılmışdır. Əsas məqsəd gənclər tərəfindən yeni biznes subyektlərinin qısa zamanda rəqabət qabiliyyətliliyinin və inkişafının təmin edilməsi, kiçik sahibkarlıq subyektlərinə olan dəstəyin nümayiş etdirilməsi vasitəsilə investisiya mühitinin daha da yaxşılaşdırmasıdır. Bu proqram vasitəsilə gənc mütəxəssislərin potensialından səmərəli istifadə olunacaq, innovativ və perspektivli biznes sahələrinin inkişafı təmin ediləcəkdir.
Vurğulandı ki, binanın 280 nəfərlik konfrans zalında müxtəlif tədbirlər keçirmək üçün hər cür şərait yaradılmışdır. Mərkəzin inzibati otaqları işçilərin rahat fəaliyyət göstərməsi üçün ən son avadanlıqlarla təchiz olunmuşdur.
Biznes-İnkubator bölməsi ilə tanış olan dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, layihədə iştirakçıların sayı 15 nəfərdir. Layihənin 24 ay ərzində həyata keçirilməsi planlaşdırılır. Bu müddətin birinci və ikinci mərhələlər üzrə müvafiq olaraq 3 ayı təlimlərin, 8 ayı inkubasiya prosesi, 1 ayı isə monitorinqlərin keçirilməsi, nəticələrin təhlili və qiymətləndirilməsi üçün nəzərdə tutulmuşdur. İnkubator bölməsində gənc sahibkarların fəaliyyəti üçün hər cür imkan yaradılmışdır. Mərkəzdə kiçik konfrans zalı və tədris otağı da fəaliyyət göstərəcəkdir.
Görülən işlərdən razılığını bildirən Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi.