Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir S.Əhmədova/
ABŞ-da fəaliyyət göstərən Azərbaycanın Dostları Assambleyası (Assembly of the Friends of Azerbaijan - AFAZ) tərəfindən iyulun 18-də Vaşinqtonda "Cənub Qaz Dəhlizi və onun Avropanın enerji təhlükəsizliyində rolu"na həsr rolunmuş təntənəli tədbir təşkil olunub.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirin diqqət mərkəzində Azərbaycanın fəal iştirakı ilə həyata keçirilən "Cənub Qaz Dəhlizi"nin daşıdığı strateji əhəmiyyət, xüsusilə onun əhatə etdiyi ölkələr, ümumiyyətlə, Avropa qitəsinin enerji təhlükəsizliyinə verəcəyi mühüm töhfə, eləcə də bu layihənin yaradacağı yeni əməkdaşlıq imkanlarının ABŞ siyasi dairələri və ictimaiyyətinin diqqətinə çatdırılması olub. Tədbirdə ABŞ Senatı və Nümayəndələr Palatasının 20-dən artıq üzvü, ABŞ Dövlət Departamentinin rəsmiləri, Vaşinqtonda akkreditə olunmuş diplomatlar, nüfuzlu analitik mərkəzlərin mütəxəssisləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
ABŞ-da işçi səfərdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev tədbir iştirakçıları qarşısında çıxış edərək, ölkəmiz və regionumuz üçün çox mühüm əhəmiyyət kəsb edən "Cənub Qaz Dəhlizi"nin gerçəkləşdirilməsi baxımından əlamətdar günlər yaşadığımızı söyləyib və bu istiqamətdə tərəqqinin əldə olunmasında ABŞ tərəfindən verilən davamlı dəstəyin vacib rolunu qeyd edib. ARDNŞ prezidenti bu layihənin Avropanı alternativ enerji ilə təmin etməklə yanaşı, qitənin iqtisadi inkişafına dəstək verəcəyini bildirib.
Tədbirdə çıxış etmiş senator Mayk Kreypo, Nümayəndələr Palatasının üzvləri Mayk Törner, Havyer Besera, Robert Aderholt, Henri Kuellar, Leonard Lens, Gin Qrin, Dana Rohrabaker, Qreys Menq, Ruben Hinoyosa, Met Kertrayt, İvet Klark, Bil Kasidi, Mayk Fitspatrik, Stiv Stokmen və Şeyla Cekson Li öz nitqlərində Azərbaycanı ABŞ-ın yaxın dostu və etibarlı tərəfdaşı kimi xarakterizə edib, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni yüksək qiymətləndirib və Azərbaycanın apardığı enerji siyasəti, xüsusilə, enerjidən əldən edilən gəlirlərin ölkənin müxtəlif sahələrdə inkişafına yönəldilməsini təqdir ediblər. Cari ilin may ayının 29-da Bakıda keçirilmiş Amerika-Azərbaycan Qurultayında iştirak etmiş Konqres üzvləri, həmçinin Azərbaycana səfər əsnasında ölkəmizin əldə etdiyi tərəqqi və ABŞ üçün etibarlı tərəfdaş olmasına əyani surətdə şahid olduqlarını açıqlayıblar. Onlar, eyni zamanda, Azərbaycan rəhbərliyinin "qara qızıl"ın "insan qızılı"na çevrilməsinə yönəlmiş siyasətinin dərin təsir bağışladığını ifadə ediblər.
Konqresin digər üzvləri Ted Po, Pit Qaleqo, Dən Lipinski, Rob Endryuz və Al Qrin, həmçinin tədbirdə iştirak etməklə, "Cənub Qaz Dəhlizi"nin həyata keçirilməsinə öz dəstəklərini nümayiş etdiriblər. Əlavə olunmalıdır ki, elə eyni gündə ABŞ-ın nüfuzlu "The Hill" qəzetində ABŞ Konqresinin NATO Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Mayk Törnerin "Cənub Qaz Dəhlizi"nə dair məqaləsi nəşr olunub.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov öz çıxışında Azərbaycan hökuməti tərəfindən "Cənub Qaz Dəhlizi" ilə bağlı aparılan fəaliyyətə yetirilən diqqətə və onun reallığa çevrilməsi üçün göstərilən davamlı səylərə toxunub və bu layihənin iştirakçı ölkələr üçün açacağı yeni perspektivlər barədə bəhs edib.
Çıxışçılar arasında olmuş Milli Məclisin Azərbaycan-ABŞ Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Səməd Seyidov və qrupun üzvləri Sevinc Fətəliyeva və Asim Mollazadə iki ölkə arasında formalaşmış möhkəm əməkdaşlıq və tərəfdaşlıq münasibətləri haqqında danışıb və sarsılmaz əsaslara söykənən bu münasibətlərin inkişafına verdikləri dəstəyə görə tədbirə qatılmış ABŞ Konqresindəki həmkarlarına təşəkkür ediblər.
Azərbaycanın Vaşinqtondakı çoxsaylı dostlarını bir araya gətirən bu təntənəli mərasim Milli Məclisin ABŞ üzrə işçi qrupunun üzvləri və ARDNŞ-nin nümayəndə heyətinin ABŞ-da keçirdikləri faydalı görüş və toplantılar siyahısında yekun tədbir olub. Qeyd edək ki, iyulun 17-də isə ABŞ Konqresinin binasında Azərbaycan, Albaniya, İtaliya və Yunanıstan səfirlikləri tərəfindən "Cənub Qaz Dəhlizi"nə həsr olunmuş təqdimat və brifinq keçirilmişdi.