Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir M.Əliyev/
Azərbaycan dövləti həqiqətən də gənclərin arxasındadır. Bu barədə Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov bildirib.
O, Prezidentin gənclərə göstərdiyi diqqət və qayğının YAP gəncləri tərəfindən yüksək qiymətləndirildiyini deyib: "Təbii ki, birmənalı olaraq biz ölkə başçısının gənclərə olan diqqət və qayğısından tam razıyıq. Bu qayğı əməli işlərlə isbat olunub. Cənab Prezident gənclər üçün bütün yolları açaraq onlara hər sahədə münbit şərait yaradıb. Son illərdə bütün regionlarda xeyli sayda idman qurğuları və gənclər mərkəzləri inşa edilir. Bunlar liderimizin gənclərə diqqətinin əsas nümunələrindən sayılır. Prezident İlham Əliyevin yürütdüyü gənclər siyasəti dünyaya nümunədir. Xarici dövlətlər bizdən bu sahədə çox şey öyrənirlər".
Seymur Orucov son zamanlarda gəncləri yalan vədlərlə ətrafına toplamağa çalışan müxalifət liderlərinin gülünc duruma düşdüyünü söyləyib: "Müxalifət bir dəfə qarışıq vaxtlarda gəncləri aldatmağı bacardı. İndi isə bu mümkün deyil. Gənclər "müxalifət lideri" adlandırılan insanların arxasınca hansı səbəbdən getməlidir? Onlarda liderlik vəsfi bir yana qalsın, vətəndaş mövqeyi belə yoxdur. Bu şəxslərin heç özlərinə inamları da qalmayıb. Belə siyasətçilər hansısa gəncə necə güvən verə bilər axı? Sağlam gənclik Prezident İlham Əliyevi həmişə dəstəkləyib və onunla bir düşərgədə olub. Radikal düşərgənin yanında qalan, barmaqla sayılacaq qədər az olan gənclər də tezliklə bu şəxslərin ətraflarından dağılacaqlar".
YAP Gənclər Birliyinin rəhbəri "Milli Şura"da toplaşan müxalifətçilərin özünə lider seçə bilməməsinə də toxunub: "Əslində onlarda lider də yoxdur ki, özlərinə kimisə lider tapıb seçələr. "Milli Şura" həqiqətdə "antimilli şura"dır. Demokratiyadan, millilikdən danışırlar, amma özlərini xalqdan tam təcrid vəziyyətində saxlayırlar. Bu qurumun liderinin qeydiyyatdan keçməsi üçün hüquqi statusu da yoxdur. Bir də ki, orada liderliyə, namizədliyə layiq elə bir sima yoxdur axı... Eldar Namazov, yoxsa Rüstəm İbrahimbəyov milli dəyərlər carçısıdır? Bu şəxslərin heç biri milli dəyərlərə önəm verməyiblər. Sadəcə olaraq, bu gün hamımız demokratik dövlətdə yaşayırıq deyə, belə şəxslərə göz yumuruq. Mən "Milli Şura"nı ciddi qəbul etməmişəm və etmirəm də. Onların hər hansı bir bəyanatlarına rast gələndə, gülüb keçirəm. Bu siyasətçilər saxta, bir qrup "pensiyaçılar"dır. Öz güvənləri olmayan hansısa xarici qurumun əlaltıları olan müxalifət liderləri şübhəsiz ki, uğursuzluğa məhkumdurlar. Qısası, partiyalarında olduğu kimi, orada, Milli Şura"da da saxtakarların yanında gəncin nə işi ola bilər axı? Bu səbəbdən onlar gənclərə də rəhbərlikdə yer vermirlər. Erməni sevdalısı Rüstəm İbrahimbəyovu kim dəstəkləyəcək ki?"