Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir M.Əliyev/
Azərbaycanın seçki sistemində siyasi partiyaların rolu müstəsnadır, çünki siyasi partiya institutu dövlətin mövcudluğu, daxili və xarici siyasətdə demokratiyanın qarantı kimi çıxış edir. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çərşənbə axşamı Mərkəzi Seçki Komissiyasında (MSK) Dairə Seçki Komissiyalarının (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslarda "Seçki (referendum) prosesində aşkarlıq institutları və KİV-in rolu" mövzusunda mühazirəsi zamanı bildirib.
Ə.Həsənov bildirib ki, siyasi partiyalar arasında münasibətlər müxtəlif ola bilər, əsas odur ki, bütün səviyyələrdə dövlət idarəçiliyində siyasi partiyaların rolu olsun: "Siyasi plüralizm olmadan Azərbaycanı təsəvvür etmək olmaz, çünki bu, insanların alternativ dəyərləndirmə mexanizmlərinə çıxış imkanı verir".
PA rəsmisi, həmçinin Azərbaycan cəmiyyətində QHT-lərin rolu və tarixi barədə məlumat verib: "Hazırda Azərbaycanda 3500-dək QHT fəaliyyət göstərir ki, onlar insan həyatının müxtəlif fəaliyyət sahələrini əhatə edir".
PA rəsmisi, həmçinin milli-dini təməldə yaradılmış QHT-lər barədə də məlumat verib. Ə.Həsənov həmin təşkilatların fəaliyyət istiqamətlərini açıqlayıb.
Ə.Həsənov mühazirəsində KİV-in rolu barədə də məlumat verib və qeyd edib ki, mətbuat orqanlarının ilk funksiyası ictimaiyyəti məlumatlandırmaqdır: "İnsanlar həmin məlumatlara əsaslanaraq öz həyatlarını qururlar. KİV-in digər funksiyası müxtəlif hadisələri qavramaq üçün ictimaiyyətə ipucu verməkdir".
PA rəsmisinin sözlərinə görə, siyasi plüralizmin bərqərar olması üçün mətbuat orqanları da tərəfsiz olmalıdır: "Mətbuatın işi təkcə seçkilər zamanı MSK-nın fəaliyyətini işıqlındırmaqdan ibarət deyil, o seçkiqabağı ab-havanı işıqlandırmaqla bütün prosesin şəffaflığını təmin edir. 1998-ci ildə ümummilli lider Heydər Əliyev mətbuat üzərindən senzuranı ləğv etdi və o gündən indiyədək mətbuat tam azad şəkildə öz fəaliyyətini qurub. Azərbaycanda mətbuata göstərilən dövlət qayğısı dünyanın heç bir yerində yoxdur. Azərbaycanda jurnalistikaya indiyə qədər belə dəstək olan ikinci hakimiyyət olmayıb".