Azərbaycan, Bakı, 6 avqust / Trend, müxbir M.Əliyev/
Azərbaycan-Rusiya münasibətlərinin perspektivləri Zəngəzur məsələsinin, başqa sözlə Naxçıvanın qalan Azərbaycan əraziləri ilə quru əlaqəsinin bərpasına böyük ümidlər yaradır.
Trend-in məlumatına görə, bunu çərşənbə axşamı keçirilən mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.
O qeyd edib ki, Rusiya bütün MDB regionu dövlətlərinə qarşıtəzyiq kampaniyasına başlayıb, forpost və ya strateji müttəfiq hesab etdiyi Ermənistana planlaşdırdığı investisiyaları dayandırdı: "Rusiyadakı ermənilər üzərində nəzarətini gücləndirib. MDB dövlətləri içərisində Rusiyaya qarşı mübarizə kampaniyası aparan yalnız ermənilərdir. Kütləvi qırğınla nəticələnmiş avtobus qəzası törədən erməniyə qadın xalatının geydirilməsi müqabilində ermənilər sosial şəbəkələrdə Vladimir Putinə qarşı analoji addımlar atdılar. Rusiya səfirinin qovulmasını tələb etdilər. Erməni deputatları Avropa Parlamentdən Moskva şəhərinin merinin cəzalandırılmasını istədilər. İmkanları çatsa idi Putinin cəzalanmasını tələb edərdilər".
Politoloq bildrib ki, Rusiyanın MDB dövlətlərinin bəzilərinə etdiyi təzyiqlər Aİ-nin Şərq Tərəfdaşlığı Proqramı ilə bağlıdır. Ukrayna, Moldova, Gürcüstan və Ermənistan noyabrda Aİ-nin Vilnüs sammiti zamanı assosiativ müqaviləni paraflamağa çox yaxındırlar.
Eyni zamanda Əhmədoğlu qeyd edib ki, Rusiyanın Azərbaycana qarşı heç bir təzyiqi görünmür, əksinə Dağıstanda avarların sakitləşməsi, Dərbəndin mərkəzi küçəsinə ümummilli lider Heydər Əliyevin adının verilməsi tamam fərqli münasibətlər sistemindən xəbər verir:
"İnquşetiya Şimali Qafqazda mümkün regionlardan biridir və Şimali Qafqazda proseslərin gələcək inkişafı indi İnquşetiyada baş verənlərdən çox asılıdır. Vladimir Putinin xüsusi tapşırığı ilə İnquşetiyanın böyük nümayəndə heyəti Azərbaycanda oldu. Putin Azərbaycana səfərə hazırlaşır. "Rosneft" şirkəti ARDNŞ-la birlikdə Azərbaycan və Rusiya ilə yanaşı üçüncü dövlətlərdə də əməkdaşlıq etməyə hazırlaşır. Üçüncü dövlət dedikdə daha çox İranı başa düşmək lazımdır. Bu baxımdan Rusiyanın Azərbaycana təzyiq edəcəyi inandırıcı deyil. Azərbaycanla münasibətlər Yaxın Şərq regionunda çox böyük perspektivlər vəd verir. İndiki Azərbaycan dünyada yaşayan 52 milyon azərbaycanlını koordinasiya edən dövlətdir".
Politoloq vurğulayıb ki, bütün bunlar Zəngəzur məsələsinin, başqa sözlə Naxçıvanın qalan Azərbaycan əraziləri ilə quru əlaqəsinin bərpasına böyük ümidlər yaradır.
"Zəngəzur SSRİ-nin yarandığı dövrdə Stalinin ilk cinayətlərindən biridir. Zəngəzuru ermənilərə verməklə Stalin bölünmüş Azərbaycan xalqının yenidən parçalanmasına nail oldu. Naxçıvanın Azərbaycanın qalan ərazilərilə quru əlaqələrinin olmaması Azərbaycanın ən böyük strateji təhkükəsidir. Azərbaycan Respublikasının inkişafından narazı olanlar və ya qorxanlar həmişə Naxçıvanın qalan Azərbaycandan aralı olmasından istifadə edəcəkləri şəksizdir. Azərbaycan elə indi də inkişaf edir. Azərbaycan- Rusiya münasibətlərinin perspektivləri Azərbaycanın çiçəklənməsi üçün daha böyük imkanlar yaradacaq. Azərbaycanın qeyri-dostları buna dözməyəcəklər".