Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir İ.İzzət/
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovun İran İslam Respublikasının islami irşad və mədəniyyət nazirinin dəvəti ilə bu ölkəyə rəsmi səfəri başlayıb. Bu barədə Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Məlumata görə, Azərbaycan və İran arasında dini sahədə ikitərəfli əlaqələrin müzakirəsi, mövcud problemlərin aradan qaldırılması, eyni zamanda milli-mənəvi, mədəni əlaqələrinin perspektiv inkişafının artırılması məqsədi daşıyan səfər çərçivəsində İranın yeni hökuməti ilə bir sıra yüksək səviyyəli görüşlər nəzərdə tutulub.
E. İskəndərovun səfər çərçivəsində İran islam Respublikasının islami irşad və mədəniyyət naziri Əli Cənnəti, xarici işlər naziri Məhəmməd Cavad Zərif, İslam Mədəniyyəti və Əməkdaşlıq Təşkilatının sədri Məhəmmədbaqir Xürrəmşad, o cümlədən digər rəsmi şəxslərlə görüşləri keçiriləcəkdir.
Səfər çərçivəsində Dövlət Komitəsinin sədrinin İranın Qum şəhərində dini təhsil alan azerbaycanlı tələbələrlə görüşü, o cümlədən İranın müvafiq dövlət qurumları ilə ikitərəfli əlaqələrinin inkişafı üçün bir sıra layihələrin müzakirəsi nəzərdə tutulmuşdur.
Xatırladaq ki, bu, İranda keçirilən prezident seçkilərindən sonra ilk Azərbaycan hökumət rəsmisinin səfəridir.