...

Mərkəzi Avropa Siyasi Monitorinq Qrupu: Prezident seçkilərinin nəticələri seçicilərin iradəsini əks etdirir

Siyasət Materials 10 Oktyabr 2013 10:45 (UTC +04:00)
Azərbaycanda prezident seçkilərini müşahidə edən Mərkəzi Avropa Siyasi Monitorinq Qrupu seçki ilə bağlı rəyini açıqlayıb.
Mərkəzi Avropa Siyasi Monitorinq Qrupu: Prezident seçkilərinin nəticələri seçicilərin iradəsini əks etdirir

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda prezident seçkilərini müşahidə edən Mərkəzi Avropa Siyasi Monitorinq Qrupu seçki ilə bağlı rəyini açıqlayıb.

Trend-in məlumatına görə, bununla bağlı konfransda qrupun üzvü, estoniyalı siyasətçi Nikolay Meinert seçkilərin demokratik şəkildə həyata keçirildiyini deyib: "Biz burada qısamüddətli missiya üçün gəlmişdik və ancaq seçki gününü müşahidə etdik. Müşahidələrimizdən deyə bilərik ki, nəticələr seçicilərin iradəsini əks etdirir. Əlbəttə, hansısa texniki səhvlərə fikir verdik, amma hər hansı texniki problemlər nəticəyə heç bir təsir göstərməyib".

Bir çox seçki məntəqələrində olduğunu deyən qrupun üzvü, Avstriya Parlamentinin deputatı Qerhard Huber seçkilərin texniki baxımdan lazimi səviyyədə təşkil edildiyini vurğulayıb: "Mən hər hansı bir zorakılıq halına və ya qanun pozuntusuna yol verildiyini müşahidə etmədim. Yəni seçkilərin azad və şəffaf şəkildə keçirildiyini deyə bilərik".

Həmkarlarının fikri ilə razılaşdığını deyən qrupun üzvü Nikolas Qriffin müşahidələrinin müsbət nəticə doğurduğunu qeyd edib. O, müxalifətin bəzi nümayəndələrinin ona şikayət etdiyini deyib: "Onların şikayəti ziddiyət təşkil edirdi, ancaq mən gün ərzində çalışdım ki, müxalifət üzvlərinin dedikləri şikayətlə bağlı hər hansı bir sübut tapım, ancaq tapa bilmədim". N.Qriffin əlavə edib ki, seçkilər zamanı hansısa pozuntulara və ya təzyiqlərə rast gəlməyib: "Seçkilər azad və demokratik şəkildə keçirildi".

Qrupun digər üzvü, Litva Parlamentinin deputatı Linas Balsys Bakıdan kənarda da seçki məntəqələrində olduğunu deyərək qeyd edib ki, vəziyyət heç də Bakıdakından fərqli deyildi: "Seçki ardıcıllığı və qanunlara riayət olunması yüksək səviyyədə təşkil olunmuşdu. Eyni zamanda yerli müşahidəçilərin də çox olması məni çox sevindirdi. Onlar çox fəal idilər, bizimlə əməkdaşlıq edirdilər. Biz yüksək seçki fəallığını da müşahidə etdik ki, bu da ən mühüm göstəricidir".

Qeyd edək ki, dünən Azərbaycanda prezident seçkiləri keçirilib.

Prezident seçkisində 10 namizəd mübarizə aparıb. Onlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov və Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov çərşənbə günü seçkilərin yekununa dair keçirdiyi brifinqdə bəyan edib ki, ümumilikdə Azərbaycan seçicilərinin 72,31 faizi səsvermədə iştirak edib. MSK-nın ilkin nəticələrinə görə, Azərbaycanın hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev məntəqələrin 72 faizindən daxil olan protokollara əsasən 84,73 faiz səslə qalib gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti