Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir S.Əhmədova/
Beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması istiqamətində öz səylərini əsirgəməyən və davamlı şəkildə fəaliyyət göstərən Azərbaycan Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının (TŞ) sədri qismində beynəlxalq səviyyədə ədalətin və beynəlxalq hüququn prinsiplərinin bərqərar olmasına öz mühüm töhfələrini verib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi ölkənin BMT TŞ-də sədrliyi ilə bağlı açıqlamasında bildirib.
Bu müddət ərzində etibarlı və qətiyyətli tərəfdaş kimi Azərbaycanın BMT TŞ və BMT-nin üzv dövlətləri, BMT Katibliyi, digər beynəlxalq təsisatlar və qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələri ilə sıx işbirliyi və əməkdaşlıq münasibətləri inkişaf etdirilib.
BMT TŞ-nin qeyri-daimi üzvü olan Azərbaycan 2013-cü ilin oktyabr ayında Şuranın sədri vəzifəsini həyata keçirib. Bu ilin oktyabr ayı qeyri-daimi üzv kimi Azərbaycanın BMT TŞ-də ikinci sədrlik dövrü olub və bu dövrdə Şuranın gündəliyi beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması ilə əlaqədar mühüm məsələləri əhatə edib.
2012-ci ilin may ayında keçirilmiş birinci sədrlik dövründə Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə "Sülh və təhlükəsizliyə terrorizmin doğurduğu təhdidlər" mövzusu çərçivəsində 2012-ci il mayın 4-də "Terrorizmlə mübarizə sahəsində öhdəliklərin yerinə yetirilməsi ilə bağlı beynəlxalq əməkdaşlığın gücləndirilməsi" mövzusunda yüksək səviyyəli iclas keçirilib.
Azərbaycanın 2013-cü ilin oktyabr ayından etibarən BMT TŞ-də başlayan ikinci sədrlik dövründə BMT tarixində ilk dəfə olaraq Azərbaycanın təşəbbüsü ilə oktyabrın 28-də "Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi" mövzusunda qurumun yüksək səviyyəli iclası keçirilib. İclasın məqsədi BMT və üzv dövlətlərinin sayına görə dünyada ikinci ən böyük hökumətlərarası təşkilat olan İƏT arasında beynəlxalq sülh və təhlükəsizliyin qorunması üzrə əməkdaşlığın hazırkı vəziyyətinin nəzərdən keçirilməsi və tərəfdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə dair mümkün birgə fəaliyyət üzrə müzakirələrin aparılması olub.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun sədrlik etdiyi iclasda BMT-nin baş katibi Pan Gi Mun və İƏT-in baş katibi Ekmələddin İhsanoğlu, habelə BMT TŞ-nin üzv dövlətlərinin yüksək səviyyəli nümayəndələri iştirak ediblər. Müzakirələr zamanı beynəlxalq səviyyədə aktuallıq kəsb edən bir sıra problemlərə, qlobal və regional proseslərə toxunulub və onların həlli yollarının axtarılmasında BMT-nin digər beynəlxalq təşkilatlar, o cümlədən İƏT ilə sıx əməkdaşlıq etməsinin əhəmiyyəti qeyd edilib.
İslam mədəniyyətinin bəşəriyyətə, elmə və təhsilə mühüm töhfələr verdiyi qeyd olunaraq, İslam dininə qarşı olan təhqir və hücum hallarına qarşı mübarizə aparmaq məqsədilə birgə səylərə və dialoqa ehtiyac duyulduğu və qlobal səviyyədə dini və mədəni müxtəlifliyə hörmət edilməsinin vacibliyi vurğulanıb.
Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etməsindən narahatlıq ifadə edilib və münaqişənin ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri və BMT TŞ-nin 822, 853, 874 və 884 saylı qətnamələri əsasında həll edilməsinə dair çağırışlar səslənib.
Yüksək səviyyəli görüşün yekun sənədi kimi qəbul edilmiş BMT TŞ-nin sədrinin bəyanatında BMT və İƏT arasında əməkdaşlığın hazırkı vəziyyəti alqışlanıb və onun gücləndirilməsinin vacibliyi qeyd edilib. Bəyanatda, həmçinin, münaqişələrin BMT Nizamnaməsi və BMT TŞ-nin qərarları əsasında həll edilməsinə dair hər iki təşkilatın eyni mövqedən çıxış etdiyi vurğulanıb.
BMT-nin baş katibi Pan Gi Mun bu çərçivədə işçi nahar müzakirələrində Keniya, Suriya və Somalidəki vəziyyət barəsində məruzələrlə çıxış edib.
Azərbaycanın sədrliyi dövründə digər mühüm tədbir kimi 3-9 oktyabr tarixlərində BMT TŞ-nin Afrikaya səfəri təşkil edilib. Məqsədi Afrikanın Böyük Göllər regionunda siyasi, təhlükəsizlik və humanitar vəziyyətlə tanış olmaq və müvafiq səviyyələrdə görüşlər keçirmək, habelə Afrika İttifaqının Sülh və Təhlükəsizlik Şurası ilə illik birgə müzakirələrin keçirilməsi olan bu səfər çərçivəsində BMT TŞ-nin üzvləri Konqo Demokratik Respublikası (KDR), Ruanda, Uqanda və Efiopiyada olublar. Oktyabrın 8-də Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində Afrika İttifaqının Sülh və Təhlükəsizlik Şurası ilə BMT Təhlükəsizlik Şurasının 7-ci illik birgə müşavirəsi baş tutub. Ekvatorial Qvineya və Azərbaycanın həmsədrlik etdiyi iclasda Böyük Göllər regionu, Sudan-Cənubi Sudan münasibətləri, Somali, Mərkəzi Afrika Respublikası və Sahel bölgəsində vəziyyət barədə müzakirələr aparılıb və yekunda Birgə kommünike qəbul edilib.
BMT TŞ-nin Yaxın Şərq, qadınlar, sülh və təhlükəsizlik və TŞ-nin iş metodları ilə bağlı üç açıq iclası, Suriyada kimyəvi silahlar məsələsi və humanitar vəziyyət, Sudan-Cənubi Sudan münasibətləri, Sudanın Darfur və Abyei bölgələri, Mali, KDR, Somali, Qərbi Səhra bölgəsi və Livanda vəziyyət və Fil Dişi Sahili üzrə Sanksiyalar Komitəsinin məruzəsi ilə bağlı çoxsaylı iclasları və qapalı məsləhətləşmələri keçirilib.
Oktyabrın 30-da Şuranın son bir il ərzində fəaliyyətini, o cümlədən keçirilmiş iclaslar, müzakirələr və qəbul edilmiş qərarları əks etdirən hesabatı qəbul edilib.
Afrika İttifaqının üzv dövlətlərinin müraciəti əsasında Azərbaycan oktyabrın 31-də təşkilatın İcraiyyə Şurasının Beynəlxalq Cinayət Məhkəməsi üzrə Əlaqələndirmə Qrupunu təmsil edən Efiopiya, Burundi, Mavritaniya, Uqanda, Seneqal, Namibiya və Keniyanın xarici işlər nazirləri və digər yüksək rəsmi şəxsləri ilə BMT TŞ-nin qeyri-rəsmi görüşünü təşkil edib.
Azərbaycanın TŞ-də sədrliyi müddətində dörd qətnamə qəbul edilib. Bunlar BMT-nin Haitidəki Sabitləşdirmə Missiyasının mandatının uzadılması ilə bağlı 2119 saylı, Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin mandatının uzadılması ilə bağlı 2120 saylı, Mərkəzi Afrika Respublikasındakı vəziyyətlə bağlı 2121 saylı və Şuranın oktyabrın 18-də "Qadınlar və sülh və təhlükəsizlik" mövzusunda keçirilmiş açıq iclasının yekununda qəbul edilmiş 2122 saylı qətnamələrdir.
BMT TŞ-nin sədrinin BMT və İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın gücləndirilməsi və Suriyada humanitar vəziyyətlə bağlı iki, Liviyanın paytaxtı Tripoli şəhərində 2 oktyabrda Rusiya səfirliyinə qarşı törədilmiş terror hücumu, Sudanın bəzi bölgələrində poliomielit xəstəliyinə qarşı peyvənd layihəsi, Sudanın Darfur bölgəsində Afrika İttifaqı və BMT-nin birgə əməliyyatı, BMT-nin Mali və KDR-dəki missiyalarında xidmət edən sülhməramlı əsgərlərinin qətlə yetirilməsi və Qvineyada keçirilmiş seçkilərlə əlaqədar altı bəyanatı qəbul edilib.
Oktyabrın 30-da Azərbaycanın BMT yanında Daimi nümayəndəliyi tərəfindən BMT TŞ və BMT-nin digər üzv dövlətləri, BMT Katibliyi, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə BMT TŞ-də sədrliyinin başa çatması münasibətilə rəsmi tədbir keçirilib.
Noyabr ayında BMT TŞ-də sədrlik Azərbaycandan Çinə keçib.