...

Viktor Yanukoviç: Azərbaycan və Ukrayna xalqlarının ənənəvi münasibətləri ikitərəfli münasibətlərin inkişafı üçün bünövrədir

Siyasət Materials 18 Noyabr 2013 23:01 (UTC +04:00)
Azərbaycan və Ukrayna xalqlarının ənənəvi münasibətləri bizim ikitərəfli münasibətlərin inkişafı üçün bünövrədir.
Viktor Yanukoviç: Azərbaycan və Ukrayna xalqlarının ənənəvi münasibətləri ikitərəfli münasibətlərin inkişafı üçün bünövrədir

Azərbaycan, Bakı, 18 noyabr /Trend/

Azərbaycan və Ukrayna xalqlarının ənənəvi münasibətləri bizim ikitərəfli münasibətlərin inkişafı üçün bünövrədir. Trend-in məlumatına görə, bunu Prezident Viktor Yanukoviç noyabrın 18-də Kiyevdə Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimindən sonra mətbuata bəyanatla çıxışında deyib.

V.Yanukoviç bildirib ki, şübhəsiz, Ukrayna və Azərbaycanın səmimi və konstruktiv dialoqu Kiyev ilə Bakı arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafına və dərinləşməsinə kömək edir: "Bu gün biz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev başda olmaqla Azərbaycanın ali nümayəndə heyətini növbəti dəfə qəbul edirik. Bizim görüşlərin keçdiyi ənənəvi qarşılıqlı anlaşma şəraitini qeyd etmək mənə xüsusilə xoşdur.

Ukrayna və Azərbaycan Respublikası Prezidentləri Şurasının bugünkü növbəti, dördüncü iclasında biz bundan əvvəlki iclasdan sonrakı dövrdə görülmüş işlərə yekun vurduq, praktiki olaraq bütün mühüm istiqamətlər üzrə gələcək ikitərəfli əməkdaşlıq planlarını hərtərəfli müzakirə etdik. Bizim siyasi dialoqun inkişafı və dinamikası barədə Azərbaycan Prezidenti ilə fikirlərimiz və baxışlarımız eynidir. Biz hesab edirik ki, Ukrayna-Azərbaycan Birgə Hökumətlərarası Komissiyasının doqquzuncu və onuncu iclasları arasında keçən dövrdə biz ticari-iqtisadi münasibətləri xeyli yaxşılaşdırmışıq. Bu gün biz öz hökumətlərimizə qəti mesaj veririk ki, qazanılmış nailiyyətlərlə əsla kifayətlənmək olmaz. Biz münasibətlərimizi təkmilləşdirməkdə davam etməliyik. Biz bir sıra layihələri birlikdə həyata keçirmək niyyətindəyik. Əlbəttə, münasibətlərimizi, xüsusən ticari-iqtisadi münasibətlərimizi uzunmüddətli planlaşdırmaya keçməliyik".

Ukrayna Prezidenti hesab edir ki, məsələyə məhz bu cür yanaşma strateji tərəfdaşlığın maksimum konkret məzmun kəsb etməsinə şərait yaradacaqdır: "Ukrayna enerji daşıyıcılarının nəql edilməsi üçün etibarlı tranzit ölkə, Azərbaycan isə onların etibarlı təchizatçısı kimi çıxış edir. Energetika sahəsində qarşılıqlı fəaliyyət prioritet məsələlərdən biridir və ölkələrimiz karbohidrogenlərin Avropa istiqamətində nəql edilməsi məsələlərində öz səylərini birləşdirmək üçün hər cür imkana malikdirlər. Bu və digər məsələlərdə qarşılıqlı fəaliyyət dövlətlərimizin Qara dəniz-Xəzər regionunda mövqelərinin möhkəmlənməsinə kömək edəcəkdir. Biz həm də genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi sahəsində iki dövlət qarşısında yaranan imkanları müzakirə edirik.

İlham Heydər oğlu ilə birlikdə qlobal və regional gündəlikdə duran aktual məsələlərin əksəriyyəti barədə Kiyevin və Bakının yanaşmalarının üst-üstə düşməsini məmnuniyyətlə qeyd etmişik. Ölkələrimiz beynəlxalq təşkilatlar - BMT, habelə bu il Ukraynanın sədrlik etdiyi ATƏT çərçivəsində konstruktiv qarşılıqlı fəaliyyət göstərir. Bundan əlavə, Azərbaycan Prezidentinin bu səfərinin yekunlarına əsasən xarici siyasət, kənd təsərrüfatı, mədəni-humanitar sahələrdə ikitərəfli sazişlər imzalanmışdır. Sözsüz ki, bugünkü yüksək səviyyəli ikitərəfli danışıqlar çərçivəsində qəbul edilmiş qərarlar Ukrayna-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin dərinləşməsinə səmərəli şərait yaradacaqdır.

Əlbəttə, bu gün məmnuniyyətlə qeyd edirik ki, Azərbaycan Prezidenti özünün ilk dövlət səfərini Ukraynaya etmişdir. Biz İlham Heydər oğlunu seçkilərdə layiqli qələbəsi və növbəti müddətə Prezident seçilməsi münasibətilə təbrik edirik. Bu, sabitlik əlaməti, Azərbaycan xalqının öz liderinə ən yüksək etimadının əlamətidir. Əlbəttə, Ukrayna-Azərbaycan münasibətlərinin ənənələrinə görə biz bu münasibətləri daim təkmilləşdirməyə, ticari-iqtisadi, humanitar və başqa sahələrdə yeni nailiyyətlər qazanmağa borcluyuq".

Xəbər lenti

Xəbər lenti