...

Prezident İlham Əliyev: Son bir neçə ildə Belarus-Azərbaycan münasibətləri möhkəmlənib, çox yüksək səviyyəyə çatıb

Siyasət Materials 21 Noyabr 2013 19:36 (UTC +04:00)
Noyabrın 21-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Prezident İlham Əliyev: Son bir neçə ildə Belarus-Azərbaycan münasibətləri möhkəmlənib, çox yüksək səviyyəyə çatıb

Azərbaycan, Bakı, 21 notyabr /Trend/

Noyabrın 21-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Prezident İlham Əliyev qonaqları salamlayaraq dedi:

"Əminəm ki, bu səfərin çox yaxşı nəticələri olacaqdır. Biz ikitərəfli münasibətlərə aid məsələləri sizinlə hələ dünən müzakirə etməyə başladıq. Bu gün müzakirələri davam etdirdik, indi nümayəndə heyətlərinin iştirakı ilə işimizi davam etdirəcəyik. Biz ikitərəfli münasibətlərimizi çox yüksək qiymətləndiririk. Çox ümid edirik ki, həmin münasibətlər bundan sonra da fəal inkişaf edəcək və dərinləşəcəkdir. Artıq bir neçə dəfə yüksək səviyyədə qarşılıqlı rəsmi səfərlərimiz olub. Qarşılıqlı siyasi əlaqələrimiz, siyasi məsləhətləşmələrimiz çox fəaldır".

İlham Əliyev bildirib ki, son bir neçə ildə Belarus-Azərbaycan münasibətləri möhkəmlənib, çox yüksək səviyyəyə çatıb: "Biz iqtisadi əlaqələrdə, sənaye istehsalı sahəsində, humanitar sahədə, energetika sahəsində yaxşı nəticələr əldə etmişik. Lakin ən başlıcası, son illərdə fəal qarşılıqlı əlaqələr bizi bir-birimizə o dərəcədə yaxınlaşdırmışdır ki, artıq nəinki regionda, həm də bütün dünyada Belarus və Azərbaycanı çox yaxın, dost ölkələr hesab edirlər.
Bizim münasibətlərimizin əsasını səmimiyyət, qarşılıqlı hörmət, qarşılıqlı dəstək təşkil edir. Biz bu baza üzərində sanballı münasibətlər qurmuşuq. Bu gün bizim müəssisələr arasında əlaqələr genişlənir, investisiya layihələri, sənaye istehsalı ilə bağlı layihələr həyata keçirilir, təcrübə mübadiləsi aparılır. Başqa sözlə desək, bizim münasibətlərimiz tamdəyərli xarakter daşıyır. Əlbəttə, Belarus Prezidentinin Azərbaycana səfəri bu münasibətlərə yeni təkan verəcəkdir. Bu gün imzalayacağımız sənədlər də daha fəal əməkdaşlığımıza, bir-birimizi dəstəkləməyə, bir-birimizə kömək etməyə və birgə işləməyə kömək edəcəkdir".

Görüşdə çıxış edən Belarus Prezidenti Aleksandr Lukaşenko dedi:

"Hörmətli İlham Heydər oğlu, mən ilk növbədə dövlətlərimiz arasında yaranan, bizim səfərlərimizdən başqa vaxtlarda da özünü göstərən səmimiyyətə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Bu, təbiidir. Yəqin ki, bu, ümumiyyətlə, Sizin xalqın milli xarakterinə və bu xalqın bir hissəsi kimi Sizə də xas olan cəhətdir. Bizim nümayəndə heyətini, məni və ümumiyyətlə, Azərbaycanda belarusları həmişə səmimiyyətlə qəbul etdiyinizə görə sağ olun. Güman edirəm ki, bizim ölkədə Sizin xalqın, Sizin millətin nümayəndələrinə münasibət mənasında Sizin də bizə qarşı heç bir narazılığınız yoxdur və ola da bilməz. Buna görə çox sağ olun.
Siz düzgün dediniz ki, bizim iki ölkə arasında, ümumiyyətlə, istər siyasətdə, istərsə də diplomatiyada heç bir problem yoxdur. Biz beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik. Siz bizi həmişə dəstəkləmisiniz və dəstəkləyirsiniz. Biz də sizi həmişə dəstəkləmişik və dəstəkləyirik. Ticari-iqtisadi sahədə, iqtisadiyyatda da çox sanballı dinamika yaranmışdır. 2006-2012-ci illərdə ticari-iqtisadi əlaqələrimizin genişlənməsinin göstəricisi olan əmtəə dövriyyəsi meyarı altı dəfə artmışdır. Bu, çox sanballı göstəricidir. Lakin əmtəə dövriyyəsinin mütləq həcminin 300 milyon dollar təşkil etməsi qaneedici deyildir. Bizim imkanlarımız daha çoxdur. Allaha şükür, bizim bu həcmi artırmağa imkanımız vardır. Bu problemi Sizinlə indicə müzakirə etdik - bu həcmi burada təkcə yığma əməliyyatları ilə məhdudlaşmayan istehsalatlar yaradılması hesabına artırmağa imkanımız vardır. Bu istehsalatlardan bəzilərinin lokallaşma dərəcəsi 40-60 faiz həcmindədir. Bu artıq müştərək istehsalat deməkdir. Əlbəttə, bizim sizinlə bərabər Azərbaycan torpağında istehsal edə biləcəyimiz məhsullar Azərbaycana sığmaz. Biz bu barədə danışdıq. Mən Prezidentdən xahiş etdim ki, onun beynəlxalq aləmdə nüfuzundan istifadə edərək biz üçüncü ölkələrdə birlikdə ticarətlə məşğul olaq. Bu, çox vacibdir. Biz beynəlxalq bazarlara fəal daxil olmalı və birgə istehsalatların məhsullarını birlikdə sataraq bu hesaba müvafiq mənfəət əldə etməliyik.
İlham Heydər oğlu, bizim mütəxəssislər hökumətlərarası komissiya çərçivəsində sənaye kooperasiyası üzrə işçi qrupu yaradılması barədə fikirləşməyi təklif edirlər. Təkbətək söhbətimizdə Siz bu barədə çox danışmısınız".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti